Paşinyanın addımı Kremli qəzəbləndirdi – “Sülhməramlılar çıxır” mesajı
“Son günlər rəsmi İrəvandan sülh mesajlarının intensivliyi bir qədər də artıb. Hətta Ermənistan Xarici İşlər Nazirliyi yanında sülh müqaviləsini hazırlamaq üçün işçi qrup da yaradılıb”.
Bunu jurnalist Asəf Quliyev deyib.
Onun sözlərinə görə, buna paralel olaraq, Qarabağda vəziyyət kifayət qədər mürəkkəbdir:
“Rusiya sülhməramlı kontingentinin nəzarəti altında olan ərazilərdə silahlı mülki şəxslər artıq heç bir qorxu-qadağa olmadan üzə çıxırlar. Mülki insanların silahlandırılmasında Rusiya sülhməramlılarının xeyir-duasının olması şübhəsizdir.
Rəsmi Moskva isə Qarabağda baş verənlərə reaksiya verməsə də, Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə bağlı prosesin başlamasını alqışladığını bildirir və bu prosesə hər cür dəstək verməyə hazır olduğunu Mariya Zaxarovanın dili ilə açıqlayır. Əslində Mariya Zaxarovanın dediklərinin sətiraltı mənası, “Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi və ümumiyyətlə burada baş verənlərə heç kəsin müdaxiləsinə ehtiyac yoxdur” deməkdir.
Bütün bunların fonunda Ermənistan prosesdə Qərbin təmsilçisi kimi Fransanın iştirakını ciddi-cəhdlə arzulayır. Niyə Fransa? Çünki Britaniyanın Azərbaycana isti münasibətini nəzərə alsaq, ABŞ-ın neytral qalacağı birmənalıdır. Ancaq ermənilər əmindir ki, Fransa onların tərəfini tutacaq Avropanın söz sahibi olan bir ölkəsidir”.
Asəf Quliyevin fikrincə, Ermənistanın Fransanın timsalında Avropaya və bununla da Qərbə meyllənməsi Rusiyanın heç xoşuna gəlmir.
“Ukrayna böhranının indiki çətin anında isə bu, nəinki Kremldə xoş qarşılanmır, hələ üstəlik qəzəb də doğurur. Bu qəzəbi ifadə etmək üçün hətta informasiya manevrləri də edilir. Kremlin əsas ruporlarından biri “Sputnik”in Qarabağdan sülhməramlıların çıxarılması xəbərini yayması bu xəbərdarlığın bir elementi idi. Gecə-gündüz Qarabağda ermənilərə humanitar yardımlar daşıyan Rusiya sülhməramlılarının qaz xəttinin sıradan çıxmasına seyirçi münasibəti də bu qəzəbin təzahürlərindən biridir.
İndi həm Ermənistan, həm Paşinyan situasiyanın girovuna çevriliblər. Rusiya ilə münasibətləri korlamaq həm Ermənistan, həm də Paşinyan üçün ağır nəticələr verə bilər. Rusiyanın tərəfini tutmaq da nə Ermınistana, nə də Paşinyana ucuz başa gələcək. Unutmamısızsa, Avropa İttifaqı Ermənistana 2.6 milyard avro sözü verib. Bu indiki durumda həm Ermənistan, həm də Paşinyan üçün yeganə nəfəslikdir. Buna görə də hazırda Paşinyan Rusiya və Qərb arasında özünəməxsus manevrlər etməyə çalışır. Amma bu manevrlər onu bir qədər də dərin dalana salır.
Tez-tez müxaliflər Paşinyana irad tuturlar ki, o, Azərbaycanın dediklərini edir. Amma əgər Paşinyanın azərbaycanlı müşaviri olsaydı, ona Azərbaycanın məşhur mahnısında səslənən fikirləri xatırladardı: iki sevda çəkənlərin cəzası var”.
Jurnalist qeyd edib ki, bütün bunların qurbanı isə Qarabağ erməniləridir:
“Bu zavallı toplum həm Paşinyanın, həm ikiyə bölünmüş “Qarabağ klanı”nın, həm Ermənistanın, həm Rusiyanın, həm Qərbin apardığı eksperimentlərdə təcrübə dovşanı funksiyasını yerinə yetirir. Sözün həqiqi mənasında acınacaqlı durumdur”./teleqraf.com