Rusiyanın sanksiyaların hədəfinə çevrilməsi Azərbaycana nə vəd edir?
Rusiya ilə Ukrayna arasında başlayan müharibəyə cavab olaraq dünya dövlətləri şimal qonşümüza qarşı misli görünməyən sanksiyaların tətbiq olunacağını anons ediblər. Bu xəbərlər fonunda bu ölkənin maliyyə sektorunda artıq tələtümlər başladı. Dünən rublun dollar və avro qarşısında məzənnəsi tarixi minimumlara endi. Ticarət gedişatında məzənnənin maksimal həddi müvafiq olaraq 89,6 rubl və 99,99 rubl oldu. Rusiyanın fond bazarında da təşviş cərəyan edirdi. Belə ki, əsas fond indeksləri gün ərzində 45-50 % ucuzlaşdı. Rusiya qeyri-neft ixracı üzrə Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Eyni zamanda MDB məkanı çərçivəsində ümumi idxalımızın 71 %-i, ixracımızın – 51,4 %-i bu ölkənin payına düşür.
Bəs Rusiyada iqtisadi vəziyyətin pisləşməsinin Azərbaycana təsirləri necə ola bilər?
Bu barədə açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənli deyib ki, iki ölkə arasındakı geosiyası vəziyyətin gərginləşməsi Azərbaycana təsiri qaçılmazdır.
Onun sözlərinə görə, hansısa məhsullar üzrə embarqolar Rusiya idxalçılarının məhsulları Azərbaycandan almasına yönəldəcək: “Bu o deməkdir ki, bizim ixrac üçün ola bilsin ki, hansısa istiqamətlərdə müəyyən bir imkanlar formalaşsın. Məsələn spesifik adda məhsullara, kənd təsərrüfatı məhsularına embarqo qoyulsa, Azərbaycandan Rusiya bazarına bu istiqamətdə ixrac arta bilər. Ancaq iqtisadiyyatda, sosial sferada qiymətləndirmələr aparılarkən bu imkanlardan nə qədər böyük sosial qrupların yararlana biləcəyi yanaşması ortaya qoyulur. Digər tərəfdən proses bir neçə ay davam etsə Rusiyada növbəti 3-4 ildə alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşəcək. Kəskin formada yoxsullaşma baş verə bilər. Bundan itirəcək isə daha böyük təsərrüfat və sahibkarlıq subyektləri olaraq”.
Ekspert hesab edir ki, Rusiyada iqtisadi vəziyyətin pisləşməsi bu ölkədən Azərbaycana göndərilən pul baratlarının həcminin azalmasında özünü göstərə bilər: “Rusiyada yaşayan miqrantlar Azərbaycanın əksər rayonlarında ailə təsərrüfatlarının gəlirlərinin formalaşdırılmasında əsas iştirakçılardır. Həmin şəxslərin göndərdikləri pul baratları onların ailələrinin aylıq gəlirlərini formalaşdırır. Rubul kəskin şəkildə aşağı düşüb. Onu manata və ya dollara çevirəndə Rusiyadan göndərilən pulun məbləği kəskin azalacaq. Eyni zamanda alıcılıq qabiliyyətinin azalması əmək bazarında rəqabəti artıracaq və əməkhaqqı səviyyəsini aşağı salacaq. Söhbət sahibkardan gedirsə gəlirləri minimuma enəcək və qazanıb Azərbaycan bazarına göndərmək imkanları məhdudlaşacaq. Uzun müddət Rusiyada yaşayan azərbaycanlılar yerli daşınmaz əmlak bazarının əsas alıcılarından olub. Həmin mənzillərin və ya fərdi evlərin böyük əksəriyyəti yatırım məqsədi ilə alınıb. Orada vəziyyətin pisləşməsi onların satılmasına gətirib çıxaracaq. Bu, əmlak bazarında təklifi artıracaq və durğunluqla müşahidə oluna bilər”.
R.Həsənli diqqətə çatdırıb ki, rublun kəskin ucuzlaşması Rusiyadan Azərbaycana idxalı stimullaşdıra bilər: “Belə ki, orada istehsal olunan məhsulların və xidmətlərin maya dəyəri manatla müqayisədə bizim bazarda qiymətlərinin aşağı düşməsinə gətirib çıxaracaq. Yəni Rusiyadan idxal edilən məhsullar digər ölkələrdən alınanlara münasibətdə bazarda daha ucuz şəkildə təklif olunma imkanı əldə edəcək. Bu istiqamətdə fəaliyyət göstərən sahibkarlar düzgün qiymət siyasəti həyata keçirsə bazar paylarını artıra biləcəklər. Bu da Rusiyadan idxalın artması ilə nəticələnə bilər”.