Rusiya-Ukrayna savaşı: “Azərbaycan buna hazır olmalıdır”

 

Artıq beş gündür ki, Rusiya-Ukrayna arasında silahlı münaqişə başlayıb. Hərbi müdaxilə regionda və dünya iqtisadiyyatında yeni böhran dalğaları yaradıb.

Suallarımızı iqtisadçı Natiq Cəfərli cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Natiq müəllim, Rusiyaya sanksiyalar paketinin tətbiqi kifayət qədər genişlənir. Bu sanksiyalardan Azərbaycan iqtisadiyyatına dəyən ziyanın həcmi maraqlıdır.

– Ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 3.2-3.3 milyard dollara yaxın olub. Yəni kifayət qədər geniş bir ticarət əlaqələri var. Doğrudur, bu, ölkəmiz üçün mənfi saldodur, yəni biz Rusiyadan daha çox alırıq, nəinki şimal qonşumuza mal satırıq. Amma Azərbaycanın əsasən kənd təsərrüfatı məhsullarının ixracatında Rusiyanın müstəsna rolu var. Yəni kənd təsərrüfatı məhsullarımızın üçdə ikisindən çoxu Rusiyaya satılır.

Bundan sonra sanksiyaların hansı dərinliyə qədər qəbul edilməsi və neçə müddət qalması da önəmli rol oynayacaq. Əgər bank köçürmələri tamamilə dayandırılsa, Azərbaycan-Rusiya ticarət dövriyyəsinə də mənfi təsir göstərəcək. Pul köçürmələrinin ləngiməsinə, hətta mümkünsüz olmasına qədər sanksiyalar dərinləşdirilə bilər. Bu zaman ölkəmizin Rusiya ilə ticarətində müəyyən axsamalar olacaq.

Təbii ki, dolayı təsirləri də daha çoxdur. Bu mənada ki, yüz minlərlə soydaşımız Rusiyada yaşayır. Onların Azərbaycana pul göndərmələri ailələrinin sosial vəziyyətə müsbət təsir göstərirdi. Bu vəsaitlər də Azərbaycanda həmin ailələrin xərcləmələrini artıran amilə çevrilirdi. Bu vəsaitlərin həcminin kəskin azalması Rusiyadan gələn vəsaitdən asılı olan ailələr üçün müəyyən problemlər yarada bilər.

Əgər sanksiyalar uzunmüddətli qalsa və Rusiya iqtisadiyyatında dərin problemlər yaşansa, orada bizneslə məşğul olan soydaşlarımızın bir hissəsinin Azərbaycana qayıtması da baş verə bilər. Ölkə olaraq buna da hazır olmalıyıq.

– Bəzi ekspertlər bu sanksiyaları kifayət qədər ciddi hesab etmirlər. Düşünülür ki, Rusiya üçün az əhəmiyyət kəsb edən bu sanksiyaların ticarət tərəfdaşlarına təsiri olmayacaq. Sizcə, sanksiyalar Rusiya iqtisadiyyatına ciddi zərər vura bilərmi?

– Hazırkı sanksiyalar kifayət qədər ciddidir. Bundan öncəki sanksiyalar o qədər də ciddi deyildi. Rusiyanın bank-maliyyə sisteminə, eləcə də hava uçuşlarına, ölkənin Mərkəzi Bankının ehtiyatlarının 56 faizinin sanksiyalarla dondurulması ehtimalı, ticarətin zəifləməsi kimi bir sıra qadağalar qoyulub. Bundan əlavə, Rusiya Qərbə neft-qaz satıb tək yeyəcək və geyim almırdı, həm də texnologiya alırdı. Bu istiqamətdə də kəskin qadağalar var.

Rusiya SWIFT sistemindən tamamilə çıxarılmayıb. Amma bir neçə əməliyyatların aparılması üçün müəyyən nəfəslik də saxlanılıb. Çünki Avropa neftə və təbii qaza olan ehtiyacını Rusiyadan almağa məcburdur, alınan məhsulun da pulunu ödəməlidir.

