Minlərlə azərbaycanlı Vətənə qayıdacaq – Azərbaycan buna hazırdırmı?

 

Rusiya və Ukrayna arasındakı müharibə fonunda rəsmi Moskvaya qarşı tətbiq olunan iqtisadi sanksiyalar rəsmi Kremli çətin vəziyyətə salıb. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar bu ölkənin iqtisadi vəziyyətinin ağırlaşması ilə yanaşı, soydaşlarımızın kütləvi şəkildə Azərbaycana qaytımasına səbəb ola bilər.

Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli açıqlama verib.

Onun sözlərinə görə, soydaşlarımızın gəlirləri azalacaq, ölkəyə pul köçürmələrində problem olacaq:

“Rusiyada yaşayan azərbaycanlıların ölkəyə göndərdiyi vəsait kifayət qədər böyük məbləğlərlə ölçülür amma son illər bunun azaldığını müşahidə edirik. Maksimum həddini isə 2012-2013-cü illərdə görmüşük. Oradan 3-4 milyard dollar arası hər il Azərbaycana vəsait köçürülürdü ki, bu da Azərbaycanda kifayət qədər ailələrin sosial həyatına müsbət təsir göstərirdi. Lakin 2017-ci ildən bəri azaldığını görürürk. Rəsmi rəqəmlərə görə, 2019-cu ildə 1 milyard civarında pul köçürülüb, 2020-ci ildə isə müəyyən azalmalar müşahidə edilib. Amma bu, daha çox pandemiya ilə əlaqəli idi”.

N.Cəfərli rublun dəyərdən düşməsinə də diqqət çəkib:

“Rusiyada yaşayan soydaşlarımızın qazancı rublladır. Belə ki, rublun kəskin dəyərdən düşməsi, hətta bu gün qara bazarda 200 rublun 1 dollara çatması orada yaşayan soydaşlarımızın gəlirlərində və onların Azərbaycana pul köçürmələrində ciddi azalma yaradacaq. Bu, həm də bank sektoru ilə bağlıdır. SWIFT sistemindən Rusiya banklarının çıxarılması pul köçürmələrini ciddi axsadacaq”.

İqtisadçı ekspert Rusiyada yaşayan azərbaycanlıların ölkəyə qayıtması məsələsini belə şərh edib:

“Azərbaycanlıların Rusiyadan ölkəyə qayıtması prosesi aktuallaşa bilər. Onminlərlə vətəndaş orada işini, qazancını, gəlirini itirərkən Azərbaycana üz tutmaq məcburiyyəti yaranacaq. Açıq desək, Azərbaycan buna hazır deyil. Çünki ölkəmizdə iş yerləri, biznes mühiti ilə bağlı problemlər var, eyni zamanda yeni iş yerlərinin yaradılması prosesi çox ləng gedir. Azərbaycan hökuməti doğru-dürüst qərarlar alıb, tezliklə bu problemlərin üzərinə getməlidir. Həmçinin orta-kiçik sahibkarlığa dəstək, yeni iş yerlərinin açılması, yeni yatırımların qoyulması ilə bağlı qərarlar almaqla, Rusiyadan gələn soydaşlarımızın problemlərini həll etmək üçün hətta bir masanın qurulmasına artıq ehtiyac var. Nazirlər Kabineti nəzdində bir böhran masası qurulmalı və bu məsələlər operativ həll olunmalıdır. Əgər indi minlərlə vətəndaşımız Azərbaycana gəlirsə, bir müddətdən sonra bu rəqəm onminlərlə olacaq. Təəssüf ki, biz ölkə olaraq buna hazır deyilik”./bakupost.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password