Bakının tələbi budur: rus ordusu bunu etməsə… – Markov
Azərbaycan 10 noyabr 2020-ci il tarixli bəyannamənin iki mühüm müddəasının Ermənistan tərəfindən yerinə yetirilməməsindən bir ildən artıqdır ki, narazıdır. Birincisi, bəyannamənin 4-cü bəndi yerinə yetirilməyib, erməni hərbi birləşmələrinin Qarabağdan çıxarılması həyata keçirilməyib; ikincisi, nəqliyyat kommunikasiyalarının bərpası üçün heç bir şey edilmir. Zəngəzur dəhlizi Azərbaycan üçün xüsusilə vacibdir, çünki bu dəhliz ölkənin Naxçıvanla, eləcə də Türkiyə ilə əlaqəsini asanlaşdıracaq. Ermənistan isə bu nəqliyyat dəhlizinin açılması üçün heç nə etmir.
Bu fikirlərlə rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov bölüşüb.
“Ermənistan nəinki qoşunlarını Qarabağdan çıxarmadı, hətta bu yaxınlarda oraya əlavə qoşun yeritdi və Fərrux kəndi üzərində strateji əhəmiyyətli hündürlükdə əlavə hərbi istehkamlar qurmağa başladı. Bu yüksəklik məhz indi Azərbaycan üçün çox əhəmiyyətlidir, çünki oradan Ağdam şəhərinə nəzarət etmək mümkündür. İndi isə Azərbaycan Ağdamın bərpasına külli miqdarda sərmayə qoymağı planlaşdırır. O cümlədən, beynəlxalq investisiyalar da cəlb olunacaq. Aydındır ki, əgər Ağdam şəhərinə düşmən dövlətin silahları tuşlanarsa, bu proses çox riskli keçəcək.
Azərbaycan da Rusiya sülhməramlıları vasitəsilə ermənilərdən strateji yüksəklikdə yeni hərbi istehkamların tikilməməsini tələb edib. Və bəyannamədə göstərildiyi kimi, qoşunları çıxarmasını istəyib. Amma Azərbaycanın heç bir tələbi yerinə yetirilmədi. O zaman əraziyə qoşun yeridildi. Qeyd edim ki, həmin ərazinin sahəsi 57 kvadrat kilometrə bərabərdir.
Daha sonra Rusiya narazılığını bildirdi, Azərbaycan qismən qoşunlarını geri çəkdi. Lakin strateji yüksəklik Azərbaycanda qaldı.
Hazırda intensiv danışıqlar gedir. Rusiya daha bir münaqişə istəmir. Lakin bəyannamənin yerinə yetirilməsini tələb edən Azərbaycan da geri çəkilmir. Ermənistan Qarabağı əlində saxlamaq istədiyini gizlətmir və bunun üçün məhz Rusiya sülhməramlılarından maksimum dərəcədə istifadə etməyi planlaşdırır. Buna görə də İrəvan Azərbaycan Ordusu ilə Rusiya sülhməramlıları arasında münaqişə yaratmaq niyyətindədir”, – o qeyd edib.
Bundan əlavə, rusiyalı ekspert hadisələrin gedişatı ilə bağlı proqnoz verib:
“Azərbaycan strateji yüksəkliyi əlində saxlayacaq. Erməni hərbçilərinin tam olaraq Qarabağı tərk etməsini, nəqliyyat dəhlizlərinin açılmasını tələb edəcək. Əgər Ermənistan bunu etməsə, Azərbaycan 3 ildən sonra sülhməramlıların müqaviləsini uzatmayacaq. Rusiya sülhməramlıları ərazidən çıxdıqdan sonra isə Bakı hərbi yolla Qarabağ üzərində tam nəzarəti özünə qaytaracaq”.