Burada milyardlarla dollardan söhbət gedir, bunu çantalarla nağd şəkildə ödəmək olmaz. Son 48 saatda qəbul olunan sanksiyalar kifayət qədər ciddidir və Rusiya iqtisadiyyatı artıq buna reaksiya verir. Məsələn, bu gün birjalarda rus rublu 1 dollar= 130 rubl səviyyəsinə qədər ucuzlaşdı, 1 avro=150 rubla yaxınlaşır. Səhm bazarında satışlar o qədər sürətləndi ki, artıq birja ticarəti dayandırıldı. Yəni kifayət qədər təsirlər var. Amma tamamilə də qapanmayıb, müəyyən işlər görmək, Rusiya ilə təmas qurmaq imkanlarını da hələ saxlayıblar.

– Rusiyanın SWIFT sisteminə alternativ proqramı varmı?

– Rusiya Mərkəzi Bankının daxili pulköçürmə sistemi var. Bundan əlavə, mil kredit kartları vasitəsi ilə daxildə pulköçürmələri həyata keçirə bilirlər. Amma bu, Rusiya ərazisində ümumi pulköçürmələrin 20-25 faizidir. Təqribən 75-80 faizinə müəyyən təzyiqlər və təsirlər olacaq.

– Baş verən proseslərin ərzaq bazarlarına təsirləri də maraqlıdır. Xüsusən taxılın qiyməti bundan sonra hansı dinamika nümayiş etdirəcək?

– Çox təəssüf ki, ərzağın, əsasən də taxılın qiymətlərinin kəskin bahalaşmasına şahid ola bilərik. Söhbət həm də Ukraynadan gedir axı. Ukrayna taxıl bazarında mühüm rol oynayan ölkələrdən biri idi. Hazırda Ukrayna ərazisində yaz əkini aparılmalıdır, amma müharibə gedir. Əkin olmasa, deməli, payızda taxıl olmayacaq. Buna görə də Ukraynanın taxıl əkməməsi və yaxud əvvəlki illərlə müqayisədə daha az əkməsi ciddi problem yaradacaq.

Rusiya da öz daxili bazarını qorumaq üçün xaricə ixrac edəcəyi buğdanı ya kəskin bahalaşdıracaq, ya da müəyyən qadağalar qoyacaq. Bu mənada buğda qiymətlərinin kəskin artması ehtimalı kifayət qədər yüksəkdir.

– Rusiya və Ukrayna arasında müharibə səbəbindən enerji bazarlarında əmtəə qiymətləri artmaqda davam edir. Proses neft və təbii qaz qiymətlərinə necə təsir edəcək?

– Neftlə təbii qaz qiymətləri fərqli alqoritmlərlə formalaşır. Adətən müharibələr, gərginliklər olanda neftin qiyməti həmişə yüksəlir. Bu gün “Brent” markalı neftin bir bareli yenidən 100 dolları keçib. Bu gərginlik həftələrlə davam etsə, hətta 120-130 dolları da görə bilərik.

Azərbaycan spot bazarında gündəlik dəyişən qiymətlərlə qaz satmır. Ölkəmiz Gürcüstan, Türkiyə, Avropa İttifaqına daxil olan dövlətlərə uzunmüddətli müqavilələrlə təbii qaz satışları həyata keçirir. Bu da tez-tez dəyişən yox, fiskə olunmuş qiymətlərdir. Burada da bahalaşma var. Yəni ötən ilə nisbətən bu il təbii qazı daha baha satacağıq.

Əgər sanksiyalar daha da sərtləşərsə, Avropa spot qaz bazarında yenidən bahalaşma ola bilər. Ötən ilin noyabr-dekabr aylarında 1000 kubmetr qazın maksimal qiyməti 2100 dollar olmuşdu, indi isə təqribən 1300-1400 dollar civarındadır. Təbi qaz qiymətləri yenidən 2000 dollara çata, hətta onu keçə də bilər.

– Azərbaycanın Rusiya rublunda saxlanılan əmanətləri varmı?

– Dövlət Neft Fondunun əmanətlərinin çox kiçik bir hissəsi rublda saxlanılır. Burada ehtiyatların 0.5 faizinə yaxın itki olacaq ki, bu da çox böyük rəqəm deyil. Çox güman ki, məzənnə fərqinə görə ehtiyatların təxminən 20-30 milyon dolları itiriləcək./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password