Diaspor Rusiyaya yalvarır, ermənilər Araiki suçlayır…
Rusiyada erməni diasporu (erməni-rus təşkilatlarının koordinasiya şurası) bu ölkənin rəhbərliyinə və Müdafiə Nazirliyinə yazılı müraciət edib. Ermənilər Qarabağda yaranmış qaz, elektrik və su probleminə görə Azərbaycanı ittiham edir və həlli üçün Rusiya rəhbərliyindən kömək istəyirlər.
Bu müraciətdən iki nəticə çıxır:
Birincisi, müharibədən sonra rusların dəstəyi ilə ayaqda qalan separatçı-terrorçu rejim indi çətin vəziyyətə düşüb və diaspor vasitəsilə dəstək axtarışındadır;
İkincisi, Ukraynada müharibə aparan Rusiyanın Qarabağa diqqəti azalıb və diaspor erməniləri bu məsələni Putinin yadına salmağa çalışırlar: burada rusların Ukraynadakı işğal hücumunun nəticə verməməsinin bizim xeyrimizə olduğu daha aydın şəkildə görünür.
Vəziyyətin bu cür davam etməsi erməni əhalisinin separatçı-terrorçu rejimə qarşı etirazını daha da körükləyir. Qəza nəticəsində baş vermiş problemlərə görə dünənə qədər Azərbaycanı ittihan edən ermənilər və erməni mediası bu gündən etibarən paralel olaraq separatçı rejimin “rəhbərliyini” də tənqid edirlər.
Bizim maraqlarımız baxımından əsas problem “Azərbaycan hücum edir” tipli təbliğatın aparılmasıdır. Xüsusilə mobil rabitənin və internetin işlək olması ermənilərin bu imkanlarını genişləndirir. İstisna deyil ki, erməni diasporu yaxın günlərdə Avropada da “Qarabağda erməniləri fəlakət yaşayır” kimi kampaniyaya başlaya bilər./axar.az