Bu görüş İlham Əliyevin gənclərə olan diqqət və qayğısının növbəti göstəricisidir

 

Respublikamızda həyata keçirilən dövlət gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, onların cəmiyyət həyatında fəal iştirakını təmin etməkdədir. Bu siyasət çox geniş bir spektri-gənclərin təhsil, tərbiyəsi, sağlamlığı, intelektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Azərbaycan gəncliyi ictimai bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Müasir dövrdə gənclər siyasəti sahəsində qazanılan nailiyyətlər hər bir dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi siyasipotensialını müəyyənləşdirən əsas meyarlardandır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.Artıq Avropanın gənclər təşkilatları Azərbaycanın dünyada nümunə olan gənclər siyasətindəki təcrübəsini öyrənir və tətbiq edir.Bu, dövlətimizin gənclər siyasətinin qələbəsidir.
Prezident İlham Əliyevin Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçıları ilə cari ilin 17 mart tarixli görüşündə səsləndirdiyi bu fikirlər gənclərimizin gələcək fəaliyyəti üçün yol xəritəsidir. Dövlət başçısının fikirləri həm də milli vəzifələr baxımından strateji əhəmiyyətli çağırışdır.

Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar. Azərbaycan idmançıları yarışda 16 medal qazandı, onlardan 7-si qızıl medaldır. Komanda hesabında ölkəmizin komandası birinci yerə layiq görülmüşdür;

Azərbaycanda idman uğurla inkişaf edir. Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər;

Avropada birinci olmaq böyük nailiyyətdir. Ölkənin dövlət himni yeddi dəfə səsləndirildi. Həm idmançılar, həm idman mütəxəssisləri, bütün Azərbaycan vətəndaşları bu qələbəni böyük qürur hissi ilə qarşılayıblar;

Güləş Azərbaycanda idmanın bütün növləri arasında xüsusi yerə malikdir. Güləş milli idman növüdür. Bütün dövrlərdə güclü güləşçilərimiz olubdur həm sovet dövründə və xüsusilə müstəqillik dövründə. Güləşçilərimiz Azərbaycanı müxtəlif yarışlarda ləyaqətlə təmsil ediblər;

Güləşin ənənələri Azərbaycanda kifayət qədər güclüdür və gənc nəsil bu ənənələri davam etdirir. Nəsildən-nəslə keçən bu təcrübə, bilik, səriştə Azərbaycanı bundan sonra da dünya miqyasında aparıcı güləş ölkələrindən birinə çevirəcəkdir. Yarışda iştirak etmiş 34 Avropa ölkəsi arasında Azərbaycan birinci yerdədir;

İdmançılara şərait yaradılmalı və onlardan nəticəni gözləməliyik. Bu iki əsas amil böyük uğurlarımızın əsasını təşkil edir. Güləş Federasiyası Gənclər və İdman Nazirliyi ilə, məşqçilərlə birlikdə düzgün addımların atılmasına nail olacaq;

Bizim idmançılar uzun illərdir Azərbaycanı dünyada təbliğ edirlər. İdman Azərbaycanın dövlət siyasətidir və idman hər bir ölkənin qüdrətini əks etdirir. Beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında ölkələrin reytinqlərinə nəzər salsaq görərik ki, adətən inkişaf etmiş ölkələrin nümayəndələri daha böyük uğurlar qazanırlar;

Ölkəmizin Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsi ilə sıx əlaqələri var. Səmərəli əlaqələrin mövcudluğu Azərbaycanda idman siyasətinin düzgün aparılmasında kömək göstərir;

Ölkəmizdə idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək prioritet vəzifədir. Azərbaycanın hər bölgəsində müasir olimpiya idman kompleksləri var. 50-yə yaxın belə kompleks artıq inşa edilib və onlardan səmərəli şəkildə istifadə olunmalıdır. Seleksiya işi çox düzgün aparılmalıdır. Bölgələrdə istedadlı uşaqlar var, onları düzgün seçmək və idmana, idman bölmələrinə cəlb etmək lazımdır;

Xalqımızın və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır. Gənclərdə vətənpərvərlik hissləri daim yüksək olmalıdır. Vətənpərvərlik hissləri, Vətənə olan sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynadı. Qələbəmizi şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi. Bu da vətənpərvərlikdən irəli gəlir;

30 ilə yaxın beynəlxalq arenalarda, istər idman, istər siyasi arenalarda Azərbaycan məğlub edilmiş ölkə kimi təmsil olunurdu. Həqiqəti etiraf etmək lazımdır,  həqiqəti olduğu kimi bilməliyik və deməliyik. Bu məğlubiyyətin səbəbləri var idi, o vaxtkı antimilli hakimiyyətin xəyanətkarlığı, ordunun olmaması, Ermənistana xarici dövlətlərin göstərdikləri yardımlar – bütün bunlar var idi. Məhz bu amillər məğlubiyyəti şərtləndirmişdir;

Bu günün idmançıları beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir. Beynəlxalq yarışlarda iştirak edən bütün idmançıların ürəyində bu duyğular mütləq olmalıdır. Təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları bu gün özlərini əmin hiss edirlər, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini çatdıraraq İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışırlar;

Xalqımızın ürəyində qisas hissi həmişə var idi. Çünki ermənilər tərəfindən bizə qarşı soyqırımı törədilmişdir, bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır və qisas hissi mütləq olmalı idi. Ancaq Azərbaycan xalqı düşməndən intiqamı döyüş meydanında aldı. Düşmən tərəfində mülki əhali arasında itkilər 30-dan da az idi. O da məhz ona görə ki, o mülki vətəndaşlar döyüşlərdə iştirak edirdilər;

Azad edilmiş torpaqlarda idman inkişaf etməlidir. İndidən bu istiqamətdə işlər görülür. Stadionlar, idman kompleksləri və digər idman qurğuları azad edilmiş bütün şəhərlərin Baş planlarında öz əksini tapır.

Hesab edirəm ki, bu görüş Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısının növbəti göstəricisidir.

Vüqar ƏLİYEV, Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password