Rusiya böyük xaosun astanasında – “Bu, mütləq baş verəcək”
“Kremlin bu gün dayağı 50 yaşdan yuxarı vətəndaşlardır, gənclər başqa mühitdə böyüyüb, nəsil dəyişib, Putin və komandası bunu anlamır, görmür, hesablaya bilmir”.
Bunu REAl partiyası sədrinin müavini Natiq Cəfərli deyib.
Partiya rəsmisi Ukraynaya təcavüz edərək beynəlxalq təzyiq və sanksiyalar qarşısında qalan Rusiyanın üzləşdiyi çətin durumun getdikcə kəskinləşəcəyini bildirib:
“Rəsmi Moskva haqsız və hüquqsuz davrandıqca, illərdir qurduğu “hekayələr” dağıldıqca daha çox sərtləşir, sərtləşəcək. Beləliklə də, Rusiya daxilində absurd qanunlar, qadağalar artacaq, vətəndaşların hüquqları daha da məhdudlaşdırılacaq, biznesin günü qara olacaq. Bütün bu addımlar, təbii ki, zamanla Rusiya vətəndaşlarında qıcıq, etiraz doğuracaq. Kremlin bu gün dayağı 50 yaşdan yuxarı vətəndaşlardır, gənclər başqa mühitdə böyüyüb, nəsil dəyişib, Putin və komandası bunu anlamır, görmür, hesablaya bilmir. Hətta Moskvanın təlxək təbliğatçıları bu məsələdən dad edir, problemi görür, amma dərk etmirlər.
Ölkələrdə dəyişiklikləri əvvəldən kasıb yaşayan, aztəminatlı təbəqə etmir, dəyişikliklərin “trigger”i həmişə əvvəl yaxşı yaşayan, belə həyata, müxtəlif azadlıqlardan istifadə etməyə öyrəşən, sonra bütün üstünlüklərdən məhrum olan, kasıblaşan təbəqə olur. Rusiyada indi məhz bu baş verir: insanlar, orta sinif sürətlə kasıblaşacaq, internetdən istifadəyə öyrəşən kəsmdə getdikcə daha çox rəsmi təbliğata nifrət yaranacaq. İnsanlar internet olmayan, total nəzarət sistemi, diktatura olan SSRİ-də belə rəsmi təbliğatla reallıq arasındakı fərqi görürdülər. “Mətbəx söhbətləri” və siyasi lətifələr internetsiz belə sovetin hekayəsini dağıdırdı. İndiki dövrdə, XXI əsrdə Kremlin absurd təbliğat maşını, dili, üslubu həmin nifrəti, tam “koqnitiv dissonans” yaradır”.
Natiq Cəfərli qeyd edib ki, tarix, təbiətin qanunları, həyatın özü Kremlin əsas dayağı olan 50 yaşdan yuxarı əhaliyə qarşı işləyir:
“Hətta indi heç nə baş verməsə də, tarixi perspektivdə nəsil dəyişikliyi Rusiyanı da dəyişəcək. Bu, mütləq baş verəcək”.