“İrəvan üçün Azərbaycan və Türkiyə ilə sərhədləri açmaq gərəkdir” – Belaruslu politoloq
“Minsk Ermənistanda davam edən böhranlı vəziyyəti nəzərə alaraq, bu ölkədən heç nə gözləmir. Diqqət edin, İrəvanın KTMT və Avrasiya İqtisadi Birliyinin üzvü olmasına baxmayaraq, Ermənistan ötən ilin dekabrında Avropa İttifaqının VI “Şərq Tərəfdaşlığı” sammitinin yekunlarına görə qəbul edilmiş Belarus əleyhinə bəyannaməyə imza atıb”. (yeri gəlmişkən, Bakı Belarusun daxili siyasi vəziyyətinə aid olan bəyannamənin bəndinə qoşulmadı – red.).
Bu sözlərin müəllifi belaruslu politoloq, Belarusun “Yevraziya.Ekspert” nəşrinin redaktoru Petr Petrovskidir.
Politoloq qeyd edib ki, ümumiyyətlə rəsmi Minsk Ermənistandan səsləndirilən bəyanatlara kifayət qədər təmkinlə yanaşır:
“Biz başa düşürük ki, belə müttəfiqlik münasibətləri olmur. Bu, erməni elitasının xarici siyasətdə, o cümlədən təkcə Minskə qarşı yox, həm də ən yaxın qonşularına qarşı, yetkin olmamasının təzahürüdür. Aydın məsələdir ki, Ermənistan həm Azərbaycan, həm də Türkiyə ilə münasibətləri yaxşılaşdırmalı və bərpa etməlidir. Top Ermənistan tərəfindədir. Lakin İrəvan buna hazırdırmı?…
Petr Petrovski vurğulayıb ki, rəsmi Minsk Ermənistanın informasiya meydanında səsləndirilən təhqiramiz bəyanatlara cavab verməyəcək:
“Amma eyni zamanda Minsk bütün bu məqamları yaddan da çıxarmayacaq və başa düşür ki, indi Belarusla Ermənistan arasında müəyyən uçurum var və bu uçurum Minskin siyasətinə görə yaranmayıb”.
Belaruslu politoloq İrəvanın nədən narazı olmasına və Belarus prezidenti Aleksandr Lukaşenkonun “Ermənistanın getməyə yeri yoxdur” açıqlamasına isə belə şərh verib.
“Biz iki siyasi sistemin təbiətindəki fərqi unutmamalıyıq. Ermənistanda Nikol Paşinyan hakimiyyətə “rəngli çevriliş” nəticəsində gəlib. Aleksandr Lukaşenko isə bir neçə “rəngli” dövlət çevrilişlərinin və ölkədə hakimiyyətin zorla ələ keçirilməsinin qarşısını alıb. Belarus Respublikası həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və Qarabağ münaqişəsinin məhz bu kontekstdə həllinin tərəfdarı olub. Ermənistan isə Qarabağdakı separatçı qüvvələrə faktiki dəstək verib. Ermənistanla Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı arasında ikili münasibətləri də unutmaq olmaz. Digər bir mövzu İrəvanın Paris və Vaşinqtonla münasibətləridir ki, bu da təkcə Belarusda deyil, Rusiya Federasiyasında da müəyyən narahatlıq doğurur. İrəvan Avrasiyaya inteqrasiyanın lehinə qərarlı olmalı, qonşuları ilə bütün məsələləri həll etməli, Azərbaycan və Türkiyə ilə sərhədləri açmaq və erməni cəmiyyətinə sirayət etmiş o tarixi fobiyaları aradan qaldırmalıdır”.
Xatırladaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı jurnalist Vladimir Solovyovun “YouTube”da yayımlanan “Solovyov Live” verilişinə verdiyi eksklüziv müsahibədə deyib ki, “Ermənistanın başqa çıxış yolu yoxdur”.
Sitat: “Ukrayna əgər səhvlərə yol verməsə, 15 il ərzində bu “təhlükəsizlik məkanında” yer ala bilər. Ermənistanın başqa çıxış yolu yoxdur. Sizcə, onlar kiməsə lazımdır? Onlar artıq bunu gördülər”.
Bu isə Ermənistan siyasi və ictimai məkanında dərin şok və çaxnaşma yaradıb./oxu.az