28 il öncəki ssenari gerçəkləşdi: Putin üçün vaxt gedir…
Ukraynanın gələcəyi ilə bağlı son 25 ildə özünü doğrultmuş və bu gün üçün də ən real görünən proqnozları məşhur amerikalı alim Samuel Hantinqton verib.
O, hələ 1996-cı ildə nəşr etdirdiyi “Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən təşkili” adlı kitabında Ukraynanı “avropalaşmış Qərb və rus-slavyan dünyagörüşlü Şərq” olmaqla iki hissəyə ayırır və Ukraynanı “iki konkret mədəniyyəti olan bölünmüş ölkə” kimi xarakterizə edirdi.
Hantinqton yazırdı: “…Qərblə Şərq arasında sivilizasiyaların qırılma xətti ölkənin tam ortasından keçir və bu, əsrlər boyu belə olub. Keçmişdə, müəyyən zamanlarda Qərbi Ukrayna Polşanın, Litvanın, Avstriya-Macarıstan imperiyasının bir parçası olub. Ukrayna əhalisinin böyük hissəsi pravoslav rituallarından istifadə edən, amma Roma Papasının hakimiyyətini qəbul edən Uniat kilsəsinin tərəfdarıdır. Qərbi Ukraynalılar tarixən Ukrayna dilində danışıb və güclü millətçi baxışlara sahib olublar.
Digər tərəfdən, Şərqi Ukrayna əhalisinin əksəriyyəti pravoslavdır və çox hissəsi rusca danışır. 1990-cı illərin əvvələrində ümumi Ukrayna əhalisinin 22 faizini etnik ruslar, 31 faizini isə rusdilli əhali təşkil edirdi. İbtidai və orta məktəb şagirdlərinin çoxu rusca danışırdı. Krım tam olaraq ruslardan ibarətdir və 1954-cü ilədək Rusiya Federasiyasının tərkib hissəsi olub. Həmin tarixdə Xruşşov Xmelnitskinin 300 il öncə qəbul etdiyi qərarı bəhanə edərək, Krımı onun şərəfinə Ukraynaya ötürmüşdü.
Qərbi və Şərqi Ukrayna arasında fərqlər burda yaşayan insanların yanaşmasında da özünü göstərir. Məsələn, 1992-ci ildə Qərbi Ukraynada yaşayan rusların 1/3 hissəsi bildirdi ki, onlar ruslara qarşı ədavətdən əziyyət çəkirlər, halbuki Kiyevdə bu göstərici yalnız 10 faiz idi…”.
Ukraynadakı Şərq-Qərb fərqini 1994-cü ilin iyulunda keçirilmiş prezident seçkiləri zamanı Kravçuka və Kuçmaya verilmiş səslərin nəticələri üzərində də analiz edən Hantinqton sonda bu qənaətə gəlirdi ki, bu bölgü etnik qütbləşmədən daha çox, müxtəlif mədəniyyətlərin daşıyıcısı olmaqdan qaynaqlanır.
Hələ 1996-cı ildə Rusiya-Ukrayna münasibətlərinin 3 mümkün inkişaf ssenarisini proqnozlaşdıran Hantinqton hesab edirdi ki, Ukraynada 1994-cü ildə açıq ruspərəst şəxsin qalib gəlməsi Rusiya ilə Ukrayna arasında müharibənin qarşısını alan yeganə amildir və nə qədər belə davam edəcək, iki ölkə arasında savaş olmayacaq…
Zaman Hantinqtonu haqlı çıxardı: 2014-cü ildə ruspərəst Yanukoviçin devrilməsi ilə Rusiya ilə Ukrayna arasında Hantinqtonun proqnozlaşdırdığı ikinci ssenari işə düşdü.
Hantinqton hələ 1996-cı ildə hesab edirdi ki, Ukrayna bölünmə xətti üzrə iki vahidə ayrıla və ayrılmış Şərq hissəsi Rusiyaya birləşə və bu proses də məhz Krımdan başlaya bilər…
Biz hazırda – 2022-ci ildə Putinin Rusiyanın çəkilib salındığı Ukrayna bataqlığında məhz bu ssenari üzərində hərəkətə sövq edildiyini görürük: ya Zelenski devrilərək, yerində yenidən rusiyayönümlü bir hakimiyyət qurulmalı və onlarla danışığa gedib Ukraynanın bütövlüyü saxlanılmalı, ya da Rusiya bütün beynəlxalq təzyiqləri qulaqardına vurub sürətlə Donbas ərazisini və Qara dəniz sahillərindəki liman şəhərlərini ardıcıl ələ keçirərək, Krıma quru yol açmalı və bütün Şərqi Ukraynanı özünə birləşdirməyə nail olmalıdır.
ABŞ və Avropanın təhrikçi dəstəyi hələlik Zelenskinin müqavimətini təmin etsə də, bu dirənişin hansı mərhələyədək davam edəcəyi qeyri-müəyyəndir və üstəlik, Rusiyanın bu müqaviməti qırmaq və əhalidə panik durumun yaranması üçün hücumun miqyasını və ağırlığını artıracağı və sərtləşdirəcəyi də daha çox gözləniləndir.
Hətta indiki şəraitdə və şərtlərlə danışıqlar masası arxasına əyləşilsə belə, imici darmadağın olsa da, Putin Krımı əlində saxlamaq üçün minimum planına nail olmuş kimi görünür…
Ancaq bu mərhələyədək davam edən Rusiya-Ukrayna savaşının əsas qalibi isə, şübhəsiz ki, ABŞ-İngiltərə tandemidir.
Artıq bu tandem Ukraynanı qurbanlıq etmək hesabına, nəhayət, Putini qarmağa keçirmək, ona ən ağır zərbələri endirmək imkanı qazanıb: gürcülərin ardınca, ukraynalılar da artıq Putinə sonsuz nifrət hissinə kökləniblər, Rusiya onlar üçün daha slavyan qardaş yox, əli doğma qardaşının qanına bulaşmış qatil imicindədir və bu düşmənçilik bundan sonra uzun illər sürəcək; o biri tərəfdən də sanksiyaların miqyasını genişləndirməklə 2024-cü il seçkilərinədək Rusiya əhalisinin Putindən narazı düşüb onun əleyhinə qalxması, daxildə kütləvi iğtişaşların əlverişli təşkili üçün hər şey ediləcək…
ABŞ qoca Bayden dönəmindəcə Putini bitirmək, onun daxili və beynəlxalq nüfuzunu tamamilə yerlə bir edərək, 2024-cü il seçkilərində iştirakının önünü kəsmək, rus çarının 25 illik hüdudsuz imperatorluğuna son qoymaq istəyir. Nail ola biləcəkmi? Bunu indidən demək çox çətindir.
Hələliksə görünən odur ki, Putinə artıq bütün dünya ilə təkbaşına savaşmaqdan başqa yol saxlanılmayıb. Gecikən hər saat isə indi yalnız Putinin əleyhinə işləyir… Vaxt gedir…
Elxan Şükürlü