Problemli kreditlər necə azalıb? – “Əksər kreditlər silinir”
Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata görə, ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 21,5 faiz azalaraq 706,6 milyon manat olub və ümumi kredit portfelinin 4,1 faizini təşkil edib.
Bu fonda fevral ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,2 faiz artaraq, milli valyuta ekvivalentində 17 milyard 242,1 milyon manat təşkil edib.
Ümumi kredit portfelinin 14 milyard 10,5 milyon manatı və ya 81,3 faizi uzunmüddətli kreditlərin payına düşüb.
Maraqlıdır, problemli kreditlərin həcminin azalmasına hansı amillər səbəb olub? Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov açıqlamasında deyib ki, bu rəqəmlər real ola bilər, amma azalmanın səbəblərini açıqlamırlar:
“Necə olub ki, bu problemli kreditlər azalıb? Müştərilər tərəfindən qaytarılıb, yoxsa silinib? Qanunvericiliyə görə, müəyyən həddən sonra məhkəmə və digər prosedurlar olur, sonra bəzi kreditlər “ümidsiz” hesab olunaraq silinir.
Təəssüf ki, bizdə Dövlət Statistika Komitəsi, Azərbaycan Mərkəzi Bankı heç vaxt bunu açıqlamırlar. Məsələn, deyirik ki, ilin əvvəlində virusa yoluxan min nəfər olub. İlin sonunda isə 500 nəfər olub. Amma demirik ki, o 500 nəfər ölüb, yoxsa sağalıb?
Eyni məsələ də problemli kreditlər məsələsində var. Bu kreditlər qaytarıldı, yoxsa silindi? Güman edirəm ki, bu azalmada hər iki amil var. Ehtimal edirəm ki, silinən çoxdur. Çünki kreditlər girovla təmin olunanda belə, ölkədə daşınmaz əmlakın qiyməti reallıqda düşdüyü üçün o əmlaklar ya satılmır, ya da çox ucuz satılır. Ona görə də kredit borcunu tam bağlamır. Bu səbəbdən də kreditlərin bir hissəsi silinir”./cebhe.info