Müharibənin 6-ci günü: Baş qərargah operativ vəziyyəti açıqladı
Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı müharibənin 6-cı günü üçün operativ vəziyyəti açıqlayıb. Məlumatda deyilir ki, ötən sutkanın əvvəlindən etibarən düşmən öz qoşunlarını yenidən qruplaşdırıb və havadan raket-bomba zərbələri endirməyə davam edib.
Qeyd olunur ki, Rusiya qoşunları hazırda mülki və hərbi obyektlərə hücum üçün diversiya-kəşfiyyat qruplarını geniş tətbiq edir. Şimal istiqamətində düşmənin şimal-şərq tərəfdən paytaxta daxil olmasının qarşısını almaq üçün müdafiə döyüşləri aparılır.
Çerniqov şəhəri ətrafında Rusiyanın ayrı-ayrı diversiya-kəşfiyyat qrupları qeydə alınıb, onlar zirehli texnikanın dəstəyi ilə şəhərə daxil olmağa can atıblar, lakin Ukrayna qüvvələri tərəfindən məhv ediliblər.
Digər istiqamətlərdə Ukrayna Silahlı Qüvvələrinin tankları və mexanikləşdirilmiş hissələri aviasiyanın və artilleriyanın dəstəyi ilə müdafiə döyüşlərini davam etdirirlər. Düşmənə bütün atəş vasitələri ilə zərbələr endirilir.
Slobajan şəhərində mexanikləşdirilmiş briqadalar və desant-həmlə qoşunları Rusiya işğalçılarının canlı qüvvəsini və texnikasını operaitv şəkildə məhv edirlər, onların şəhərə daxil olmasının qarşısını alırlar.
Kiyevin müdafiəsinə cəlb edilmiş qüvvələr qruplaşması şəhəri müdafiə etməkdə, müdafiə xəttini saxlamaqda və dövlət infrastrukturunun kritik mühüm obyektlərini qorumaqda davam edir, düşmənin əsas bölmələrinin paytaxta yaxınlaşmasına imkan vermir. Beynəlxalq hüquq normalarına zidd olaraq Ukrayna ordusunun, milli qvardiyasının və polisinin formasını geyinərək terror-diversiya əməliyyatları həyata keçirməyə çalışan Rusiya diversantlarının aşkar olunaraq məhv edilməsi davam etdirilir.
Ukrayna qoşunlarının möhkəm müdafiəsi düşmənin mənəvi ruhunu sürətlə aşağı salır və onun qələbə iradəsini sındırır. Rusiya qüvvələrinin sıralarından fərarilik halları, bütöv bölmələr halında əsir düşmə artır.
Ukrayna qoşunlarının Şimal komandanlığı isə özünün Facebook səhifəsində ötən gün axşam saatlarında Sum vilayətinin Lebedinıy şəhəri ətrafında Rusiya ordusunun 90-a yaxın tankının, 20 “Qrad” qurğusunun və 8 yanacaqdaşıyan avtomobilinin “Bayraktar TB2” döyüş pilotsuz təyyarəsindən endirilən raket zərbələri ilə məhv edildiyini bildirir. “Bu, rusların yanacaq bazası idi. “Habelə “Qrad”ların mövqeləri məhv edildi”, – komandanlıq bildirib və həmin zərbələrin videosunu paylaşıb.
Xarkov vilayətinin Derqaç rayonunda isə yerli polis əməkdaşları iki Rusiya zirehli texnikasını məhv ediblər. “Derqaç rayonunun ərazisinin az bir hissəsi bu gün müvəqqəti olaraq Rusiya işğalçılarının nəzarətinə keçib, amma bunun heç bir əhəmiyyəti yoxdur. Düşmən texnikası orada da tüstülənir. Ukrayna hərbçiləri, milli qvardiyaçılar, polis, ərazi özünümüdafiə dəstələri, vətəndaşlar heç vaxt Ukraynanın işğalı ilə barışmayacaqlar. Biz hamımız düşməni məhv edəcəyik, hətta onların nəzarətinə keçən ərazilərdə”, – yerli polis bildirib. Və məhv edilən Rusiya zirehli texnikasının görüntülərini paylaşıb.
Müdafiə naziri Aleksey Reznikov isə bildirib ki, döyüş əməliyyatlarının beşinci sutkasının arxada qaldığı bir vaxtda Rusiya qoşunlarının sıralarında aqoniya başlayıb. Və onlar bunu gizlədə bilmirlər. “Müqavimətin 122-ci saatı…Raketlərlə və reaktiv yaylım atəşi sistemləri ilə dinc şəhərlərin barbarbasına atəşə tutulması bunu göstərir ki, onlar artıq Ukrayna döyüşçüləri ilə döyüşmək qabiliyyətində deyillər. Ancaq dinc sakinlərlə, axırıncı qorxaqlar kimi. Bu hərbi cinayətdir”,-Reznikov özünün Facebook səhifəsində yazıb.