G7 ölkələrinin XİN başçıları Rusiyanı qoşunlarını Ukraynadan çıxarmağa çağırıb
G7 (Böyük Yeddilik”) ölkələrinin (Almaniya, Böyük Britaniya, ABŞ, Kanada, Fransa, İtaliya və Yaponiya) xarici işlər nazirləri Rusiya Federasiyasını qoşunlarını Ukraynadan dərhal çıxarmağa çağırıb.
Bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin saytında yerləşdirilən bəyanatda deyilir.
“Rusiya dinc əhaliyə kəskin təsir göstərən və mülki infrastrukturu dağıdılan Ukraynaya qarşı uzunmüddətli hücumunu dərhal dayandırmalı və hərbi qüvvələrini dərhal geri çəkməlidir. Prezident Putin növbəti təcavüzünə görə Rusiyanı dünyada təcrid edib. İclasda səslərin böyük əksəriyyəti ilə BMT Baş Assambleyası Rusiyanın təcavüzünü pisləyib və onu dərhal qoşunlarını çıxarmağa çağırıb”, – bəyanatda deyilir.
G7 həmçinin Rusiyanın Ukraynanın mülki əhalisinə və mülki infrastrukturuna, o cümlədən məktəblərə və xəstəxanalara qarşı hücumlarını pisləyib və Rusiyanı insan hüquqları sahəsində beynəlxalq humanitar hüquqa tam hörmətlə bağlı öhdəliklərinə əməl etməyə çağırıb.
“Birləşmiş Millətlər Təşkilatı, Ukraynanın humanitar qurumları, tibb işçiləri və yardım göstərən qeyri-hökumət təşkilatları Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dərhal köməyə ehtiyacı olan insanlara təhlükəsiz, sürətli və maneəsiz çıxışa malik olmalıdırlar”, – bəyanatda deyilir.
G7 Ukraynaya humanitar dəstəyi artırmağa sadiq olduğunu açıqlayıb.
“Biz qətiyyətlə Rusiyanı, xüsusən də Ukraynanın atom elektrik stansiyalarının yaxınlığındakı hücumlarını dayandırmağa çağırırıq”, – bəyanatda vurğulanır.