“Azərbaycan qazının ixrac imkanları və coğrafiyası genişlənir” – Zəfər Vəliyev
“Azərbaycanın həm neft, həm də təbii qaz üçün beynəlxalq ixrac qabiliyyətinin olması ölkənin enerji təhlükəsizliyi və təchizatı məsələsində təsir imkanlarını da artırdı. Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın cənubuna ixrac edilən elə də böyük olmayan qaz həcmləri Avropada təbii qaz təchizatının şaxələnməsi məsələsində güclü alətdir”.
Bunları enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib.
Ekspert qeyd edib ki, yaxın perspektivdə həm TANAP-ın, həm də Cənub Qaz Dəhlizinin Avropa ayağı olan Trans-Adriatik Boru Kəmərinin (TAP) gücləndirilməsi, ötürücülük qabiliyyətinin artırılması məsələsi gündəmdədir:
“Ukrayna ətrafında baş verən hadisələr həm bölgədə, həm də Avropada geosiyasi gərginliyi artırmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinə, qlobal iqtisadi inkişafa və əmtəə bazarlarına neqativ təsir göstərir. Bu baxımdan Azərbaycanın Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox güclü alətdir.
Rəqiblər iddia edirlər ki, Azərbaycanın Avropaya ixrac həcmləri İttifaqın ümumi qaza olan tələbatının kiçik bir hissəsini təşkil edir. Lakin bu, belə deyil. Hazırda TAP-ın maksimum ötürücülük gücü 10 milyard kubmetrdir. Bu tədarük həcmlərinin böyük bir hissəsi İtaliya üçün nəzərdə tutulub. İtaliyanın 1 illik qaza olan tələbatı 75 milyard kubmetrdən çoxdur. Növbəti mərhələdə isə tədarük həcmlərinin digər hissəsi Yunanıstan və Bolqarıstan üçün nəzərdə tutulub.
Perspektivdə bu kəmərin Balkanlara doğru genişləndirmə məsələsi də gündəmdədir. Çünki Yunanıstanla Bolqarıstan arasında birləşdirici qaz kəmərinin sənaye istismarına verilməsi bu ilin yayında bitəcək. Bu zaman Azərbaycanın qaz ixrac imkanları və onun coğrafiyası bir az da genişlənəcək”.
Zəfər Vəliyev xatırladıb ki, ötən il “Qazprom” Avropanın şimal qərbinə təxminən 75 milyard kubmetr təbii qaz ixrac edib: “Həmin dəhlizdə Cənub Qaz Dəhlizi də fəaliyyət göstərir. Doğrudur, biz Avropanın 1 illik təbii qaza olan tələbatını ödəmək iqtidarında olmasaq da, Cənub Qaz Dəhlizinin keçdiyi istiqamətdə təbii qaz qiymətlərinin sabitləşməsinə, mənbələrin şaxələnməsində çox güclü bir alətdir.
Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbər şurasının toplantısında 2022-ci ildə Avropa İttifaqının Rusiya qazından mərhələli şəkildə azad olunması ilə bağlı 10 maddədən ibarət tədbirlər paketi irəli sürüldü. Bir maddədə qeyd olunub ki, alternativ mənbələrin imkanlarından maksimum istifadə etməklə Rusiyanın 30 milyard kubmetr təbii qaz ixracından imtina etmək olar. Rusiyanın Avropaya ümumi qaz ixracı təqribən 155 milyard kubmetrdir.
Böyük ehtimalla Azərbaycan bu il Avropaya 10 milyard kubmetr qaz ixrac edəcək. Keçən il bu rəqəm təxminən 8.2 milyard kubmetr idi. Bu il TAP qaz boru kəmərinin layihə gücündən maksimum istifadə etmək nəzərdə tutulub. Bir sözlə, Azərbaycan təbii qazının Avropa bazarların daxil olması İttifaqın enerji təhlüksəizliyinin təmin olunmasında güclü bir alətə çevrilib.
Əgər Avropa ölkələri Cənub Qaz Dəhlizinin imkanlarından maksimum istifadə etmək istəyirlərsə, Azərbaycanla qaz tədarükü ilə bağlı uzunmüddətli müqavilə bağlamalıdırlar. Bu uzunmüddətli müqavilələr olmasa, Avropa bazarlarına qaz həcmlərinin çatdırılması mümkün olmayacaq”.