Avropa Liqası: “Qalatasaray” “Barselona”ya uduzaraq mübarizəni dayandırıb
UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.
Bu günə nəzərdə tutulan 7 görüşdən dördü başa çatıb.
Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” İspaniya “Barselona”sını qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda ilk qolu meydan sahibləri vurublar. 28-ci dəqiqədə Markao künc zərbəsindən sonra başla topu qapıdan keçirib. 37-ci dəqiqədə Pedri “Cim-Bom”un 3 müdafiəçisini aldadaraq, hesabı bərabərləşdirib. Görüşdə son nöqtəni isə 50-ci dəqiqədə Pyer-Emerik Obameyanq qoyub. Kataloniyadakı ilk görüşdə qapılara qol vurulmadığından, bu nəticə “Barselona”nı 1/4 finala daşıyıb.
Kataloniya təmsilçisi ilə yanaşı, İtaliyanın “Atalanta”, Portuqaliyanın “Braqa” və Şotlandiyanın “Reyncers” klubları da mərhələ adlayıblar.
1/8 finalın digər 4 cavab oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Avropa Liqası, 1/8 final mərhələsi
Cavab oyunları
17 mart
21:45. “Qalatasaray” (Türkiyə) – “Barselona” (İspaniya) – 1:2
Qollar: Markao, 28 – Pedri, 37. Pyer-Emerik Obameyanq, 50
İlk oyun – 0:0.
21:45. “Bayer” (Leverkuzen, Almaniya) – “Atalanta” (İtaliya) – 0:1
Qol: Jeremi Boqa, 90+1
İlk oyun – 2:3.
21:45. “Monako” (Fransa) – “Braqa” (Portuqaliya) – 1:1
Qollar: Aksel Disasi, 90 – Abel Ruis, 20
İlk oyun – 0:2.
21:45. “Srvena Zvezda” (Serbiya) – “Reyncers” (Şotlandiya) – 2:1
Qollar: Mirko İvaniç, 10. El-Fardu ben Nabuan, 90+3 (pen) – Rayan Kent, 56
İlk oyun – 0:3.
Qeyd edək ki, ümumilikdə bu mərhələdə 8 oyundan 7-si baş tutacaq. Moskva “Spartak”ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya “Leyptsiq”i 1/4 finala birbaşa vəsiqə qazanıb.