Çavuşoğludan Şuşa bəyannaməsi və Ermənistan açıqlaması – Kritik mesajlar
“Yeri gələndə Azərbaycan və Türkiyə bir dövlət kimi də davrana bilir”.
Bunu Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Biz Azərbaycanla iki dövlətik. Biz bir millət, iki dövlətik. Taleyimiz birdir, dinimiz, dilimiz birdir. Yeri gələndə bir dövlət kimi də davranırıq. Şuşa bəyannaməsi ilə əməkdaşlığımız çox fərqli mövqeyə gəlib çatıb, bu, tam müttəfiqlikdir. Bu, içimizdəki duyğunun reallaşmasıdır. Biz son nəticədə Azərbaycanla bir-birimizi qorumağa, hər sahədə ikitərəfli əlaqələrimizi artırmağa davam edəcəyik. Azərbaycan, azərbaycanlı qardaşlarımız da bizim olmadığımız yerlərdə Türkiyənin hüquqlarını müdafiə edib. Bu, keçmişdən mövcud olan siyasətlərin Şuşa bəyannaməsi ilə rəsmiləşdirilməsidir”, – Çavuşoğlu bildirib.
Ermənistan-Türkiyə münasibətlərində gəldikdə, xarici işlər naziri söyləyib:
“Azərbaycan da bu prosesi dəstəkləyir. Azərbaycanla məsləhətləşmədən heç bir addım atmadıq. Azərbaycan da bizim Ermənistanla birbaşa təmasda olmağımıza üstünlük verir. Cənubi Qafqazdakı bu problem Azərbaycanın Qarabağ zəfəri ilə başa çatdı. İndi sülh və əməkdaşlıq olmalıdır. Bölgədə mühüm layihələr həyata keçirərək regionun inkişafı üçün çalışmalıyıq. Ermənistan da daxil olmaqla, heç kim kənarda qalmamalıdır.
Qarabağ zəfərindən yaranan dərs və fürsət var. Qələbədən dərhal sonra müsbət mesajlar verdik. Paşinyan seçkidə qalib gəldikdən sonra mühüm mesajlar səsləndirdi. Prezidentimiz buna müsbət cavab verdi. Xüsusi nümayəndələr təyin etmişik. Onlar Moskvada görüşdülər. Bu dəfə isə, fevralın 24-də Vyanada görüşəcəklər. Azərbaycan da Ermənistanla davamlı sülh istəyir”./teleqraf.com