Çempionlar Liqası: “Real Madrid” və “Mançester Siti” 1/4 finala yüksəlib
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab oyunu keçirilib.
Bununla da 1/4 finalın növbəti iştirakçıları bəlli olub.
Gecənin prinsipial qarşılaşmasında Fransa PSJ-si İspaniyada “Real Madrid”lə qarşılaşıb. İlk matçda Paris təmsilçisi rəqibinə 1:0 hesabı ilə qalib gəlsə də, ikinci görüşdə bu üstünlüyünü qoruya bilməyib. Səfərdə 1:3 hesabı ilə uduzan qonaqlar turnirlə vidalaşıb.
Oyunda hesabı 39-cu dəqiqədə PSJ-nin hücumçusu Kilian Mbappe açıb. Lakin 61-ci, 76-cı və 78-ci dəqiqələrdə fərqlənən Kərim Benzema həm het-trikini, həm də növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib.
Gecənin digər matçında İngiltərənin “Mançester Siti” klubu evdə Portuqaliya “Sportinq”ini sınağa çəkib. Səfərdəki ilk görüşdə 5:0 hesablı qələbə qazanan “şəhərlilər” evdə qolsuz heç-heçə edərək, 1/4 finala adlayıb.
UEFA Çempionlar Liqası, 1/8 final
Cavab oyunları
9 mart
00:00. “Real Madrid” (İspaniya) – PSJ (Fransa) – 3:1
Qollar: Kərim Benzema, 61; 76; 78 – Kilian Mbappe, 39
Baş hakim: Denni Makkeli (Niderland)
İlk oyun – 0:1
00:00. “Mançester Siti” (İngiltərə) – “Sportinq” (Portuqaliya) – 0:0
Baş hakim: Halil Umut Meler (Türkiyə)
İlk oyun: 5:0
Qeyd edək ki, daha əvvəl İngiltərənin “Liverpul” və Almaniyanın “Bavariya” komandaları 1/4 finala yüksəliblər.