Qeyri-qanuni avtovağzalların fəaliyyəti dayandırılacaq – Nazirlik
Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən avtovağzalların işində səmərəliliyin artırılması ilə bağlı tədbirlər planı hazırlanıb.
Bu barədə sorğuya cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər.
Nazirlikdən qeyd edilib ki, tədbirlər planına əsasən, respublika ərazisində, eləcə də Bakı şəhərinin müxtəlif ərazilərində qeyri-qanuni avtovağzal xidməti göstərilən yerlərin müəyyənləşdirilməsi və onların fəaliyyətinin dayandırılması üçün müvafiq addımların atılması nəzərdə tutulub.
“Hazırda əsas problem kimi heç bir texniki yoxlamadan keçməyən və bəzi hallarda sərnişindaşıma tələblərinə cavab verməyən avtobuslarla qanunsuz reyslərin həyata keçirilməsidir. Bu da öz növbəsində qanuni fəaliyyət göstərən avtobusların reysə çıxmasına mane olur, daşıyıcıların rentabelliliyinə ciddi zərbə vurur.
Avtomobil nəqliyyatı ilə daşımalarda təhlükəsizliyin təmin olunması, iş və istirahət rejiminə əməl edilməsi, xüsusilə qeyri-qanuni fəaliyyət göstərən avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti müvafiq dövlət qurumu ilə birgə mütəmadi reydlər keçirir. Gələcəkdə bu reydlərin davam etdirilməsi nəzərdə tutulur”, – məlumatda deyilir.