Kiyev tələdir: Ukrayna yalnız bu yolla qalib gələ bilər


Müharibə başlayandan bu yana biz daha çox yaşayış məntəqələrində gedən döyüşlərə diqqət yetirdik. Ancaq yaşayış məntəqələrində gedən döyüşlərdə bütün infrastruktur dağıldığı və mülki əhali itkisi çox olduğu üçün adətən tərəflər bunu əlverişsiz hesab edirlər. Döyüşlərin yaşayış məntəqələrində aparılması mədəni və fizioloji qətliamlara gətirib çıxara bilir. Müharibədə tərəflərin bir-birinə nifrəti, düşmənçilik hissi həddindən artıq olanda, bu, Mariupoldakı kimi kütləvi dağıntıya və insan tələfatına səbəb ola bilər. Belə dağıntı həm də mesaj mahiyyəti daşıyır.

Bu sözləri Rusiya-Ukrayna müharibəsini şərh edən terror və təhlükəsizlik üzrə türkiyəli ekspert Abdullah Ağar deyib.

Ekspertə görə, Rusiya Kiyevi mühasirəyə almağı bacarsa, paytaxtda ölüm-dirim müharibəsi gedəcək:

“Ortada bir gerçəklik var. Rusiya indi Kiyevi mühasirəyə almaq, Ukraynanı nəhəng tələnin içinə salmaq niyyətindədir. Hələlik isə Putin Kiyevi mühasirəyə almağı bacarmayıb. Çünki Ukrayna Silahlı Qüvvələri xüsusilə şərq cəbhəsində Rusiyaya müqavimət göstərir. Hətta bir sıra məntəqələrdə rusların geri çəkilməsi ilə bağlı məlumatlar var. Xülasə, Kiyevin mühasirəsi baş tutsa, orada ölüm-dirim mübarizəsi gedəcək. Amma Ukraynanın küçə döyüşlərini üzbəüz aparması məntiqli olmaz. Fikrimcə, əgər tək seçim küçə döyüşləri olsa, Ukrayna tərəfi yeraltı döyüş imkanlarını nəzərdən keçirəcək. Bu, harda həyata keçirilə bilər? Kiyevin geniş metro şəbəkəsi var. Metro şəbəkəsi, tunellər, keçidlər, havalandırma yolları, zirzəmilər yeraltı döyüşlər üçün uyğundur. Yəni artilleriyadan, təyyarə bombardmanından, raketlərdən təsirlənməyəcək şəkildə yeraltı müqavimət yolunu seçə bilərlər”.

Ağar bildirib ki, hər hansı bir mümkün mühasirənin və partizan döyüşlərinin mənfi tərəfləri də mövcuddur, ona görə rəsmi Kiyev müharibəni daha geniş zaman və məkana yaymalıdır:

“Qeyd etdiyim kimi, əgər Kiyevin mühasirəsi baş tutsa, paytaxtın Ukrayna qüvvələri üçün böyük bir tələyə çevrilməsi mümkündür. Belə olduğu halda qida və silah-sursat çatışmazlığı, cəsəd qoxusu, fiziki və psixi yorğunluq altında Rusiya Ukraynanı təslim olmağa məcbur edə bilər. Ona görə, Ukrayna müharibəni daha geniş zamana və məkana yaymalıdır, yəni meşələrdən, palçıqlı, bataqlıq ərazilərdən istifadə etməlidir. Rusiya ordusu çətin relyefli ərazilərdə döyüşməyə razı olsa, Ukrayna ordusunun qarşısında müqavimət göstərə bilməyəcək və dağılacaq. Sözügedən ərazilərdə Ukrayna hərbçiləri yalnız asfalt yola məhkum olan, düz yerdə hərəkət edə bilən zirehli texnikaya Qərbin verdiyi silahlar ilə öldürücü zərbə vura bilərlər. Zirehli texnika ilə irəliləyə bilməyən Rusiya hava hücumu imkanlarından istifadə etmək istəyəcək. Ukraynanın isə aşağı hündürlükdə idarə olunan raketlər vasitəsilə qarşı tərəfin qırıcı təyyarələrini və helikopterlərinin əksəriyyətini vurması və böyük uğur qazanması mümkündür. Dediyimiz ssenari gerçəkləşərsə, hazırki müharibə uzunmüddətli və çox bahalı müharibəyə çevrilər. Ukrayna indiki vəziyyətdə davamlı şəhərlərə məhkum ola bilməz, müharibəni daha geniş zaman və məkana yaymağa məcburdur.

Ukrayna ordulaşma yolu ilə böyük bir qələbə qazana bilərdi, amma indi partizan hərəkatından mədət umur. Vəziyyətin belə inkişaf etməsinin səbəbini isə onlara döyüşməyi öyrədən və məsləhət verənlərdən soruşmaq lazımdır. “Niyə Ukrayna Silahlı Qüvvələrini heç bir çəkindirmə gücünə sahib olmayacaq şəkildə silah-sursatsız qoydunuz? Rusiya Ukraynaya girdikdən sonra niyə təyyarələrin, HHM sistemlərinin verilməsindən danışırsınız?” suallarına cavab verilməlidir”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password