Mərkəzi Bankdan 500 manatlıqlarla bağlı – Açıqlama
500 manat nominallı xatirə pul nişanı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağın azadlığı uğrunda 2020-ci ildə aparılmış 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun tarixi zəfəri münasibəti ilə Azərbaycan Mərkəzi Bankı tərəfindən 04 noyabr 2021-ci il tarixində tədavülə buraxılıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
Qeyd olunub ki, beynəlxalq təcrübəyə uyğun olaraq 500 manat nominallı bu xatirə pul nişanı məhdud sayda (1 mln. ədəd) istehsal olunub və onun istehsal limitinin artırılması nəzərdə tutulmur.
“Hazırda istehsal olunmuş 500 manatlıq xatirə pul nişanlarının 22%-i tədavüldədir və bu pul nişanları digər dövriyyə pulları kimi ölkə ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Qanunu”nun 33.6-cı bəndinə əsasən Mərkəzi Bankın buraxdığı pul nişanları, o cümlədən yubiley və xatirə pul nişanları Azərbaycan Respublikasının bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilir”, – vurğulanıb./unikal.org