Maliyyə Nazirliyi Eldar Əzizovun Bakının bəlli olmayan küçələrinə “səpdiyi” pulları bəs niyə hesablamır?
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti fevralın 10-da ümumilikdə 144 nəzarət obyektində apardığı tədbirlər nəticəsində 103,6 milyon manat məbləğində artıq və əsassız ödənişlərə yol verilməsini aşkar etməsi barədə məlumat yaydı. Məlumatda nəzarət tədbirlərinin bir neçə nazirlik və onlara tabeli qurumlarda, habelə bir neçə rayon icra hakimiyyətlərində aparıldığı bildirilirdi.
Qeyd edək ki, bu məlumatların yayılmasından az sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlama verərərk həyata keçirilən yoxlamaların 2013-2018-ci illərdəki dövrü əhatə etdiyini bildirdi. “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti isə nöqsanların əvvəlki rəhbərliyin dövründə baş verdiyini açıqladı. Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti isə yaydığı məlumatda nəzarət tədbirlərinin hansı dövrə aid olması barədə heç bir açıqlama verməyib.
Maliyyə Nəzarəti Xidməti Biləsuvar, Cəlilabad və Şəmkir rayon icra hakimiyyətlərində və tabeli qurumlarında aparılan nəzarət tədbirləri nəticəsində inzibati binalarda, həmin rayon ərazilərindəki avtomobil yollarında təmir-tikinti işlərinin həcmlərinin sənədləşmələrdə artırılması, büdcə təşkilatlarının vəsaiti köçürməsinə baxmayaraq, material qiymətlilərinin alınmaması, binaların qızdırılması üçün dizel yanacağının alınmasına ayrılmış vəsaitin mənimsənilməsi halları müəyyən olunub. Həmçinin, adıçəkilən icra hakimiyyətləri başçılarının aparatlarına maddi təminatı zəif olan sakinlərə yardımların verilməsi məqsədilə ayrılmış vəsaitlərin, habelə müvəqqəti işə qəbul edilən işçilərə müvafiq iş və ya xidmətləri yerinə yetirmədikləri halda adlarına hesablanaraq ödənilmiş vəsaitləri aidiyyəti rayon icra hakimiyyətinin məsul şəxslərinin geri aldığı və bu kimi digər hallara yol verildiyi, bununla da büdcə vəsaitinin təyinatından yayındırıldığı aşkar edildiyini açıqlayıb. Amma adıçəkilən rayonlarda nə qədər büdcə vəsaitinin təyinatından yayındırıldığını da açıqlamayıb.
Məlum olduğu kimi Bakı şəhərinin ərazisi adıçəkilən rayonların ərazisindən qat-qat böyükdür və paytaxt olaraq Bakı şəhər İcra Hakimiyyətinə görülən işlərin həcminə uyğun bu rayon icra hakimiyyətlərindən qat-qat artıq büdcə vəsaiti ayrılır. Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti belə bir nəzarət tədbirini yalnız Bakı şəhər İcra Hakimiyyətinin son üç illik fəaliyyəti ilə bağlı aparsa ortaya nələr çıxar? Maraqlıdır görəsən Maliyyə Nəzarəti Xidmətinin rayonlarda aşkar etdiyi nöqsanları Bakı şəhər İcra Hakimiyyəti də təkrar edirmi, yoxsa həmin iş və xidmətlər burada şəffaf şəkildə həyata keçirilir?
