İrəvanı anladıq, bəs, Zaxarova Qarabağda nə istəyir?
Müharibədən sonra illərlə işğal altında saxladığı əraziləri itirən Ermənistan hazırda UNESKO-nun Qarabağa nümyəndə heyəti göndərməsini istəyir.
Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, bu məsələdə İrəvana Moskva da dəstək verir:
“Rusiya Xarici İşlər Nazirliyinin mətbuat sözçüsü Mariya Zaxarova deyib ki, Moskva qısa zamanda UNESKO-nun Qarabağa heyət göndərməsinə tərəfdardır. İrəvanı anladıq, “Qarabağdakı erməni abidələrinin albanlaşdırılması” adı altında saxta ittihamlarına əsaslanaraq, UNESKO-dan dəstək qazanmağa çalışır. Bəs Moskvanın marağı nədir? Bəlkə Moskva da İrəvanın saxta iddiasına şərikdir, bununla Azərbaycana qarşı əlavə təzyiq aləti əldə etmək istəyir?
Torpaqlarımız işğal altında ikən UNESKO Qarabağda dağıdılan məscidlər, muzeylər və kitabxanalarla maraqlanmadı, ancaq ermənilərin və onların havadarlarının çağırışı ilə azad olunmuş ərazilərə təcili nümayəndə heyəti göndərməyə qərar verdi”.
Politoloq UNESKO nümayəndə heyəti ilə bağlı iki məqama da diqqət çəkib:
“Birincisi, beynəlxalq təşkilatın Qarabağa göndəriləcək nümayəndə heyətinin necə formalaşacağı prosesini diqqətdə saxlamalıyıq. Şübhə etmirəm ki, erməni lobbisi həmin heyətə öz adamlarını salmağa çalışacaq. İkincisi, indidən UNESKO-ya bəyan etməliyik ki, Qarabağa gələcək heyət “ünvanlı monitorinq” deyil, geniş monitorinq həyata keçirməlidir, əks halda nəticələr Azərbaycan tərəfindən tanınmayacaq”.