“Son addımlar bütün məmurlara siqnaldır” – Milli Məclisdə müzakirə

 

Parlamentin iclasında spikerin Baltikyanı ölkələrə səfəri, ikiyə bölünən BNA, Qarabağa qayıdışdan danışılıb

Milli Məclisin bu gün keçirilən iclasında 11 məsələ müzakirəyə çıxarılıb. Milli Məclisin Sədri Sahibə Qafarova əvvəlcə nümayəndə heyəti ilə Baltikyanı ölkələrə etdiyi səfəri haqqında danışıb. Spiker xatırladıb ki, Milli Məclisin nümayəndə heyətinin fevralın 1-dən 7-dək Baltikyanı ölkələrə rəsmi səfəri olub: “Xatırladım ki, Latviya, Litva və Estoniya Şərqi Avropanın böyük geosiyasi əhəmiyyətə malik olan bölgəsində yerləşirlər. Hər 3 ölkə Avropa İttifaqının və NATO-nun üzvüdür. Qeyd edim ki, həm Azərbaycan Respublikasının, həm də Baltikyanı dövlətlərin rəhbərliyi dinamik xarakter daşıyan ikitərəfli münasibətlərin inkişafına böyük diqqət yetirirlər”.

Spiker: “Baltikyanı dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər”

“Bu ölkələr Azərbaycanla müxtəlif sahələri əhatə edən qarşılıqlı surətdə faydalı əməkdaşlıq əlaqələri saxlayırlar. Milli Məclisin nümayəndə heyətinin rəsmi səfərinin məramı da ikitərəfli siyasi dialoqun dərinləşməsinə töhfə vermək, xüsusən də dövlətlərarası münasibətlərin önəmli bir istiqamətini təşkil edən parlamentlərarası əlaqələrin inkişafı yollarını nəzərdən keçirmək idi. Nümayəndə heyətimizin Baltikyanı ölkələrə səfəri Latviyadan başladı, daha sonra isə Litva və Estoniya ilə davam etdi. Bir çox rəsmilərlə görüşlər keçirildi. Baltikyanı dövlətlərin ali vəzifəli şəxsləri ilə söhbətlər zamanı bu ölkələr ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişafından, o cümlədən, parlamentlər arasında əlaqələrin səviyyəsindən məmnunluq ifadə edildi, münasibətlərin daha da dərinləşdirilməsi üçün böyük potensial olduğu qeyd edildi. Həmsöhbətlərim təmsil etdikləri ölkələrin daim Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirməklə yanaşı, ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığını, Avropanın enerji təhlükəsizliyinə töfhələrini, COVID-19 pandemiyasına qarşı mübarizədə rolunu yüksək qiymətləndirdilər”, – deyə S.Qafarova vurğulayıb.

“Zəngəzur dəhlizi həm də Avropa İttifaqının üzvü olan ölkələr üçün yeni imkanlar yaradacaq”

Sədr qeyd edib ki, bütün görüşlərdə 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbədən sonra regionda yaranmış yeni reallıqlar barədə məlumat verib: “Qeyd etdim ki, Azərbaycan öz ərazilərini Ermənistanın 30 il sürən işğalından qurtararaq, ərazi bütövlüyünü bərpa etmiş, bununla da BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını təmin etmişdir. Artıq münaqişə tarixdə qalmışdır və işğaldan azad olunmuş ərazilərdə bu gün geniş miqyaslı quruculuq və bərpa işləri həyata keçirilir. Bildirdim ki, Ermənistan işğal altında saxladığı bütün şəhər və kəndlərimizi viran qoymuş, tarixi, mədəni və dini abidələrimizi məhv etmişdir. Azərbaycanın regionda daimi sülh və təhlükəsizliyin təmin olunmasını istədiyini, bu məqsədlə suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlanması, bütün kommunikasiyaların bərpası və münasibətlərin normallaşmasına gətirib çıxaracaq sülh sazişinin imzalanması barədə Ermənistana bir sıra təkliflər verdiyini diqqətə çatdırdım.  Bu il 30-cu ildönümü tamam olacaq Xocalı soyqırımı haqqında düşüncələrimi bölüşdüm, Latviya, Litva və Estoniya parlamentlərinin Azərbaycanla dostluq qruplarının bu barədə verdikləri bəyanatların ölkəmizdə yüksək qiymətləndirildiyini bildirdim. Söhbətlər zamanı mən ölkəmizin həyata keçirdiyi layihələr və mövcud investisiya imkanları barədə də məlumat verdim. Zəngəzur dəhlizinin strateji əhəmiyyətindən danışaraq qeyd etdim ki, bu dəhlizin açılması nəinki region, həm də Avropa İttifaqının üzvü olan ölkələr üçün yeni imkanlar yaradacaq”.

