Rusiya borclarını ödəyə bilməyəcək
“Fitch” reytinq agentliyi Rusiyanın reytinqini defoltdan bir pillə əvvəl gələn “C” səviyyəsinə endirib. Agentliyin məlumatına görə ölkənin defoltu qaçılmazdır. Defolt, bir ölkənin öz borclarını ödəyə bilməməsi və ya ondan imtina etməsidir. Rusiya 1998-ci ildə artıq defolt olduğunu elan edib. Bundan əvvəl bir neçə il ərzində Rusiya fəal şəkildə qısamüddətli dövlət istiqrazlarının (QDİ) buraxılmasını həyata keçirirdi. Hökumət bu borcları ödəyə bilmədikdən sonra, birtərəfli qaydada öz qiymətli kağızlarının restrukturizasiyasını elan etdi. Bu böhran çoxlarının yaddaşına həkk olundu.
1998-ci ilin avqust ayında rubl kəskin devalvasiyaya uğradı. Maliyyə bazarlarında təşviş yarandı, qiymətlər qalxdı və bunun ardınca bir neçə bank müflis oldu. Mağaza işçiləri o vaxtlar qiymət yarlıqlarını bir neçə saatdan bir dəyişməli olduğunu yada salırlar, çünki rublun ucuzlaşmasına görə onlara daim dəyişmək lazım gəlirdi. Təşviş içində olan insanlar rast gəldiyi bütün malları alırdılar.
Bu dəfə vəziyyət bir qədər fərqlidir. Fitch yazır ki, defolt indi qaçılmazdır, çünki agentliyin fikrincə, dövlətin öz borcunu ödəmək əzmi getdikcə azalmaqdadır. Agentlik Prezidentin fərmanına və Mərkəzi Bankın əcnəbilər üçün qiymətli kağızlar üzrə müxtəlif ödənişləri məhdudlaşdıran bəyanatlarına istinad edir. Agentlik hesab edir ki, Rusiya ABŞ və Aİ ölkələrinin çərşənbə axşamı elan etdiyi sanksiyalarına “siyasi cavab” verməklə öz öhdəliklərinin bir hissəsini ödəməkdən imtina edə bilər.
Martın 6-da daha bir agentlik – Moody’s Rusiyanın defolt riski ilə bağlı xəbərdarlıq edib. Agentlik reytinqi “C” səviyyəsinə endirib, bu da defoltdan əvvəlki səviyyədir. Agentliyin izahatları Fitch-in mövqeyi ilə üst-üstə düşür – ölkə kapitalın hərəkətini və əcnəbilərə müxtəlif ödənişləri məhdudlaşdırır. Agentlik Rusiyanın öz öhdəliklərini ödəmək “istədiyinə və buna qadir olduğuna” şübhə edir. 1998-ci illə indiki vəziyyət arasındakı əsas fərq böhranın səbəblərindədir.
1998-ci ilin defoltunu bir çox iqtisadçılar hazırkı hakimiyyətin “səhvi” adlandırırlar. Onda iqtisadiyyat qeyri-sabit idi, hökumət çox aktiv şəkildə borca girirdi və daim yaranan böhranların öhdəsindən gələ bilmirdi. Bu təcrübədən sonra hökumətin iqtisadi bloku uzun illər ərzində sərt maliyyə siyasəti aparıb, gəlirlərin əhəmiyyətli hissəsi kənara qoyulub və dövlət borcunun ciddi dərəcədə artmasına imkan verilməyib. Hökumət bu siyasətə görə ciddi tənqid olunurdu. Çünki hesab olunurdu ki, o, iqtisadiyyatın inkişafı üçün kifayət qədər pul ayırmır. Nəticədə Rusiyanın əlində kifayət qədər böyük ehtiyatlar cəmləşdi.
Fevralın 1-nə olan məlumata görə, Milli Rifah Fondunda az qala 175 milyard dollar var idi. Reytinq agentlikləri və analitiklər hesab edirdilər ki, bu ehtiyatlar Rusiyanın “yastığıdır” və onun sayəsində iqtisadiyyatın sabitliyi təmin ediləcək. 1990-cı illərdə iqtisadi təhlükəsizlik və sabitliyə aid olan heç bir “yastıqdan” söhbət getmirdi. Lakin indi belə məlum olur ki, bu qənaətlər maliyyə sabitliyinə zəmanət vermir. Rusiya defoltunun indiki vəziyyəti ciddi şəkildə dəyişə biləcəyi mübahisə mövzusudur. Rubl artıq kifayət qədər kəskin ucuzlaşıb. Onun məzənnəsini valyuta müdaxilələrinin köməyi ilə saxlamağa çalışırlar. Əvvəlcə bu, Mərkəzi Bankın hesabına edilirdi. Onun aktivləri dondurulduqdan sonra isə ixracatçıların qazandığı valyuta satışlarından istifadə olunmağa başlanılıb. Xarici investorlar Ukrayna ilə müharibə və sanksiyalara görə Rusiya bazarını əsasən tərk ediblər. Beynəlxalq investorlar arasında Rusiya iqtisadiyyatı və hakimiyyətinə inam sarsılıb. /BBC