Bahalaşma davam edərsə, hökumət bunu nəzarətində saxlaya biləcək

Pərviz Heydərov yazır…

Qərblə Rusiyanın Ukrayna uğrunda savaşı qlobal iqtisadiyyatın bütün dayaqlarını sarsıtmağa başlayıb. Və bu artıq, proses halını alıb. 

Məsələ bundadır ki, dünya iqtisadiyyatı onsuz da pandemiyadan sonra tam sağalmamış və yenicə özünə gəlməyə başlamışdı. 2021-ci ili bu mənada geridönüş, yəni bərpa ili saymaq olar.

Tam sağalmağa isə hələ var idi.

Ümumiyyətlə, pandemiyadan sonra demək olar hər şey, o cümlədən ərzaq məhsulları bahalaşmağa başladı.

Belə ki, pandemiya şəraitində bütün istehsal sahələri məhdudiyyətlərə məruz qaldığından, fəaliyyətləri dayandırıldığından pandemiyadan sonra dərhal əvvəlki vəziyyətlərinə qayıda bilmədilər.

Odur ki, tələb birdən-birə kəskin şəkildə artdığından, təklif onu ödəyə bilmədi. Nəticədə də neftin və bütün digər hər şeyin qiymətləri yüksəlməyə doğru istiqamət götürdü. Ötən il elə bir ölkə qalmadı ki, inflyasiya yüksək səviyyədə qeydə alınmasın.

Lakin ümid var idi, daha doğrusu belə proqnoz edilirdi ki, proses cari ilin ortasına doğru səngiyəcək, bahalaşma dayanacaq, postpandemiya dövrünə aid bütün neqativ hallar aradan qalxacaq.

Bu zaman təbii ki, Rusiyanın Ukraynaya müdaxilə edəcəyi gözlənilmirdi və müharibənin təsirləri hesablanmırdı. İstənilən müharibə şəraiti isə dağıdıcı xarakter daşıdığından iqtisadi sistem və əlaqələr qırılır, istehsal zəifləyir və yaxud tamamilə dayanır, təklif enir.

Bu, xüsusən də özünü ərzaq məhsullarında büruzə verdikdə bahalaşma dalğa şəklini alaraq bütün dünyaya yayılır.
Hazırda ən ciddi təhlükə də məhz bu sahədədir və daha dəqiq qeyd etsək, ərzaqlıq buğda məhsulu üzərindədir.

Bəli, bahalaşma bütün növ istehlak malları üzrə müşahidə edilir. Lakin ərzaq buğdası üzrə vəziyyət başqadır. Çünki ərzaq buğdasının istehsalı və tədarükü üzrə daha çox pay Rusiya ilə Ukraynanın üzərinə düşürdü. Odur ki, ərzaq buğdasının bahalaşması bu il ümumiyyətlə dayanmayacaq.

Ərzaqlıq buğdanın bahalaşması isə bütün digər qida məhsullarına da təsir göstərdiyindən, proses bir çox halda zəncirvari xarakter alır.

Və ona görə də gözlənilən budur ki, qarşıda kəskin ərzaq qıtlığı və sair kimi hallar yaranmayacaqsa da, ilin ortasına və həmçinin sonuna doğru bütün növ ərzaq məhsulları daha sürətli bahalaşacaq.

Bəs, ölkəmizdə vəziyyət necədir və Azərbaycanı nə gözləyir?!

Məlumdur ki, bizdə də ötən ilin əvvəlindən bahalaşma müşahidə edilir və bu özünü ən çox ərzaq məhsullarında göstərir. 2021-ci ildə 2-4 faiz aralığında proqnoz nəzərdə tutulsa da illik inflyasiya 12, orta illik isə 6,7 faiz təşkil etdi. Bu zaman, ərzaq məhsullarının bahalaşması səviyyəsi 15,8 faiz təşkil etməklə ümumi inflyasiya həddinin təxminən 3/5 hissəsinə bərabər oldu.
Eyni tendensiya bu gün də davam edir.

Belə ki, cari ilin yanvar-fevral aylarında inflyasiya göstəricisi 2021-ci ilin eyni aylarına nisbətən 12,2, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,2, qeyri-ərzaq məhsulları üzrə 6, əhaliyə xidmətlər üzrə isə 10,2 faiz artıb.
Düzdür, proses hökumətin nəzarətindədir. Və ölkədə inflyasiya əleyhinə konkret tədbirlər planı və buna dair dəqiq baxış sistemi də mövcuddur.

Ancaq məsələnin elə tərəfləri var ki, istər-istəməz vaxt lazımdır.

Məsələn, ərzaq buğdası üzrə qiymət yüksəlişindən yaxa qurtarmaq çox çətin və hətta mümkün olmayan məsələdir. Ölkədə çörəyin və digər un məhsullarının qiymətlərinin bahalaşacağı hələ keçən ildən gözlənilirdisə bu, cari ilin yanvarında baş verdi.
Halbuki, hökumət bunun qarşısını almaq üçün un idxalçılarına və istehsalçılarına böyük dəstək göstərdi – ƏDV ləğv olundu, subsidiyalaşdırma həyata keçirildi və sair…

Ancaq ölkəmiz buğda sarıdan idxaldan asılı olduğundan təqribən 42 faiz kəsiri örtmək vəzifəsinin öhdəsindən gəlmək məcburiyyəti qarşısındadır. Bunu da Rusiya, Ukrayna və Qazaxıstan hesabına edirdik.

Məsələ odur ki, ilin sonuna doğru un və çörək də daxil olmaqla, digər un məhsullarının qiymətlərinin növbəti dəfə bahalaşacağı ehtimalı çox yüksəkdir. Və bu da, digər qiymətlərə təsir edəcəyindən görünür, ərzaq inflyasiyası cari ildə də ümumi bahalaşmada əsas rol oynayacaq.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin bu ilin yanvarında Ukraynaya rəsmi səfərində Azərbaycan ilə Ukrayna arasında ərzaq təhlükəsizliyinin təmin olunması üzrə əməkdaşlıq sazişi imzalanmışdı.

Sazişdə ərzaqlıq buğda məhsullarının istehsalı və tədarükü önəmli yer tutur. Ancaq Ukraynada müharibə başladığından imzalanan bu saziş, o cümlədən ticarət sahəsində digər sənədlər də havadan asılı vəziyyətdə qalıb.

Üstəlik, Rusiya da ağır sanksiyalar altındadır…

Bəli, alternativ ölkələrdən taxıl, buğda idxalı mümkündür. Lakin Qazaxıstanı çıxmaq şərti ilə digər ölkələr bizdən məsafə baxımından uzaq olduğundan buğdanın daşınma xərcləri və bazar qiymətləri xeyli pul tələb edir. Bu özü də sonda qiymət artımına gətirib çıxaran amillərdəndir.

Odur ki, ölkədə buğda qıtlığı olmayacaqsa da, qiymət artımı üfüqdə labüd görünür. Ümumiyyətlə, dünyada təxminən 30 ölkə özünü buğda ilə sırf daxili istehsal hesabına təmin edə bilir, 170-ə yaxın ölkə isə tələbatını idxalla ödəyir.

Beləliklə, hökuməti qarşıda gözləyən əsas vəzifələrdən biri də odur ki, ərzaq buğdasının bahalaşacağı təqdirdə bunun bütün digər qida məhsullarına da sirayət etməsinə yol verilməsin və proses zəncirvari xarakter daşımasın.

Hesab edirəm ki, antiinflyasiya tədbirləri çətin də olsa bunun qarşısını alacaq./oxu.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password