Rusiya Qarabağda nəyi razılaşdırmalıdır? – Bakı Moskvaya izah etdi ki…
“Azərbaycan Silahlı Qüvvələri çox önəmli Fərrux strateji yüksəklik üzərində nəzarəti əldə etdi və bu yüksəkliyin həqiqətən də çox böyük əhəmiyyəti var”.
Bunu açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, Azərbaycan öz ərazilərində baş verən hadisələrə tam nəzarət edir:
“Birinci Qarabağ müharibəsində bizim çox qeyrətli qardaşlarımız bu yüksəklik uğrunda şəhid olmuşdular. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları artıq bu yüksəkliyə nəzarət edirlər, üçrəngli bayrağımız Fərrux yüksəkliyində dalğalanır. Bu, çox qürurverici və eyni zamanda Azərbaycan ordusunun qüdrətini göstərən bir amildir. Bu baxımdan Rusiya Müdafiə Nazirliyinin press-relizində olan qərəzli münasibət də çox böyük diqqət çəkir. Bu baxımdan Azərbaycan öz siyasi iradəsini, qətiyyətini də göstərməli oldu.
Moskvada imzalanan 22 fevral müttəfiqliyin qarşılıqlı fəaliyyəti ilə bağlı bəyannamənin xüsusilə vurğulanması da Azərbaycan diplomatiyasının məharətindən xəbər verir. Çünki ikitərəfli müttəfiqliyin qarşılıqlı fəaliyyəti bəyannaməsində xüsusilə vurğulanır ki, dövlətlər bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdırlar, eyni zamanda sərhədlərin toxunulmazlığı və suverenlik məsələsi burada xüsusi qabardılır. Bu baxımdan məhz müttəfiqlik münasibətlərinə xələl gətirməmək kontekstində əlaqələrin qurulmasına çox böyük ehtiyac vardı. Azərbaycan tərəfinin bu məsələni vurğulaması çox doğru bir qərardır və hazırki durumda da Bakı ilə Moskva arasında münasibətlərin məhz bu konteksdə davam etdirilməsi öz aktuallığını qoruyur.
Qarabağda strateji yüksəkliklər və eləcə də həyati əhəmiyyət kəsb edən məsələlərdə Azərbaycanın həlledici mövqeyi sezilir. Bir müddət öncə qaz təchizatı ilə bağlı yaranmış problemdə də Azərbaycan göstərdi ki, burada müxtəlif problemlərin, neqativ halların, xoşagəlməz hadisələrin baş verməsində də Azərbaycan həlledici rola malikdir və Azərbaycan öz ərazilərində baş verən hadisələrə tam nəzarət edir və bu münasibətlər sisteminin formalaşdırılması mühüm əhəmiyyət kəsb edir.
Məhz Azərbaycanın hadisələri diqtə etməsi, yaranan problemlərdən çıxış yollarının tapılması və bütün qonşularla bərabərhüquqlu münasibətlərin beynəlxalq hüquqa söykənən fundamental norma və prinsipləri özündə əks etdirən əlaqələrə üstünlük verməsi də xüsusilə diqqət çəkir. Azərbaycanın son dönəmlərdə sərgilədiyi mövqe dövlətmizin qüdrətini və siyasi məharətini nümayiş etdirir. Siyasi üstünlüklə, siyasi manevr etmək qabiliyyəti ilə ordunun birlikdə paralel fəaliyyəti uğurlarımızı şərtləndirir”./milli.az