“Elələri var ki, 3-4 mənzili birdən alırlar…”
Qərbin Rusiyaya qarşı sanksiyalarından sonra zəngin ruslar kütləvi şəkildə Dubay və İstanbulun əmlak bazarına üz tutub. Əmlak şirkətlərinin məlumatına görə, son 10 gündür həm yatırım, həm də Türkiyədə yaşamaq icazəsi almaq üçün edilən müraciətlərin sayı dəfələrlə artıb.
“Golden Sign” əmlak şirkətinin həmtəsisçisi Gül Gül bildirib ki, ruslar narahatdılar, pullarının təhlükəsizliyi üçün Türkiyədə əmlak alırlar.
Şirkətin İstanbulda 5-6 satış ofisi xidmət göstərir. Xüsusilə son 10 gündə müraciət edən hər 10 müştəridən 7-si ruslardır. “Son bir həftədir əmlak bazarında indiyədək görünməmiş canlanma müşahidə edilir, satış artıb. Ruslara bir gündə 7-8 əmlak satırıq. Bu doğrudan da böyük rəqəmdir”, – Gül Gül bildirib.
Əmlak üçün müraciətlər 10 dəfə artıb
“Reuters” xəbər verir ki, Dubayda fəaliyyət göstərən “Modern Living” əmlak şirkətinin rəhbər işçilərindən biri Tiaqo Kaldas rus müştərilərindən gələn müraciətlərin 10 dəfə artdığını bildirib. Müraciətlərin artması səbəbindən şirkət işçilərin sayını artırıb. Rusca bilən daha 3 nəfər əməkdaşlığa cəlb edilib.
Rusiyanın qlobal bank sistemi SWIFT-dən çıxarılması ilə yanaşı bir çox rus iş adamına, xüsusilə də Putinə yaxınlığı ilə tanınan oliqarxlara qarşı sanksiyalar tətbiq edilib. Türkiyə və Birləşmiş Ərəb Əmirliyi Rusiyanın Ukraynaya hücumunu tənqid etməklə yanaşı Moskva ilə bir çox sahədə əməkdaşlığı davam etdirir. Hər iki ölkə zəngin rus vətəndaşları üçün təhlükəsiz sığınacağa çevrilib.
“Pullarını Rusiyadan çıxarmaq və vətəndaşlıq almaq istəyirlər”
Gül bildirib ki, rus müştəriləri oliqarxlar olmasa da, kifayət qədər zəngindilər. Aralarında 3-5 mənzil alanlar var. Rusiyada vəziyyətin daha da pisləşəcəyi qorxusu ilə pullarını ölkələrindən çıxarmağa çalışırlar. Əksəriyyət Türkiyədə vətəndaşlıq almaq niyyətindədir.
“Alanlar pullarını nağd ödəyirlər. Türkiyədə banklarda hesab açırlar, yaxud qızıl olaraq gətirirlər. Gələrkən özləri ilə küllü miqdarda pul gətirə bilməyənlər müxtəlif vasitələrdən istifadə edirlər, pullarını Türkiyəyə daşımaq üçün hansısa bir variant tapırlar”, – əmlakçı deyib.
Ruslar Türkiyədən bir neçə gündə 500-dən çox mənzil alıblar
Son bir ayda ruslar tərəfindən alınan mənzillərin sayı 509-a çatıb. Ötən il isə Türkiyədə mənzil alan əcnəbilər arasında 5 min 379 mənzil ilə İran və İraq vətəndaşları birinci yerdə idi
Əsasən əcnəbilər üçün mənzil layihələrinin hazırlanması ilə məşğul olan Babacan Holdinqin İdarə Heyətinin sədri İbrahim Babacan bildirib ki, xüsusilə Yaxın Şərqdən gələn müştərilərin sifarişləri üzərində çalışarkən birdən-birə rus müştərilərinin kütləvi axını ilə qarşılaşıblar. 250 min dollardan artıq yatırım etməklə vətəndaşlıq almaq istəyənlər çoxdur.
“Əvvəllər Antalya başda olmaqla turizm şəhərlərində yaşamaq və ya səyahət etmək məqsədilə gələnlər olurdu. İndi isə pullarını təminat altına almaq üçün İstanbulda əmlak alırlar”, – sədr danışıb.