Aktualinfo.org Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 2019-cu ildən sonra dövlət satınalmaları yolu ilə bir sıra mal-materialların və ya xidmətlərin satın alınması məqsədi ilə həyata keçirdiyi bəzi tender prosedurları ətrafında araşdırma aparmışdır. Xüsusilə qeyd etmək istərdik ki, bu son illərdə Bakı şəhər İcra Hakimiyyətinin keçirdiyi tenderlərin cüzi bir hissəsidir. Tenderlər Bakı şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizovun təşəbbüsü ilə Bakı şəhərində həyata keçiriləcək əsaslı tikinti və təmir məsələləri sahəsində strateji planların hazırlanması, görüləcək işlərin koordinasiya olunması və ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunmasına nəzarət üçün hələ 2019-cu ilin fevralında yaradılmış bir qurum, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin xətti ilə həyata keçirilib. Bu tenderlərdə “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilibmi, müəyyən işlər və xidmətlər üzrə bağlanmış müqavilələrdə saxtakarlıq hallarına yol verilibmi, habelə satın alınan malların (xidmətlərin) qiymətləri süni şəkildə şişirdilməyib ki, özünüz görəcəksiniz.
Sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmirinin satınalınması üzrə 2 899 292 manat məbləğində satınalma müqaviləsi 24.12.2021-ci il tarixdə “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.
Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satınalınması üzrə 9 892 535.44 manat məbləğində satınalma müqaviləsi 23.11.2021-ci il tarixdə “STAR CONSTRUKTİON-12” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.
Mənzil-kommunal xidmətlərinin göstərilməsinin təmin edilməsi məqsədi ilə tələb olunan müxtəlif növ malların satın alınması üzrə 4 639 760 manat məbləğində satınalma müqaviləsi 08.10.2021-ci il tarixdə “TİKİNTİ TƏCHİZAT BƏRPA” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.
Məhəllə daxili yollarda və səkilərdə asfalt örtüyünün təmiri üzrə 2 539 163.77 manat məbləğində satınalma müqaviləsi 04.08.2021-ci il tarixdə “XEZER-CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binaların təmirinin satınalınması üzrə 13 470 942.89 manat məbləğində satınalma müqaviləsi 10.06.2021-ci il tarixdə “STAR CONSTRUKTİON-12” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.
Mənzil və kommunal təsərrüfatı ilə bağlı subsidiyaların verilməsi üzrə 6 273 470 manat məbləğində satınalma müqaviləsi 07.06.2021-ci il tarixdə “LPRS 777” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Bakı şəhər ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işləri üzrə 16 559 900 manat məbləğində satınalma müqaviləsi 03.06.2021-ci il tarixdə “STAR CONSTRUKTİON-12” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.
Dövlət müəssisələrinə subsidiyaların verilməsinin satınalınması üzrə 1 284 430 manat məbləğində satınalma müqaviləsi 16.04.2021-ci il tarixdə “STONE CONSTRUCTİON” ” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.
Dövlət müəssisələrinə subsidiyaların verilməsinin satınalınması üzrə 1 284 430 manat məbləğində satınalma müqaviləsi 15.04.2021-ci il tarixdə “STONE CONSTRUCTİON” ” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.
Dövlət mənzil fonduna aid binaların dam örtüyünün təmirinin satın alınması üzrə 9 992 560.78 manat məbləğində satınalma müqaviləsi 11.06.2020-ci il tarixdə “VEST LTD” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.
Sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmirinin satın alınması üzrə 2 993 911.36 manat məbləğində satınalma müqaviləsi 11.06.2020-ci il tarixdə “STAR CONSTRUKTİON-12” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.
Dövlət müəssisələrinə subsidiyaların verilməsinin satın alınması üzrə 4 993 996 manat məbləğində satınalma müqaviləsi 15.05.2020-ci il tarixdə “TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.
Bakı şəhərində dövlət mənzil fonduna aid binaların təmirinin satınalınması üzrə 19 985 998.07 manat məbləğində satınalma müqaviləsi 19.03.2020-ci il tarixdə “İNPEKS-N” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinin satınalınması üzrə 2 592 341.98 manat məbləğində satınalma müqaviləsi 19.03.2020-ci il tarixdə “STAR CONSTRUKTİON-12” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.
Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satınalınması üzrə 16 983 435.6 manat məbləğində satınalma müqaviləsi 19.03.2020-ci il tarixdə “STAR CONSTRUKTİON-12” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.
