Zaporojye AES-də partlayış olarsa, bütün Xəzəryanı ölkələr…
Ukraynanın şərqində yerləşən və Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye AES-in ərazisində baş verən yanğın və ətrafında gedən atışmalar regionu ciddi təhlükə ilə üz-üzə qoyub.
AMEA Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayev açıqlamasında bildirib ki, altı blokdan ibarət Zaporojye AES partlayarsa, onun fəsadları Çernobıl hadisələrindən daha güclü ola bilər:
“Zaporojye AES-in nəinki özünün zədələnməsi, onun ətrafında baş verən hadisələr kifayət edir ki, atom reaktoru partlasın. Soyutma təchizatı zədələnərsə, reaktorda qəzanın baş verməsi qaçılmaz olacaq. Zaporojye AES Azərbaycandan uzaq olduğu üçün radiasiyanın ölkəmizdə yayılması az ehtimal olunur. Lakin Volqa-Don kanalı radiasiyanın təsirinə məruz qalarsa, dolayısı ilə ölkəmizə keçə bilər. Belə ki, Zaporojye AES Qara dənizə yaxındır. Qara dəniz radiasiya ilə çirklənərsə, bu Volqa çayına və Xəzərə keçə bilər. Zaporojye AES-də partlayış olarsa, bundan bütün Xəzər dənizi ətrafında yerləşən ölkələr hamısı ziyan çəkə bilər”, – deyə İ.Mustafayev bildirib.
Qeyd edək ki, Ukraynanın şərqində yerləşən Zaporojye AES-in ərazisində baş verən yanğın Bakı vaxtı ilə saat 08:20-də söndürülüb.
Trend-in Ukrayna KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildiriblər. Məlumata əsasən, yanğın nəticəsində ölən və xəsarət alan olmayıb./trend.az