Çempionlar Liqasında bütün 1/4 finalçılar bəlli olub


UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Bununla da 1/4 finalın son iki iştirakçısı müəyyənləşib.

İspaniya “Vilyarreal”ı İtaliyada “Yuventus”un qonağı olub. Qarşılaşma “sarı sualtı qayığ”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. İlk qolu 78-ci dəqiqədə penaltidən Jerar Moreno vurub. 85-ci dəqiqədə Pau Torres fərqi 2 topa çatdırıb. Oyunun əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə penaltidən fərqlənən Arno Qrüneveld isə yekun hesabı müəyyənləşdirib. İlk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığından ispaniyalar növbəti mərhələyə adlayıblar.

Gecənin digər oyununda İngiltərənin “Çelsi” klubu Fransada “Lill” komandası ilə qarşılaşıb. İlk matçda rəqibini 2:0 hesabı ilə məğlub edən “zadəganlar” cavab görüşündə də qələbə qazanıb – 2:1. Oyunda hesabı meydan sahibləri açıblar. 38-ci dəqiqədə Türkiyə millisinin hücumçusu Burak Yılmaz 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə Kristian Pulişiç tarazlığı bərpa edib. Qarşılaşmada son nöqtəni isə 71-ci dəqiqədə “Çelsi”nin kapitanı Sesar Asplikueta qoyub. Bu nəticədən sonra İngiltərə təmsilçisi adını növbəti raunda yazdırıb.

UEFA Çempionlar Liqası, 1/8 final

Cavab oyunları

16 mart

00:00. “Yuventus” (İtaliya) – “Vilyarreal” (İspaniya) – 0:3

Qollar: Jerar Moreno, 78 (pen.). Pau Torres, 85. Arno Qrüneveld, 90+2 (pen.)

Baş hakim: Şimon Marçinyak (Polşa)

İlk oyun – 1:1

00:00. “Lill” (Fransa) – “Çelsi” (İngiltərə) – 1:2

Qollar: Burak Yılmaz, 38 (pen.) – Kristian Pulişiç, 45+3. Sesar Asplikueta, 71

Baş hakim: Davide Massa (İtaliya)

İlk oyun – 0:2.

Qeyd edək ki, daha əvvəl İngiltərənin “Liverpul” və “Mançester Siti”, İspaniyanın “Real Madrid” və “Atletiko” (Madrid), həmçinin Almaniyanın “Bavariya” və Portuqaliyanın “Benfika” klubları 1/4 finala vəsiqə əldə edib. Bu mərhələnin püşkatma mərasimi martın 18-də keçiriləcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password