Şuşa Bəyannaməsi rəsmiləşdi: Qarabağdakı vəziyyət nəyi tələb edir?

 

Əliyev və Ərdoğanın Şuşa Bəyannaməsini təsdiq etməsi ilə sənəd qüvvəyə mindi: sənəd suverenliyə qarşı təhdidləri aradan qaldırmaq üçün iki ölkənin bir-birinə tam dəstəyinə imkan verir;

Azərbaycan Qarabağda suverenliyinə qarşı təhdidi aradan qaldırmaq üçün hərəkətə keçəcəyi təqdirdə Türkiyə təkcə siyasi yox, hərbi baxımdan da prosesdə aktiv iştirak edə bilər.

Bəyannamənin imzalanmasından niyə 7 ay sonra təsdiq edilməsi Ukrayna üzərindən başlanan geosiyasi qarşıdurma fonunda diqqət çəkir: Bakı iki cəbhə arasında qalmaq perspektivini anlayaraq, seçimini öncədən rəsmiləşdirdi;

Hərçənd, prosedur olaraq bəyannamənin bir il ərzində təsdiqlənməsi gözlənilən idi. Bakı və Ankaranın 7 ay gözləməsinin səbəbi başqa ola bilər: istisna deyil ki, bəyannamədə hərbi istiqamətdə əməkdaşlıqla bağlı ictimaiyyətə açıqlanmayan məqamlar da olub; bunun hərbi baza olması versiyası daha böyükdür və Ərdoğanın Şuşadan qayıtdıqdan sonra açıqladığı fikirlər tərəflərin bu məsələni Rusiya ilə razılaşdırmaq, eləcə də bəyannamənin üçüncü ölkəyə qarşı olmadığını izah etmək üzərində işlədiyini deməyə əsas verir; sənəd rəsmiləşdi, lakin məsələnin razılaşdırılıb-razılaşdırılmadığı bəlli deyil;

Sənədin rəsmiləşməsindən sonra Bakının Qarabağda ata biləcəyi addımlar maraqlıdır: mümkündür ki, bir sıra istiqamətdə aktiv proseslərin şahidi ola bilərik, Qarabağdakı mövcud vəziyyət də bunu şərtləndirir.

Hazırda separatçılar qondarma “konstitusiya islahatları”na başlayıb və qondarma “parlament və prezident seçkilərinə” hazırlaşır. Qondarma “seçkilər” müharibədən sonra 2022-ci ilə qədər təxirə salınmışdı. Həmin vaxt bunun Bakının tələbi ilə olduğu haqda da məlumatlar var idi. Lakin mövcud proseslər separatçıların “seçki planını” icra etmək niyyətində olduğunu göstərir. Bunun baş tutması separatçı-terrorçu rejimin “müstəqilliyini” nümayiş etdirmək, həm də müharibədən sonrakı reallığa qarşı “əzələ göstərmək” deməkdir və bu ssenarinin “rus müəllifin” qələmindən çıxması da Azərbaycanın suverenliyinə qarşı təhdid perspektivini artırır.

Şuşa Bəyannaməsinin indi qüvvəyə minməsi hadisələrin inkişafını müəyyənləşdirməyə də hesablanmış ola bilər.

 

Asif Nərimanlı

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password