Quru sərhədlər açılmalı, COVID pasportu, PCR testlər ləğv olunmalıdır – Millət vəkili

“2022-ci ilin ilk 2 ayında ölkəmizə 138 ölkədən 150,4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çox turist gəlib. Sözügedən müddətdə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayında da artım müşahidə olunub. Xaricə gedənlərin sayı 3,0 dəfə artaraq 184,2 minə çatıb”.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Son günlər koronavirusa yoluxma hallarının kəskin azaldığını xatırladan deputat, bunun sevindirici hal olduğunu söyləyib. Onun fikrincə, hazırkı durumda quru sərhədlərinin açılması məsələsinə baxmaq olar:
“Sevindirici haldır ki, son günlər virusa yoluxanların sayı kəskin azalıb. Dünən cəmi 21 yeni yoxulma qeydə alınıb. Aktiv xəstələrin sayı cəmi 538 nəfərdir. Etiraf etmək lazımdır ki, ölkəmizdə intensiv peyvəndləşmə COVID-19 virusunun lokallaşdırılmasında xüsusi rol oynadı. Digər ölkələrin də təcrübəsi göstərir ki, uğurlu vaksinasiya aparan dövlətlərdə yoxulma sayını optimallaşdırmaq mümkün olub. Azərbaycanda vurulan ümumi vaksinlərin sayı isə 13 milyon 382 mindən çoxdur.
Artıq əksər aparıcı ölkələr, hətta COVID-19 məsələsində kifayət qədər mühafizəkar mövqe tutan Yeni Zelandiya və Avstraliya kimi dövlətlər də yumşaldılma mərhələsinə qədəm qoyurlar. Azərbaycanda yoluxma sayının azalması kontekstində mövcud əlverişli vəziyyəti və qlobal yumşalmanı nəzərə alsaq mərhələli şəkildə quru sərhədlərin açılması məsələsinə baxılması və ölkəyə gəliş-gediş zamanı peyvənd pasportu olduğu halda PCR analiz tələbinin aradan qaldırılması məqsədəuyğun olardı. Peyvəndləşmə uğurla aparıldığı üçün qapalı yerlərdə vaksin sertifikatı tələbinin də aradan qaldırılması məqəsədəuyğndur. İndi bəzi ölkələr turistlərdən PCR analizi daha tələb etmirlər”.
V.Bayramov vurğulayıb ki, artıq yeni turizm mövsümü başlamaqdadır:
“Qeyd edək ki, 2019-cu ilə ölkəyə 3.2 milyon turist gəlmişdisə, 2021-ci ildə pandemiya səbəbindən bu rəqəm 791,8 minədək azaldı. Bu baxımdan, quru sərhədlərinin mərhələli açılışı, PCR test tələbinin götürülməsi ölkəyə gələn turistlərinin sayının kəskin artmasına səbəb ola bilər. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor, həmçinin məşğulluğa da xüsusi töhfə verir. Bu baxımdan, əksər Qərb ölkələrində olduğu kimi Azərbaycanda da xüsusi karantin qaydalarının daha da yumşaldılması turizm daxil olmaqla bir sıra sektorlar üçün əlavə imkanlar yarada bilər”./bakupost.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password