Azərbaycan-Ukrayna ticarət əlaqələri təhlükədə? – Yüksək riskli zonalar
“Müharibə Qara və Azov dənizlərində Ukrayna limanlarının bağlanması riskini artırır”
Ukrayna ətrafında uzun müddətdir davam edən gərginlik daha da pisləşdi. Rusiya artıq Ukraynaya hücuma başladı ki, bu, müharibənin reallaşması deməkdir. Rusiyanın hərbi əməliyyatının kommersiya hava daşımalarını ciddi şəkildə məhdudlaşdıracağı ehtimalı yüksəkdir.
Noyabrdan başlayaraq, Rusiyanın Ukraynaya ehtimal edilən işğalı ilə bağlı narahatedici xəbərlərin çoxluğu həm adi istehlakçıları, həm də iri investorları narahat edirdi. Dünyada uzanan gərginlik səbəbindən enerji resursları bahalaşıb, tələbat azalır və şirkətlərin səhmləri ucuzlaşır. Əslində, indiki böhranda, istisnasız olaraq hamı uduzur.
Azərbaycan ilə Ukrayna arasında münasibətlər həmişə ənənəvi olaraq isti olub. Ölkələrimiz arasında diplomatik əməkdaşlıq 1992-ci il fevralın 6-da, müstəqillik əldə etdikdən sonra qurulub və o vaxtdan da fəal inkişaf edir. Əməkdaşlıq dairəsi ildən-ilə genişlənir: iqtisadi əməkdaşlıqdan tutmuş təhsilə qədər.
Azərbaycanın Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Ukrayna bazarında 2008-ci ildən fəaliyyət göstərir və hazırda şirkət orada 60-dan çox yanacaqdoldurma məntəqəsi və dörd neft bazasına malikdir. İqtisadçı ekspert Eldəniz Əmirovun dediyinə görə, ikitərəfli münasibətlərin mühüm tərkib hissəsi ticarət-iqtisadi qarşılıqlı fəaliyyətdir: “Bunu artıq qurulmuş iqtisadi əlaqələr də sübut edir – ümumilikdə Ukrayna Azərbaycanla xarici ticarətdə 6-cı, ixracda isə 12-ci yerdədir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi milyard dollara çatıb. Eyni zamanda, ixracın həcmi 446 milyon dollara çatıb”.
“Azərbaycanla Ukrayna arasında iqtisadi əlaqələr, ölkələrimiz arasında ticarət dövriyyəsi yüksək səviyyədədir və son illərdə nəzərəçarpacaq inkişaf tendensiyası müşahidə olunur. 2018-ci ilin aprelində Ukraynada Azərbaycanın ticarət evinin açılışı olub ki, bu da ölkələrimiz arasında ticarət əlaqələrinə təkan verib. Ukrayna ilə Rusiya arasında münaqişənin kəskinləşməsi, əlbəttə ki, bizim ticarət əməkdaşlığımız sferasında problemlərə gətirib çıxara bilər, birbaşa Ukraynada istehsalın azalması da mümkündür. Amma eskalasiya aktiv hərbi fazaya keçdi. Düşünürəm ki, vəziyyətdən çıxış yolu tapılacaq”, – deyə Əmirov bildirib.
Ukraynalı iqtisadçı Aleksey Kuş da açıqlamasında deyib ki, Ukraynada hərbi eskalasiya xarici ticarətin dinamikasına geniş təsir göstərə bilər: “Əgər hər şey Rusiya tərəfindən qondarma “DXR” və “LXR”-in tanınması ilə məhdudlaşardısa, demək olar ki, Azərbaycan və Ukraynanın ticarət zonasında heç bir təhlükə yox idi. Ukrayna Azərbaycana kənd təsərrüfatı ixracımızla bağlı mallar verir və verəcək – bunlar günəbaxan yağı və tərəvəz, kənd təsərrüfatı xammalı, metallurgiya ixrac məhsullarıdır”.
“Yeri gəlmişkən, mövcud vəziyyət, hətta qarşılıqlı ticarət dövriyyəsini intensivləşdirə bilər, çünki hazırkı vəziyyətin kəskinləşməsi Ukraynanın yanacaq və neft məhsullarının daha çoxşaxəli tədarükü axtarışına çıxmasına səbəb olacaq. Müvafiq olaraq, yanacaq və neft məhsullarının tədarükü baxımından Azərbaycan ilə Ukrayna arasında bir növ enerji ticarəti körpüsü layihəsi yenidən canlana bilər. Üstəlik, Ukraynada Azərbaycan yanacaqdoldurma məntəqələri şəbəkəsi mövcuddur. Mən prezidentlər – Leonid Kuçma və Heydər Əliyevin dövründə kifayət qədər yüksək səviyyədə olan əməkdaşlıq formatına qayıdışı nəzərdə tuturam”, – deyə ekspert vurğulayıb.
Ancaq bu, kəskinləşmənin mövcud formatla məhdudlaşdığı təqdirdə keçərlidir. Kuşun sözlərinə görə, əgər hərbi əməliyyatlar tammiqyaslı olarsa, müvafiq olaraq, bu, Qara və Azov dənizlərində Ukrayna limanlarının bağlanması riskini artırır: “Müvafiq olaraq, Ukrayna kənd təsərrüfatı ixracının dəniz yollarını və dəniz yolu ilə enerji resurslarını idxal etmək imkanını itirə bilər. Belə olan halda, bütün istəklərinə baxmayarq, Ukrayna Azərbaycana neft məhsullarını daşıya bilməyəcək və bu halda Ukrayna mallarının Azərbaycana tədarük imkanları da kəskin şəkildə azalacaq”.
Ukraynalılar narahatdırlar ki, Qara dənizdəki Rusiya donanması onların limanlarını bağlayacaq. İndiyədək kommersiya yüklərinin daşınması üçün dəhliz qalıb, limanların fəaliyyətində heç bir fasilə yaranmayıb. Amma indi Qara və Azov dənizlərinin suları sığorta şirkətləri tərəfindən “yüksək riskli ərazilər” elan edilib ki, bu, yüklərin daşınması xərclərini artırıb./ayna.az