Boris Xetaqurov: “Zabelin Milli Məclisdən geri çağırılmalıdır”

 

“Mixail Zabelinin imzaladığı bəyanatda yer alan fikirlərlə ötən gün tanış oldum və çox pis qəbul etdim. Necə ola bilər ki, belə danışasan?!”

Bunu  açıqlamasında futbol üzrə Azərbaycan milli komandasının sabiq həkimi Boris Xetaqurov Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelinin Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə haqq qazandıran bəyanatına münasibət bildirərkən deyib.

Tanınmış mütəxəssis deputatın dediklərindən hiddətləndiyini bildirib:

“Birincisi, ümumiyyətlə, bu mövqedə olan bir icma Azərbaycanda niyə fəaliyyət göstərir? Bu icma, əksinə, Azərbaycan xalqını, dövlətimizin, Prezidentimizin apardığı siyasətini dəstəkləməlidir. Digər tərəfdən, o, Milli Məclisin deputatıdır. Onun Rusiyaya haqq qazandırması ilə qətiyyən razı deyiləm. Hazırda Ukraynanın işğalı aparılır”.

Onun fikrincə, Zabelinin Milli Məclisə namizədliyini irəli sürənlər və deputat seçənlər yığışmalı, ondan izahat tələb etməlidirlər:

“Çünki o, bütün rusları zərbə altında qoyur. Onlar rus deyillər, Azərbaycan vətəndaşlarıdırlar. Mən Rusiyadan gələrək, Azərbaycanda müvəqqəti yaşayanları rus hesab edirəm. Azərbaycan vətəndaşı olan ruslar Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin siyasətini tam dəstəkləyirlər. Zabelin isə Azərbaycan dövləti və onun Prezidentinin mövqeyinin əleyhinə addım atır. Ona görə də seçicilər Zabelindən izahat tələb etməli, belə müraciətə imza atıbsa, Milli Məclisdən geri çağırılması üçün müraciət etməlidirlər. Belə praktikalar olur”.

Əslən Rusiya Federasiyasının Şimali Osetiya Respublikasından olan Xetaqurovun sözlərinə görə, bu, işğalçılıq müharibəsidir. O, Azərbaycanda hər kəsin Ukraynanın tərəfində olduğunu vurğulayıb:

“Rusiya müstəqil dövlətlə döyüşür. Buna haqq qazandırmaq mümkün deyil. Rusiya niyə belə edir? Azərbaycan xalqı olaraq, hamımız Ukraynanın, haqq-ədalətin tərəfindəyik. Biz bunları Ermənistan Azərbaycana xaincəsinə hücum edəndə, torpaqlarımızı işğala məruz qoyanda hiss etmişdik. Xalqımızın, Ali Baş Komandanımız İlham Əliyevin sayəsində azadlıq müharibəsi apardıq, torpaqlarımızı işğalçılardan azad etdik. Mən tam olaraq, Ukraynanın tərəfindəyəm. Çünki Ukrayna da azadlıq savaşı aparır, başqa ölkələri işğal etmir. Əlbəttə, bu, sivilizasiya dövründə zəmanəmizin faciəsidir. İnternet oxuyur, dostlarımla, veteran futbolçularla, idman ictimaiyyətinin nümayəndələri ilə ünsiyyətdə oluram. Hamısı Ukraynanın, qardaş xalqın tərəfindədir”.

Məşhur idman həkimi Ukraynanın 44 günlük Vətən müharibəsində Azərbaycanı dəstəklədiyini də xatırladıb:

“Onlar bizi həm mənəvi cəhətdən dəstəkləyir, həm də qələbəmizə sevinirdilər. Bütün tədbirlərdə, forumlarda tamamilə bizim tərəfimizdə idilər. Əlbəttə, istərdim ki, müharibə tezliklə başa çatsın. Çünki hər iki tərəfdən gənclər ölür, analar gözüyaşlı qalırlar. Televiziyaya baxırsan, elə dəhşətli kadrlar göstərirlər ki… Şəhərləri dağıdır, bombalayırlar. Dinc sakinlər ölürlər. Kiyevdə əslən bakılı sinif yoldaşım, yaxın dostum yaşayır. Onun da adı Borisdir. Demək olar ki, hər gün yazışırıq. Elə dəhşətli hadisələrdən danışır ki… Deyir ki, hər gün 10-20 dəfə hava həyəcanı verilir, şəhər ətrafı bombalanır”.

Xetaqurov Cənubi Osetiyanın da Rusiya işğalına məruz qaldığını diqqətə çatdırıb:

“Özüm 1940-cı ildə Bakıda doğulmuşam. Atam Şimali Osetiyada səhiyyə komissarı (indiki səhiyyə naziri) vəzifəsində çalışıb. Onu 1924-cü ildə Bakıya dəvət ediblər və Azərbaycan Xalq komissarının müavini vəzifəsinə təyin ediblər. Atam, anam, bütün əzizlərim burada dəfn olunub. Cənubi Osetiya isə Gürcüstanın tərkibində olsa da, 2008-ci ildə Rusiya namərdcəsinə soxularaq, oranı və Abxaziyanı işğal edib”.

Qeyd edək ki, M.Zabelin Milli Məclisdə 34 saylı Xətai ikinci seçki dairəsinin seçicilərini təmsil edir./report.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password