Bakı Şəhər ərazisində tikinti və təmir işlərinin aparılmasının satınalınmas 3 lot üzrə 2 999 478.6 manat məbləğində satınalma müqaviləsi 14.05.2019-cu il tarixdə “İNPEKS-N” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Bakı Şəhər ərazisində tikinti və təmir işlərinin aparılmasının satınalınmas 3 lot üzrə 2 575 040.6 manat məbləğində satınalma müqaviləsi 14.05.2019-cu il tarixdə “İNPEKS-N” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Bakı Şəhər ərazisində tikinti və təmir işlərinin aparılmasının satınalınmas 3 lot üzrə 16 999 743.9 manat məbləğində satınalma müqaviləsi 14.05.2019-cu il tarixdə “İNPEKS-N” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Göründüyü kimi bu qeyd etdiklərimiz İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti kimi ciddi bir dövlət qurumunun nəzarət etdiyi dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardı. Qeyd edək ki,burada açıqlanması mövcud qanunlara görə zəruri olan bir sıra ən vacib məlumatlar ya gizlədilib, ya da qəsdən ictimaiyyətə açıqlanmayıb. Burada “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətin Tender Komissiyyasının diqqətinə çatdırmaq istərdik ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 26.-cı maddəsinin ( Elanın (dəvətin) məzmunu) tələblərini xatırlatmaq istərdik. Elanda (dəvətdə) aşağıdakılar göstərilir:
26.1.7. göndəriləcək malların adı, miqdarı (həcmi), çatdırılacağı yer, görüləcək işlərin xüsusiyyəti və yeri, göstəriləcək xidmətlərin təsviri və yeri;
26.1.8. malların göndərilməsinin və işlərin başa çatdırılmasının tələb olunan müddətləri və ya xidmət göstərilməsinin qrafiki;
Bundan əlavə həmin qanunun 24-cü maddəsində (Tenderin əsas şərtlər toplusu) qeyd edilir ki,
24.1.4. bu Qanunun 14-cü maddəsinin tələbləri nəzərə alınmaqla malların (işlərin və xidmətlərin) zəruri texniki və keyfiyyət xüsusiyyətləri, o cümlədən planlar, çertyojlar və eskizlər, malın miqdarı (həcmi), əlavə xidmətlər, malların göndərilməsinin (işlərin görülməsinin, xidmətlərinin göstərilməsinin) yeri və müddətləri;
Maraqlıdır “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətin Tender Komissiyyası yuxarıda göstərdiyimiz tender prosedurlarında qeyd olunan xidmətlərin və işlərin yerini nə üçün göstərməyib? Onlar iddia edə bilərlər ki, bu tenderin şərtlər toplusunda göstərilir. Belə olan halda isə şərtlər toplusundakı məlumatlar yalnız satınalan təşkilata və malgötürənə bəlli olur. Bəs bu işlərin Bakı şəhərinin harasında, hansı ünvanında keçiriləcəyini geniş ictimaiyyət haradan bilsin?
Onu da qeyd etmək istərdik ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətin Tender Komissiyyası keçirdiyi bəzi tender prosedurlarında görüləcək işlərəin konkret ünvanlarını açıqlamasa da, bəzilərində də göstərməyi unutmayıb. Məsələn, qurum Xətai rayonu 263 nömrəli tam orta məktəbin ikimərtəbəli korpusunun və birmərtəbəli keçidlərin sökülərək yeni korpusların (idman və akt zalı ilə) inşasının davam etdirilməsi üzrə 11 642 635 manat məbləğində satınalma müqaviləsini 28.12.2021-ci il tarixdə “Hidro Construction” MMC ilə bağlayıb. Göründüyü kimi konkret ünvan qeyd olunub. Eləcə də Bakı şəhər ərazisində yerləşən bir sıra orta məktəblərin əsaslə təmiri işləri üzrə keçirilmiş bir çox tenderlərdə. Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Nizami adına mədəniyyət və istirahət parkında abadlıq işlərinin görülməsinin satınalınması üzrə də həmçinin. Burada isə 13 705 995.64 manat məbləğində satınalma müqaviləsi 23.11.2021-ci il tarixdə “Xezer Construction” MMC ilə bağlanılıb. Bu tenderlərdə görüləcək işlərin konkret ünvanlarının göstərilməsinə baxmayaraq, ayrılan dövlət vəsaitlərinin şişirdildiyi də açıq-aydın görsənməkdir.
