Amnistiya təklifi olunur – Vətəndaşların bu cərimələrinin silinməsi üçün

 

Milli Məclisin deputatı Tahir Kərimli İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərdə cərimələrin miqdarının 300-400 faiz artırılmasına qarşı çıxıb. Onun sözlərinə görə qanunu hazırlayanlar Milli Məclisi zərbə altında qoyur.

Millət vəkili vətəndaşların sosial yüklərinin çoxluğunu önə çəkərək onlara tətbiq olunan cərimələrin azaldılması, daha doğrusu bu sanksiyalardan fevralın 1-nə kimi azad olunmalarını təklif edib:

“Pensiya və təqaüdlər cəmi 30-40 faiz artırılır və deyilir ki, dövlətin buna gücü çatır. Axı insanların da ancaq 30-40 faiz cəriməyə gücü çata bilər. Publik hüquqi şəxslər yaradılıb. Onların bir dəfə də olsun cərimə ödədiyini görməmişəm. Qida Təhlükəsizliyi Agentliyi göyərti satanı 1400 manat cərimə edib. O adam bu cəriməni nə zaman qaytaracaq? Təklif, hətta xahiş edirəm ki, insanların fevralın 1-nə qədər olan cərimələri silinsin”.

Tahir Kərimlinin humanist çağırışına həmkarı Fazil Mustafa da dəstək verib.

Açıqlamasında deputat dəfələrlə bu məsələnin Milli Məclisdə müzakirə edildiyini, vətəndaşların artıq yükdən azad edilməsi təklifi ilə çıxış etdiyini xatırladıb:

“Nəqliyyat, pandemiya və digər sahələrlə bağlı vətəndaşlara tətbiq edilən cərimələrin silinməsi təklifini dəfələrlə biz də gündəmə gətirmişik. Onsuz da vətəndaşın yaşayış səviyyəsi aşağıdır. Cərimələrlə də yükləmək olmaz. Mənim də fikrimcə, cərimələrlə bağlı ümumi bir amnistiya olmalıdır və bütün cərimələr silinməlidir. Vətəndaşın sıxıntısı böyükdür, pandemiya ilə əlaqədar onsuz da gəlir azalıb. Düşünürəm ki, nəqliyyatla bağlı bütün cərimələri silmək lazımdır.

Hər halda fevralın 1-nə kimi cərimələrin silinməsi vətəndaşlar üçün xeyli yüngülləşdirici addım olar. Müvafiq icraedici qurum bunu ortadan qaldıra bilər”.

Hüquqşünas Fariz Namazlı isə ilk növbədə cərimələrin silinməsi mexanizminin hazırlanması vacibliyini qeyd edib:

“Təqdirəlayiq təklifdir və vətəndaşların vəziyyətini yaxşılaşdıran haldır. Sadəcə bunun proseduru olmalıdır. Qərar qüvvəyə minəndən sonra o dövlət adına icra olunmalıdır. Bu halda həmin işə yenidən baxılsın, ya Milli Məclis tərəfindən qərar verilsin, ya da prezident tərəfindən hanısa güzəştlə bağlı fərman, yaxud sərəncam verilsin. O zaman çıxarılmış qərarlar üzrə bütün cərimələr silinəcək. Yəni cərimələrin ləğv olunması ilə bağlı ayrıca mexanim hazırlanmalıdır”./bizim.media

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password