“Qapılar açılacaq” xəbərləri: İğdırda daşınmaz əmlak və torpaq bahalaşıb

 

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dair Azərbaycanla uzlaşdırılmaqla aparılan proses İğdır bölgəsinin sərhədyanı yaşayış məntəqələrinin sakinlərində tezliklə “qapıların açılacağına” dair ümidlər yaradıb. virtualaz.org İğdırda nəşr edilən “Güven gazetesi”nə istinadən xəbər verir ki, Türkiyə ilə Ermənistan arasında 325 kilometrlik sərhəddə iki sərhəd-keçid məntəqəsi var. Gümrüdən Qarsa qədər uzanan dəmir yolunun üzərindəki Akyaka Sərhəd-Keçid Məntəqəsi və İğdırdan keçən quru yolu üzərindəki Alican Sərhəd-Keçid Məntəqəsi.

2009-cu ildə məlum Sürix protokolunun imzalanması zamanı Türkiyə tərəfi Akyaka və Alican istiqamətində dəmir və quru yolunu yeniləmişdi. Lakin münasibətlərin normallaşması cəhdi baş tutmadı, indi isə Azərbaycan Qarabağı azad edib və nəticədə bölgədə yeni situasiya yaranıb. O cümlədən Türkiyənin Ermənistanla münasibətləri normallaşdırması yolunda maneə qalmayıb. Və hər iki ölkə münasibətləri normallaşdırmaq üzrə danışıqları başladıb, xüsusi nümayəndələr təyin olunub və onların arasında ilk görüş Moskvada baş tutub. Növbəti görüşün Vyanada keçiriləcəyi gözlənilir.

Prosesin başlaması İğdır sakinləri arasında canlanma yaradıb. Onlar 29 ildir bağlı olan sərhəd qapısının açılması ilə Ermənistanla ticarət əlaqələrinin canlanmasını gözləyirlər.

İğdır Ticarət və Sənaye Dərnəyinin başqanı Kamil Arslan deyir ki, bölgə üç ölkə ilə həmsərhəd olduğundan strateji əhəmiyyət kəsb edir. Ermənistanla əsas sərhəd qapısı da İğdırda yerləşir. O, Azərbaycanla Ermənistan arasında münaqişə bitmədən bu qapının açılmasını istəmədiklərini deyib.

“Xarici işlər nazirimiz Mövlut Çavuşoğlu və hökumətimizin yürütdüyü xarici siyasəti dəstəkləyirik. Ermənistan Türkiyəyə qarşı ərazi iddialarından və soyqırım iddialarından əl çəkməyənə, işğal etdiyi Azərbaycan torpaqlarından çıxmayana qədər bu qapının açılmasına tərəfdar deyildik. Azərbaycan müharibəni uddu, bu torpaqları geri qaytardı. Ermənistan da sərhədlərin açılmasına tərəfdar olduğunu bildirən bəyanatlar verdi”,-o deyib.

Kamil Arslan bildirir ki, İğdırın Ermənistanla ciddi ticarət potensialı var. Onun sözlərinə görə, “ticarətin milliyyəti olmaz”, əgər Ermənistan da bu yanaşmadan çıxış edərsə sərhəd qapısının açılması türk tərəfi üçün uyğundur.

“Onsuz da bizim Ermənistanla ticarət əlaqələrimiz dolayısı ilə mövcuddur. Gürcüstan və İran üzərindən ticarət həyata keçirilir, amma buradan birbaşa ticarətin qurulması bölgəyə, İğdıra, hər iki tərəfə çox faydalı olar. Bu durum bölgədə müsbət ab-hava yaradıb. Hazırda İğdırda daşınmaz əmlakın, torpaq sahələrinin qiymətində artım var, tələbat artıb. Ümid edirik ki, bu danışıqlardan müsbət nəticə əldə olunar, İğdır sakinləri də gözlədikləri ticarət əlaqələrini qurar”,-Arslan əlavə edib.

İğdırın iş adamları da açıqlamalarında sərhədlərin açılmasını səbrsizliklə gözlədiklərini deyiblər. Məsələn, odekalon və dezinfeksiya məhsulları istehsal edən firmanın sahibi Ümit Eren də sərhədlərin açılmasını gözlədiyini, bu baş versə ticarətinin canlanacağını deyib.

Qeyd edək ki, Ermənistanda sərhədlərin açılacağı xəbərlərindən heç də məmnun deyirlər. Ermənilərin əksəriyyəti hesab edir ki, “soyqırım” tanınmadan Türkiyə ilə münasibətləri normallaşdırmaq olmaz./virtualaz.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password