Amma bu məqamda Maliyyə Nəzarəti Xidmətinin keçirdiyi yoxlamalarda rayon icra hakimiyyətlərinin yuxarıda qeyd etdiyimiz yol verdiyi nöqsanlara qayıtmaq istərdik. Orada rayon ərazilərindəki avtomobil yollarında təmir-tikinti işlərinin həcmlərinin sənədləşmələrdə artırılması, binaların qızdırılması üçün dizel yanacağının alınmasına ayrılmış vəsaitin mənimsənilməsi hallarının müəyyən olunduğu bildirilir.
Bakı şəhər İcra Hakimiyyəti də məhəllə daxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə, Bakı şəhərində dövlət mənzil fonduna aid binaların təmirinə, Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinə, Bakı şəhər ərazisində tikinti və təmir işlərinin aparılmasına külli miqdarda dövlət vəsaiti ayrılıb. Amma nə çoxdu Bakı şəhərində məhəllədaxili yollar, mənzil fonduna aid binalar, park və bağlar. Nəzərdə tutulan bu təmir işlərinin konkret olaraq hansı ünvanda aparılması və həcmi nə üçün göstərilmir? Ola bilərmi ki, bu pullar da həcmləri sənədlərdə artırılaraq eyni yolların qazılaraq yenidən asfaltlanmasına, eyni binaların dam örtüyünün yenidən təmirinə, eyni park və bağların təkrar təmirinə yazılaraq təyinatından yayındırılır?
Burada məqsəd dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılması deyilsə, nə üçün görüləcək işlərin həcmi və konkret ünvanı göstərilmir? Və bu məqsədlər üçün Bakı şəhər İcra Hakimiyyəti son üç ildə bilirsinizmi nə qədər vəsait ayrılıb? Tərəfimizdən aparılan təxmini hesablamalara görə 138 960 429 manat. Dövlət Maliyyə Nəzarəti Xidmətinin neçə ili əhatə etdiyi bəlli olmayan yaydığı məlumatda göstərilən rəqəmdən xeyli çox. Bu “işləri görən” şirkətlərə isə ayrı-ayrılıqda “Star Construction-12” QSC- yə 62 493 067 manat, “İnpeks.N.” MMC-yə 42 560 261 manat, “Vest-LTD” QSC-yə 12 891 852 manat, digər şirkətlərlə isə ümumi olaraq 21 015 249 manat ödənilib. Hansı ki, dövrü mətbuatda yayılmış çoxsaylı məlumatlarda adı çəkilən şirkətlərin bir nəfərə məxsus olması barədə təkzib olunmayan iddilar var.
Bunlardan əlavə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun birbaşa nəzarətində olan qurumun xətti ilə son illər paytaxtda yuxarıda göstərdiyimiz işlərin görülməsi üçün yüz milyonlarla manat qiyməti olan dövlət sifarişləri verilib. Təbii ki, bu pulları da Maliyyə Nazirliyi ayırıb. Dövlət vəsaitlərinin təyinatı üzrə, şəffaf şəkildə xərclənməsinə nəzarət funksiyasını da elə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti həyata keçirir. Bəs bu Nəzarət Xidməti Eldar Əzizovun Bakının ünvanı göstərilməyən, açıqlanmayan küçələrinə, park və bağlarına “səpdiyi” pulları niyə hesablamır?
Aktualinfo.org