Neftin qiyməti 130 dolları keçdi – Qərb İranı bazara buraxmağa hazırlaşır
“Brent” markalı neftin bir barel üçün qiyməti 130 ABŞ dollarını keçərək 2012-ci ilin ən yüksək qiyməti olan 128 dolları ötüb. Ticarət məlumatlarına görə, saat 3:06-da “Brent” markalı neftin qiyməti təxminən 130,3 dollara çatıb. Maksimal qiymət 130,89 dollar olub.
Daha sonra qiymət bir az ucuzlaşıb və hazırda 129,5 dollar civarında satılır. Bəzi ekspertlər 1 barrel neftin qiymətinin 130 dolları keçməsini dünya iqtisadiyyatının fəlakətə uğraması adlandırırlar.
İqtisadçı, deputat Vüqar Bayramov bildirir ki, ABŞ Dövlət Katibinin Rusiya neftindən imtina müzakirələrinin aparıdığı ilə bağlı açıqlamasından sonra neft bazarına psixoloji təzyiqlər güclənib.
“Digər tərəfdən, ABŞ qanunverici orqanı da Rusiyanın yalnız xam netfindən deyil, həmçinin enerji məhsullarından imtina ilə bağlı araşdırmaların aparıldığı bildirib”,-deputat qeyd edib.
V.Bayramovun sözlərinə görə, Qərb ölkələrinin İranı yenidən neft bazarına qaytarmaqla danışaqlar apardığı bəlli olub: “157 tirlyon barel neft ehtiyatlari ilə dünyada 4-cü ən böyük rezervlərə malik olan cənub qonşumuz gündəlik 2.4 milyon barel neft hasil edir. Gündəlik 1 milyon barelə yaxın xam neft ixracatı olan İran dünya rezervlərinin 1/10-ə malikdir. Bununla belə, İran gündəlik neft hasilatını qısa zamanda sanksiyalardan əvvəlki səviyyəyə – gündəlik 4.5 milyon barelə çatdırmaq imkanlarına malikdir. Bu isə cənub qonşumuzun daha qısa zamanda qlobal neft bazarına daxil ola biləcəyi anlamına gəlir”.
İqtisadçı qeyd edir ki, Qərb daha qısa zamanda Rusiyanın gündəlik 5 milyon barellik neft ixracatını alternativ mənbələr hesabına əvəzləməyə çalışır.
“Bu isə o deməkdir, Qərb ölkələri qərarlı olduqları halda Rusiyanın qlobal neft bazarından çəkiləcəyi gün heç də uzaqda deyil”,o əlavə edib.
V.Bayramov deyir ki, Rəsmi Vaşinqtonun OPEC-ə hasilatın artırılması ilə bağlı açıq mesajlar göndərəcəyi də gözləniləndir: “Bununla da Qərb OPEC vasitəsi ilə Rusiya ixracatına digər alternativ mənbənin əldə edilməsinə və qiymətlərin kəskin artımının qarşısını almağa çalışağı istisna deyil”.
Politoloq Elxan Şahinoğlu isə vurğulayır ki, Rusiyanın Ukraynaya hücumu, bombardmanlar, müharibənin uzanması dünya iqtisadiyyatını silkələyir. Ekspert xatırladır ki, Rusiya gəlirinin təxminən yarısını bu günə qədər neft və qaz satışından əldə edirdi: “Qərb ölkələri Rusiyadan neft və qazın alışını azaltmaq və tamamilə durdurmaq planlarını hazırlayırlar. ABŞ dövlət katibi Entoni Blinken jurnalistlərdən birinin sualına cavab verərkən Rusiyadan neft alışının dayandırılması üzərində çalışdıqlarını bildirib. Bu açıqlamadan sonra neftin bir barelinin qiyməti 130 dollara qədər artıb. Bu 2012-ci ildən bu yana neftin bir barelinin ən yüksək qiymətidir. ABŞ öz rezervlərindən dünya bazarına daha çox neft çıxarmağı planlaşdırır. Söhbət əlavə 30 milyon bareldən gedir. Ancaq müharibə və Rusiya neftinə embarqo davam edərsə neftin qiymətini aşağı salmaq çətin olacaq”.
E.Şahinoğlunun sözlərinə görə, Rusiya ümidini yenə Çinə yönəldib. Ekspert xatırladır ki, bu ilin ilk iki ayında Rusiya ilə Çin arasındakı ticarətinə həcmi 26 milyard dollardan çox olub.
“Bu ötən ilin eyni iki ayı ilə müqayisədə 38 faiz çoxdur. Ümumilikdə 2021-ci ildə iki ölkə arasında ticarət mübadiləsinin həcmi 149 milyard dollara yaxın idi. Bu gedişlə bu il ticarət mübadiləsinin həcmi 200 milyard dollara çata bilər. Rusiya Avropaya sata bilməyəcəyi nə varsa Çinə satmağa çalışacaq. Ancaq Çin hər məhsulu almağa maraq göstərməyəcək. Çinin özü dünya ölkələrinə müxtəlif mallar satır. Rusiya neft satışında problemlərlə üzləşdikdə neftini Çinə daha ucuz qiymətə satmağa çalışacaq. Qiyməti Pekin diqtə edəcək”,– politoloq vurğulayıb. /azpolitika.info