“Reuters”in əlaqə saxladığı rus yatırımçıları isə onlar üçün həssas mövzu olduğunu əsas gətirərək açıqlama vermək istəməyiblər.
250 min dollara vətəndaşlıq
Həm Türkiyə, həm də Birləşmiş Ərəb Əmirliklərində əmlak sahibi olanlara yaşamaq üçün icazələr verilir. Türkiyədə 250 min dollar dəyərində əmlak alan əcnəbilər isə türk pasportu əldə edə bilirlər. Dubayda daha ucuz məbləğdə əmlakı olanlara 3 illik yaşamaq icazəsi verilir. Uzun müddətli yaşamaq icazəsi üçün dəyəri 750 min dirhəm (205 min dollar) olan mənzillərə təlabat artıb. Əmlakçılar bildirirlər ki, Dubaydakı Palm Jumeirah kimi süni adalardakı daha bahalı və dəbdəbəli mənzillərə 6 milyon dirhəm ödəyəcək müştərilər də tapa bilirlər.
Xaricdə əmlak satın alan rus müştərilərə xidmət göstərən Moskva və Berlində yerləşən vasitəçi əmlak şirkətlərinin nümayəndələri bildiriblər ki, ruslar həm pullarını qorumaq, həm də müvəqqəti yaşamaq üçün Birləşmiş Ərəb Əmirliklərindən yaşamaq vizası əldə etmək fürsətini qaçırmaq istəmirlər. Bu ilin ilk 3 ayında Dubayda mənzil almaq istəyənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox artıb.
Bəzi şirkətlər isə müraciətlərin təqdim edildiyindən daha artıq olduğunu bildiriblər.
“Modern Living” əmlak şirkətindən Tiaqo Kaldas qeyd edib ki, Ukraynaya hücumdan sonra bölgədə kampaniyaya başlayıblar, onlarla əlaqə yaradan zəngin rusların sayı indi təqdim edilən rəqəmlərdən 10 dəfə daha çox olub. Müharibədən bir qədər əvvəl pullarını Rusiyadan çıxaranların sayı da az deyil.
Nəğd və kripto pul
BƏƏ-də yerləşən “Royal Home Real Estate”də əmlakçı kimi işləyən Elena Timçenko bildirib ki, Dubayda bank hesabı olan ruslar üçün ödəmələr nisbətən asandır. Digərləri yatırım üçün dostlarından, tanışlarında yardım istəyirlər, bəziləri ölkədən pul çıxarılması üçün bütün güclərini səfərbər edirlər. Timçenko Körfəz ölkəsinə vəsait gətirməyin çətinliyini də vurğulayıb.
Türkiyəyə yeni gələn rusların əksəriyyəti də sanksiyaları pozmağa ehtiyat edən banklara vəsait köçürməkdə çətinlik çəkirlər. Rusların Visa və Mastercard-dan çıxarılması da bir yandan çətinlik yaradır.
Yeri gəlmişkən, BƏƏ ötən il maliyyə vəsaitlərinin qanunsuz köçürülmələrinin qarşısını almaq məqsədilə şübhəli prosedurları sərtləşdirmək üçün banklara yeni təlimatlar göndərib. Lakin BƏƏ-dəki bir bankın yüksək vəzifəli əməkdaşı bildirib ki, onun bankı əvvəlki kimi müştərilərə eyni yoxlamalar aparır və mərkəzi bankdan yeni bir göstəriş gəlməyib.
Digər tərəfdən, İbrahim Babacan da rus müştərilərinin banklar vasitəsilə ödəmələr etdiyini, bununla bağlı problemlərlə qarşılaşmadığını deyib.
Daşınmaz əmlak məsləhətçisi Aleks Cihanoğlunun sözlərinə görə, hazırda sanksiyalar maliyyə köçürmələrini çətinləşdirdiyindən ruslar nağd pul və kriptovalyutalarından istifadə edirlər. Kriptovalyutalar xüsusən də hazırda bu bazar üçün qarşılaşdıqları çətinliklərə qarşı çıxmaq üçün istifadə edilən kanaldır./virtualaz.org