AB imtina edir, Putinin tək ümidi bu ölkədir

 

Rusiya Prezidenti Vladimir Putinin Avropada dost olmayan dövlətlərə qazı rublla satacağı açıqlaması müxtəlif reaksiyalara səbəb olub. Putin bu qərarla həm onu tənqid edən Avropa ölkələrini cəzalandırmaq, həm rublu möhkəmləndirmək, həm də dollar və avronun mövqelərini zəiflətməyi planlaşdırır.

Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Rusiyadan qaz alan Avropa ölkələrinin iki seçimi var:

“Ya Rusiya bazarında rubl alaraq Putinin istəyinə uyğun ödəniş həyata keçirməli, ya da Rusiya qazından imtina etməlidirlər. Avropa ölkələri rublla ödəmə həyata keçirsələr, Ukraynadakı işğalçı müharibə ilə əlaqədar Rusiyaya tətbiq etdikləri sanksiyalara zidd qərar vermiş olacaqlar. Soyuq ayların bitməsinə az qalıb. Bu baxımdan Avropa ölkələrinin bir qismi ödəməni əvvəlki qaydada həyata keçirib növbəti il üçün alternativ enerji bazarlarını tapmağa çalışacaqlar.

Avropa ölkələrindən Almaniyaya çətin olacaq. Bu ölkə qaza olan tələbatının əhəmiyyətli hissəsini Rusiyadan alır. Avstriya müqavilədə göstərildiyi kimi Rusiyadan aldığı qaza görə bundan sonra da ödəməni avro ilə edəcəyini bəyan edib. Polşa gələn ildən ümumiyyətlə Rusiyadan qaz almayacağını açıqlayıb. Bolqarıstanın və İtaliyanın ümidi Azərbaycan qazınadır”.

Politoloq “Avropa ölkələri ard-arda Rusiya qazından imtina edərlərsə, Moskva Avropaya sata bilmədiyi qazı hansı ölkə və ya ölkələrə satacaq?” sualına da cavab axtarıb:

“Kremlin tək ümidi Çindir. Rusiya Çinə uzanan boru xətti inşa edib. Boru xəttinin nəqletmə gücü 38 milyard kubmetrdir. Ancaq il ərzində bunun yarısı qədər qaz nəql edilib. Kreml “Sibirin gücü – 2” adlanan boru xətti ilə Çinə əlavə olaraq 50 milyard kubmetr nəql etməy planlaşdırır.

Buna baxmayaraq, Çin Rusiyanın ona təklif etdiyi qaz həcmini almağa tələsmir. Pekin Brüsselin strategiyasından istifadə edir. Çin yalnız Rusiyadan aldığı qazdan asılı olmaq istəmir. Çin qonşuları – Qazaxıstan, Özbəkistan və Türkmənistandan da qaz alır. Rusiya Çinə bu ölkələrdən daha ucuz qaz qiyməti təklif edir. Bununla Kreml Çinin Rusiya qazına üstünlük verəcəyinə ümid edir. Ancaq qiymətlər fərqli olsa belə, Pekin qazın alınmasında şaxələndirməyə üstünlük verir. Bu o deməkdir ki, Rusiyanın Çinə olan ümidləri özünü doğrultmaya da bilər”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password