Müharibə bu gün başlamadı, amma qoşunların cəmləşdirilməsi davam edir
ABŞ və digər Qərb ölkələri kəşfiyyat məlumatlarına istinadən Rusiyanın bu gün fevralın 16-da Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaya biləcəyinə dair yaydıqları həyacanlı məlumatlar öz təsdiqini tapmayıb. Lakin belə görünür ki, müharibə təhlükəsi hələ qalır, çünki Rusiya ordusu sərhədboyu cəmləşməni davam etdirir.
Rusiya Müdafiə Nazirliyi ötən gün “təlimlər üçün” Ukrayna sərhədləri istiqamətində cəmləşdirilmiş qoşunların daimi dislokasiya yerlərinə geri qayıtmağa başladığını açıqlasa da situasiyanı yaxından izləyən ekspertlər əslində vəziyyətin dəyişmədiyini bildirirlər. “Conflict İntelligence Team” qrupunun ekspertləri qeyd edirlər ki, hazırda Ukrayna sərhədlərindən əsgərlərin və texnikanın geri çəkilməsi baş vermir. Üstəlik son günlər sərhədyanı rayonlara qoşun cəmləşdirilməsi daha da intensivləşib.
Ekspertlər qeyd edirlər ki, Ukrayna sərhədləri istiqamətində əlavə hərbi kalonlar hərəkət edir. Habelə Belarus ərazisində, hazırda Rusiya ilə birgə təlimlərin keçirildiyi rayonlara aid olmayan ərazilərə də hərbi qüvvələrin cəmləşdirilməsi müşahidə olunur.
ABŞ-ın CBS News telekanalı da Rusiya qoşunlarının Ukrayna sərhədlərindən geri çəkilmədiyini, əksinə tammiqyaslı hücuma başlamaq üçün zərbə mövqelərinə hərəkət etdiyini bildirir. Telekanalın xəbərinə görə, ötən gün həqiqətən bəzi bölmələr Ukrayna sərhədləri yaxınlığındakı cəmləşmə rayonlarını tərk edib, amma onlar öz bazalarına yox, atəş mövqelərinə doğru hərəkət ediblər. Bunların sırasında raket və artilleriya kompleksləri də yer alır. ABŞ güc strukturlarından birinin nümayəndəsi bildirib ki, Rusiya qoşunları hələ bazar günü cəmləşmə rayonlarını tərk etməyə başlayıblar və hələlik zərbə rayonlarına çatmayıblar.
Telekanal qeyd edir ki, Rusiya ordusunun hücumu başlayanda ABŞ operativ məlumatlar əldə edə bilməyəcək, çünki Pentaqonun yerlərdə bölmələri və havada kəşfiyyat təyyarələri yoxdur. Rusiyanın kiberhücumları isə kəşfiyyat məlumatlarının mobil şəkildə əldə edilməsini çətinləşdirəcək.
“The Financial Times” isə yazır ki, Rusiya Ukraynaya hücum edib Kiyevi tutandan sonra orada özünün oyuncaq hökumətini quracaq. Həmin hökumətə isə Viktor Yanukoviçin “Regionlar” partiyasından keçmiş deputat Oleq Tsaryev başçılıq edəcək. Bu barədə məlumatı qəzet ABŞ kəşfiyyatına istinadən yayıb.
“Qərb kəşfiyyatı hesab edir ki, keçmiş ukraynalı deputat Rusiyanın müdaxiləsi halında Kremlin oyuncaq hökumət qurmaq planlarında yer alır. O, həmin hökumətə başçılıq edəcək”, – məlumatda bildirilir.
2014-cü ildə Ukraynadan qaçan Tsaryev hazırda Krımda yaşayır və orada üç sanatoriya işlədir.
“Tsaryevin Putinin Ukraynadakı rejim dəyişikliyi üçün mümkün namizədi olduğu barədə məlumat Amerika kəşfiyyatından əldə edilib, hansı ki, ABŞ kəşfiyyatının bu məlumatı Böyük Britaniya, Avstraliya, Kanada və Yeni Zelandiya üçün açıqdır”, – qəzet yazır./virtualaz.org