“Azərbaycanla Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar son mərhələdədir”

“Azərbaycanla Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar son mərhələdədir və sazişin 90 faizdən çoxu artıq razılaşdırılıb. Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlıq da böyük əhəmiyyət kəsb edir. Azərbaycan neftlə yanaşı, həm də Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropanı qazla təchiz edir. Bu isə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verir. Hörmətli həmkarlar, Baltikyanı ölkələrdə rəsmi görüşlər ilə yanaşı, nümayəndə heyətimiz bir sıra tədbirlərdə də iştirak etdi. Hesab edirəm, Milli Məclisin nümayəndə heyətinin Baltikyanı ölkələrə rəsmi səfəri uğurlu oldu və bununla əlaqədar mən nümayəndə heyətinin hər bir üzvünə öz dərin minnətdarlığımı bildirirəm”,- deyə spiker bildirib.

Deputat: “7 ildir heç nəyə nail ola bilməyib”

Deputat Rüfət Quliyev isə çıxışına Prezident İlham Əliyevin islahatlar siyasətinin səmərə verdiyi fikri ilə başlayıb. Deputat qeyd edib ki, Prezidentin rəhbərliyi ilə 2018-ci ildən başlayan dərin islahatlar çoxşaxəli və silsilə formasındadır: “Hesab edirəm ki, islahatlar daha da dərinləşəcək”.

“Prezident İlham Əliyevin son günlərdə atdığı addımlar dövlət qurumlarında gedən proseslərə böyük təkan verib. Biz seçicilərlə də görüşürük. Bu addımlar insanları da razı salıb. Son addımlar bütün dövlət qurumlarına, məmurlara bir mesajdır, siqnaldır. 10 gün öncə Milli Məclisdə Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti ilə əlaqədar müzakirələr oldu. Biz bilirik ki, bu qurum 7 ildir heç nəyə nail ola bilməyib. Bu gün qurum artıq iki yerə bölünüb. Düşünürəm ki, aparılan işlərlə bu sahədə olan problemlər həllini tapacaq”, – millət vəkili vurğulayıb.

“Onların öz doğma yurdlarına qayıdan zaman işlə təmin olunması çox önəmlidir”

“Hazırda Azərbaycan xalqı böyük qayıdış dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə böyük bərpa və quruculuq işləri sürətlə həyata keçirilir. İşğaldan azad olunduqdan sonra qısa müddətdə bu ərazilər minalardan təmizlənmiş, elektrik və su təchizatı yüksək səviyyədə həyata keçirilmiş, dəmir və avtomobil yollarının çəkilişinə başlanılmışdır”, – deyən deputat Ceyhun Məmmədov bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu ərazilərə davamlı səfərlər edərək, burada həyata keçirilən layihələrlə yaxından tanış olur, prosesi bilavasitə xüsusi diqqət və nəzarətində saxlayırlar:

“Prezident İlham Əliyev növbəti belə səfəri Ağdama etdi. O Ağdama səfər çərçivəsində bir sıra mühüm obyektlərin təməlini qoydu. Onlar arasında özünəməxsus yeri olan layihələrdən biri də bölgə əhalisi üçün yaşayış komplekslərinin inşasıdır. Bu cür layihələr işğaldan azad olunmuş ərazilərin sakinləri üçün xüsusi əhəmiyyət daşıyır. 30 il idi ki, insanlarımız səbirsizliklə bu günü gözləyirdilər. Nəhayət həmin gün yetişdi. Artıq yaxın vaxtlarda insanlarımız öz doğma yurdlarına köçəcək, bu yerlərdə həyat yenidən öz axarına qayıdacaq. Burada önəmli məsələlərdən biri də yaşayış binalarının inşası ilə yanaşı yeni zavod və fabriklərin təməlinin qoyulmasıdır. Qarşıda duran mühüm məsələlərdən biri işğaldan azad olunmuş ərazilərdə yeni iş yerlərinin yaradılmasıdır. Respublikanın müxtəlif bölgələrində məskunlaşan insanlarımız hazırda müxtəlif qurumlarda çalışırlar. Onların öz doğma yurdlarına qayıdan zaman işlə təmin olunması çox önəmlidir. Ona görə bütün işlər paralel aparılır”.

“Proseslərin təhlili göstərir ki, işğaldan azad olunmuş ərazilərdə quruculuq və abadlıq işləri çox sürətlə aparılır. Tezliklə insanlarımız öz doğma yurdlarına qayıdacaq, bu ərazilər dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək. Prezident İlham Əliyevin əsas hədəf və məqsədi də budur”, – deyə millət vəkili vurğulayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password