Putin özünü çətinə saldı – “Bu, onu düşündürməyə başlayıb”
Putin hiyləgər siyasətçidir və bütün planlarını detallarına qədər əvvəlcədən hazırlayır”.
Bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Rusiyanın Ukraynaya qarşı işğala aylardır hazırlaşdığını bildirib:
“Rusiya Prezidenti Vladimir Putin düşmənləri ilə yanaşı, dostlarını da çətin vəziyyətə salıb. Pekin Kremlin işğalçı siyasətinə səsiz qalsa da, həyəcan içindədir. Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ilk günündə Çində kömürün qiyməti artıb. Kömür Çində istifadə olunan əsas enerji mənbəyidir. Mütəxəssislərin fikrincə, kömürün qiymətinin yüksəlməsi Çin iqtisadiyyatının digər sahələrinə də mənfi təsir edəcək. Ukrayna ətrafında baş verənlər neftin qiymətinin də artımını sürətləndirib ki, bu da kənardan neft alan Çin iqtisadiyyatına yaxşı heç nə vəd etmir.
Rusiya yaxın gələcəkdə qazı Avropaya sata bilməsə, ümidi Çinə qalacaq. Ancaq Çin tamamən Rusiya qazından asılı vəziyyətə düşmək istəyərmi? Çin bu gün Rusiyanın strateji tərəfdaşıdır, sabah durum dəyişsə Moskva Avropanı qazla təhdid etdiyi kimi Çini də təhdid etməyəcəkmi?”.
Elxan Şahinoğlu bildirib ki, ABŞ və Böyük Britaniyanın Rusiya banklarına və oliqarxlarına qarşı tətbiq edəcəyi sanksiya qərarı da Kreml sahibini düşündürür:
“Putin hiyləgər siyasətçidir və bütün planlarını detallarına qədər əvvəlcədən hazırlayır. Putin Ukraynaya müdaxilə planını aylardır hazırlayırdı, bu sırada Kiyevin mühasirəyə alınmasından tutmuş Çernobıl atom elektrik stansiyasının ələ keçirilməsinə qədər bütün bəndlər çoxdan hazırlanıb. Ancaq Putin hərbi müdaxilədən sonra üzləşəcəyi bütün geosiyasi və iqtisadi riskləri hesablamaq iqtidarında deyil. Ona görə də o fevralın 24-də Kremldə tələsik yerli biznesmenlərlə görüş həyata keçirdi. Putin onları hökumətlə təmasda işləməyə dəvət etdi. Bu görüş təsadüfi deyildi.
Rusiyanın bank sahibləri və oliqarxları Ukrayna ilə müharibə fonunda böyük maliyyə itkiləriylə üzləşəcəklər. Onların Qərb banklarındakı şəxsi hesabları dondurulacaq, ABŞ və Avropada yaşayan övladlarını çətinliklər gözləyəcək. Bütün bunlar da Putinin Ukraynaya işğalına görə baş verəcək. Deməli, bir müddətdən sonra bank sahibləri və oliqarlar Putindən hesab istəyə bilərlər. Putin bunu qabaqlamaq üçün biznesmenlərlə görüşüb onları sakitləşdirməyə çalışıb. Ancaq müharibə davam etdikcə siyasi və iqtisadi risklər artacaq və bu gün sakit görünən bank sahibləri və oliqarxların maliyyə itkiləri böyüyəcək. Bu zaman onlar siyasi proseslərə təsir etməyə çalışacaqlar”.