Putin Ukraynadan nə istəyir? – “Rusiyaya söz versinlər ki…”

 

Son günlər Rusiya-Ukrayna böhranında gərginliyin artdığı vaxt İngiltərənin “The Guardian” qəzeti “Putin Ukraynadan tam olaraq nə istəyir?” sualını ünvanlayıb.

Saymon Tisdalın yazdığı məqalədə Rusiya-Ukrayna xəttində baş verənlər və Vladimir Putinin tələbləri ilə bağlı şərhlər yer alıb.

Rusiya Ukraynanı işğal edəcəyi ilə bağlı iddianı təkidlə təkzib edir. Putin də keçən həftə fransalı həmkarı Emmanuel Makronla üzbəüz görüşdə və ABŞ lideri Co Baydenlə telefon danışığında bu iddianı qəbul etmədiyini deyib. Qərb isə Putinə inanmır. Sual olunur ki, əgər Putinin niyyəti sülhməramlıdırsa, onda niyə Ukrayna sərhədlərinə 130 mindən çox hərbi qüvvə yeridib?

Bununla bir çox iddia var. Putinin Rusiyanın Şərqi Avropadakı, əsasən Estoniya, Latviya, Litva, Belarus, Gürcüstan və Ukrayna kimi indi müstəqil keçmiş sovet respublikalarını əhatə edən keçmiş təsir dairəsini yenidən bərpa etməyə çalışdığı deyilir. O, SSRİ dağılandan sonra tez-tez “Rusiyanın itkiləri”nə gileylənir. Üstəgəl, Putin Qərb ölkələrinə Rusiyanın hələ də supergüc olduğunu göstərmək istəyir.

Putin Rusiyanın cənub-qərb cinahında yerləşən strateji əhəmiyyətli Ukraynanın Qərblə assimilyasiya olunacağından ehtiyat edir. O, Kiyevin NATO-ya yaxınlaşmasının əleyhinədir. Həmçinin Kiyevin Avropa Birliyi ilə inkişaf edən əlaqələrinə qarşıdır. Eyni zamanda, Rusiya baxımından Ukrayna demokratik ölkədir, orada mətbuat azadlığı var və liderlər azad seçkilər yolu ilə seçilə bilər. Rusların isə praktikada belə azadlıqları yoxdur.

Putin Qərbin zəifliyini düşünür. NATO keçən il Əfqanıstandan biabırçı şəkildə geri çəkildi və Bayden yeni müharibələrə girməkdənsə, savaşlara son qoymaq çağırışları edir. Üstəgəl, Baydenin hakimiyyətə gəlişi ilə ABŞ-ın xarici siyasəti Çinə yönəldi. Bu da Putini cəsarətləndirir.

Həmçinin belə bir fikir də var ki, 2014-cü ildə Putinə daxili dəstəyi gücləndirmək və anti-Qərb siyasətinə haqq qazandırmaq üçün böyük qələbə lazım idi. Rusiya o zaman Krımı ilhaq etdi və şərqi Donbas bölgəsini öz nəzarəti altına aldı.

Ukrayna ərazilərinin işğalının müəllifi Putinin indiki istəyi budur ki, NATO Ukraynanı (yaxud Gürcüstan və Moldovanı) heç vaxt üzv kimi qəbul etməyəcəyinə söz versin. Eyni zamanda, Varşava Müqaviləsi Təşkilatının keçmiş üzvü olan Polşa Rumıniya və Bolqarıstan kimi “cəbhə xətti” ölkələrinin də NATO-dan geri çəkilməsini istəyir. Habelə Kiyevin Donbasın muxtar statusunu qəbul etməsini və Krımı geri almaq niyyətindən əl çəkməsini tələb edir.

Putin ABŞ-ın Şərqi və Cənubi Avropada yeni ortamənzilli raketlərinin yerləşdirilməsini məhdudlaşdırmaq və ya dayandırmaq istəyir. Rusiya öz təsirini bərpa etmək və geosiyasi imkanlarını genişləndirmək üçün Avropanın “təhlükəsizlik arxitekturası”nı yenidən dizayn etməyə çalışır. ABŞ bu tələblərə “yox” dediyi üçün böhran yüksələn xətt üzrə davam edir./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password