Dünya İqtisadi Forumu IV Sənaye İnqilabı Mərkəzinin açılmasından yazıb
Dünya İqtisadi Forumu ötən gün Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Dördüncü Sənaye İnqilabı Mərkəzinin (C4IR) açılış mərasiminin keçirilməsindən yazıb.
Yazıda bildirilir ki, tədbir nazir Mikayıl Cabbarovun iştirakı ilə baş tutub.
Tədbirdə nitq söyləyən M.Cabbarov bildirib ki, həmin mərkəzin vəzifələri ölkəmizin dünya iqtisadiyyatındakı meylləri, rəqabət qaydalarını dəyişdirən Dördüncü Sənaye İnqilabındakı mövqeyini gücləndirmək və bu sahədə öncül yerlərə çıxmasını təmin etməkdir.
“Bu mənada Dünya İqtisadi Forumla, onun C4IR mərkəzləri şəbəkəsilə əməkdaşlığımız həmin sahədəki səylərin uğurlu davamıdır. Azərbaycanda Dördüncü Sənaye İnqilabı Mərkəzi dünyada bu cür az mərkəzlərdən biridir və fəaliyyətə başlaması böyük əhəmiyyət daşıyır” – deyən nazir “C4IR Azerbaijan” mərkəzinin qabaqcıl texnologiyalarının sürətli tətbiqinə və cəmiyyətin, insanların mənafeyinə qulluq etməsinə, rəqəmsal iqtisadiyyatının daha da inkişaf etməsinə, ölkədə tədqiqatlar istiqamətinin təkmilləşməsinə təkan verəcəyini dilə gətirib.
Yeni mərkəzin təşəbbüsləri dövlət və özəl sektorda, akademik dairələrdə tərəfdaşlarla əlaqələrin daha da artmasına yönəlib. Bu da Dördüncü Sənaye İnqilabının başlıca texnologiyalarının üstünlüklərindən bəhrələnmək üçün əlavə imkanlar yaratmaqla yanaşı bununla bağlı riskləri də azaldacaq.
“Texnologiyaların sürətli inkişafı sənaye sahələrini dəyişdirir, mövcud hüquqi bazanı islah edərək gündəlik həyatımızın təməl cəhətlərini yenidən təyin edir. Artıq Dördüncü Sənaye İnqilabı mərkəzləri şəbəkəsinin bir parçası olan Azərbaycan innovasiyalı islahatların dayanıqlı, çevik, inklüziv səciyyəli aparılmasında başlıca rol oynayacaq”, – deyə Dünya İqtisadi Forumunun prezidenti Börge Brende bildirib.
Dördüncü Sənaye İnqilabı süni zəka, avtomatik tədris, əşyalar interneti, robotçuluq, 3D çap işləri, nanotexnologiyalar, biotexnologiyalar kimi bir çox sahələrdə texnologiya sıçrayışlarına gətirib çıxarıb.
Dünya İqtisadi Forumunun şəbəkəsi texnologiyanın üstünlüklərini cəmiyyətə maksimuma çatdırmaqla riskləri ən aşağı həddə endirmək üçün dövlət və özəl sektorunun çoxtərəfli inkişafı üçün əlverişli platformadır.
“C4IR Azerbaijan” dörd qitədə 16 bənzər mərkəzdən ibarət şəbəkənin bir parçasıdır”, – deyə yazıda qeyd olunub.