Sanksiyaların azərbaycanlı milyarderlərə vurduğu zərbə: “Özümüzünkülər” niyə bunu xoş xəbər kimi paylaşır?

Rusiya-Ukrayna müharibəsi fonunda Qərb ölkələri Kremlə yaxın oliqarxlara sanksiyalar tətbiq etməkdə davam edir. Digər tərəfdən, ABŞ prezidenti Co Bayden də ötən həftə rus oliqarxlarının xaricdəki mənzilləri, yaxtaları, hesablarının müsadirə olunacağını açıqladı. Almaniya hakimiyyəti isə rusiyalı milyarder Əlişir Usmanovun Hamburqda dayanan yaxtasını müsadirə etdi.
“German Stern”in məlumatına görə, azərbaycanlı milyarder Fərhad Əhmədovun “Luna” gəmisi də Hamburq yaxınlığındadır. Sanksiyaların azərbaycanlı milyarderlərə də təsirsiz ötüşməyəcəyi vurğulanır.
 Sanksiyalara görə narahat olanlar arasında bir sıra azərbaycan əsilli iş adamlarının da adları yer alıb – Fərhad Əhmədov, Vahid Ələkbərov, Quba rayonundan olan yahudi əsilli Zahar İliyev, Qod Nisanov,  Araz Ağalarov, İsgəndər Xəlilov və başqaları…
Digər diqqət çəkən məqam xaricdə yaşayan azərbaycanlı bloqqerlərin artıq sözügedən şəxslərin bir neçəsinin mülklərinə müsadirə qoyulduğu ilə bağlı məlumat paylaşmalarıdır. Azərbaycanlı iş adamlarının çətin vəziyyətə düşməsinin niyə öz millətindən olan bloqqerləri sevindirdiyi isə naməlum olaraq qalır. Axı onların mülklərinə, yaxtalarına həbs qoyulmasının Azərbaycana nə kimi faydası ola bilər? Unutmaq olmaz ki, Rusiyadakı Azərbaycan əsilli milyarderlər müharibə dövründə vətənlərinə faydalı olmağa çalışıblar. Həm də bir çoxu müxtəlif vaxtlarda Azərbaycanda xeyriyyəçilik işləri ilə məşğul olublar, müəyyən yardımlar ediblər.
Məsələn, azərbaycanlı milyarder Fərhad Əhmədov “AzNar” və digər təşkilatlar vasitəsilə mütəmadi olaraq məktəblərə, uşaq təşkilatlarına, tibb müəssisələrinə, tələbələrə, əlillərə və veteranlara maddi yardım göstərir. İş adamı dəfələrlə Azərbaycan rəssamlarının əsərlərinin xaricdə – London, Venesiya və Parisdə sərgilərini təşkil edib. O, “Nar festivalı”nın – artıq 15 ildir ki, noyabr ayının ilk ongünlüyündə Göyçay rayonunda keçirilən və ildən ilə artan ümummilli və beynəlxalq marağa səbəb olan mədəni-kütləvi tədbirin təşəbbüskarı və əsas sponsorudur. 2020-ci ilin mart ayında, koronavirus pandemiyasının qızğın çağında rəhbərlik etdiyi “AzNar” QSC-nin adından Koronavirusla mübarizə fonduna 1 milyon manat vəsait köçürüb. O, həmçinin Göyçay rayonunda 1 600 ailəyə maliyyə və ərzaq dəstəyi göstərib.
İkinci Qarabağ Müharibəsi dövründə Əhmədovun rəhbərlik etdiyi “AzNar” QSC Azərbaycan Silahlı Qüvvələrinə əvəzsiz yardım şəklində 1 milyon manat dəyərində dərman, geyim, ərzaq məhsulları və digər ilkin tələbat əşyaları göndərib. Müharibə başa çatdıqdan sonra iş adamı həlak olan hərbçilərin və müharibə veteranlarının ailələrinə dəstək fonduna daha 1 milyon manat köçürüb.
Eynilə digər iş adamlarının da oxşar addımlarını sadalamaq mümkündür. Məsələn, Qod Nisanov, Zarah İliyev də Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon pul köçürmüşdü.
Bir sözlə, bu faktları gözardı edib, dəqiqləşdirilməmiş məlumatı “Azərbaycanlı iş adamlarının da mülkləri müsadirə olunur” başlığı ilə, “xoş xəbər” qismində təqdim etmək birmənalı qarşılanmır./sfera.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password