Dünyanın ən böyük ölkəsi – Rusiya niyə Ukraynada fiaskoya uğrayır?
“Rusiyanın informasiya resursları dövlət siyasətini o qədər bayağı üsullarla təbliğ edir ki, əslində ukraynalılara heç ehtiyac da qalmır”.
Bunu politoloq Ərəstun Oruclu deyib.
Ekspert Rusiya hakimiyyətinin Ukraynaya təcavüzlə bağlı apardığı informasiya siyasətinə diqqət çəkib:
“Ukraynaya qarşı apardığı işğalçı müharibədə Rusiyanın artıq tam məğlub olduğu sahə informasiya müharibəsidir. Bunun səbəbi heç də Rusiya mediasında deyil, dövlətin yanlış informasiya siyasətindədir. Təsəvvür edin, “Roskomnadzor” ölkə mediasına müharibə ilə bağlı yalnız rəsmi məlumatları yaymağa icazə verir. Xatırladım ki, bu federal qurumun işi informatika texnologiyaları, rabitə və kütləvi kommunikasiyalara nəzarət etməkdir. Bir sözlə, senzura. Rəsmi mənbələr isə, məsələn, Müdafiə Nazirliyi müharibənin yalnız dördüncü günündə əsirlərin olduğunu onların sayını demədən etiraf etdi.
Belə şəraitdə sosial mediadan geninə-boluna yararlanaraq öldürülən və əsir götürülən Rusiya hərbçilərinin, vurulmuş hərbi texnikanın sayı haqda yüzlərlə foto, video və sair materiallar yayan ukraynalıların qarşısında o boyda rus dövləti aciz qalmalı idi. Necə ki, qaldı da. Amma biabırçılıq bununla da bitmir. Rusiyanın informasiya resursları dövlətinin (müharibə) siyasətini o qədər bayağı üsullarla təbliğ edir ki, əslində ukraynalılara heç ehtiyac da qalmır. Mən hələ onların yaydıqları materiallardakı aqressiv tonu demirəm. Təcavüzkar müharibə aparan ölkənin mediasının aqressiv tonu”.
Ərəstun Oruclu yanlış informasiya müharibəsinin Rusiyanı çətin duruma saldığını bildirib:
“Kremlin rəsmi təbliğatına gəldikdə isə onların gördüyü işi heç Rusiyanın bütün düşmənləri də birləşsə görə bilməzdilər. Solovyovun, Simonyanın və digərlərinin, hətta Rusiya cəmiyyətinin özündə də ikrah doğuran bayağı təbliğatı Rusiyanın siyasətinə verdiyi bir xeyirin əvəzində azı beş ziyan vurdu.
Sual olunur ki, o boyda dövləti idarə edənlərin bütün bunları görmək, anlamaq və zamanında vəziyyəti düzəltmək üçün ağlı, imkanı, istəyi yox idimi? Xeyr, yox idi və yoxdur da, çünki olsaydı, elə ölkələrini nəticəsi əvvəlcədən bəlli olan mənasız müharibəyə soxmazdılar.
Ağıl, çeviklik, zamanın tələblərini duymaq kimi keyfiyyətləri olsaydı, o zaman dünyanın resurslarla (həm də insan resursları ilə) ən zəngin ölkələrindən biri bu gündə olmazdı. Reallığı anlasaydılar, beş günün içində ölkənin ən azı gələcək 20-30 ilinə balta vurmazdılar. Bəs bunun səbəbi nədir? Axı illərdir o boyda ölkənin başında oturanların axmaq olduğunu demək mümkün deyil.
Əlbəttə, axmaq deyillər, sadəcə avtoritar hakimiyyət cəmiyyətlə əlaqələrini o dərəcədən itirib ki, ölkədə nələrin baş verdiyini, insanların necə yaşadığını, nəyə ehtiyac duyduğunu heç düşünmür. Buna isə “paralel dünya”da yaşamaq demək olar. Həm də özlərinin yaratmış olduqları “paralel virtual dünya”da. Bu isə axmaq olmaqdan daha pis, daha acınacaqlı, daha təhlükəlidir”.