BNA-nın taleyi necə olacaq? – Ekspertlər danışdı

 

Prezident İlham Əliyevin fərmanına əsasən, Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verildi. Şübhəsiz ki, bu fərmandan sonra BNA-nın nizamnaməsində, kadrlarında dəyişikliklər olacaq.

Bu sözləri açıqlamasında nəqliyyat üzrə ekspert Aqil Rəhimov deyib.

“Bundan əvvəl parklanmaya görə cərimələri həm DYP, həm də BNA tətbiq edirdi. Bəzən bir avtomobilə iki qurum eyni anda cərimə yazırdı. Yəqin ki, bundan sonra belə halların qarşısı alınar. Fərmana görə, BNA-nın tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət Daxili İşlər Nazirlyinin tabeliyinə verildi. Bu da öz növbəsində müsbət haldır”, – A.Rəhimov bildirib.

Ekspert qeyd edib ki, bu yaxınlarda yeni cərimələr qüvvəyə minəcək:

“Yol ayrıclarında, səkilərdə və ikinci cərgədə dayanmağa görə cərimələr ikiqat artaraq 40 manat olacaq. Bu da hesab edirəm, qayda pozuntularının sayını azaldacaq”.

Nəqliyyat eksperti Elməddin Muradlı isə bildirib ki, BNA-nın parklanma ilə bağlı geniş səlahiyyətləri olsa da, vətəndaşlarla ünsiyyətdə, onları qayda-qanuna dəvət etməkdə çox çətinlik çəkir:

“BNA-nın məhdud şəxsi heyəti bu gün yalnız şəhərin mərkəzi küçələrində, prospektlərdə xidmət apara bilirlər. Digər ərazilərdə DYP xidmət aparır. Kənardan baxanda eyni funksiyanı iki qurumun yerinə yetirməsi uyğunsuz görünür”.

Ekspert hesab edir ki, bundan sonra parklanma ilə bağlı cərimələri BNA yazmayacaq:

“Fərmana görə, artıq şəhərdəki bütün kameraları DİN nəzarətə götürəcək. Parklanma tariflərinin necə olacağı bilinmir. Bildiyim qədəri ilə, Nazirlər Kabinetinə göndərilən sənədlərdə kifayət qədər ciddi rəqəmlər ortaya qoyulub. Yəqin ki, NK əhalinin indiki güzəranını nəzərə alaraq qərar verməkdə tələsmir. Bu gün “parkovşiklər” dediyimiz “sarı jiletlilər” o pulları yığıb hara və kimə aparır, heç kim bilmir. Artıq o pulların qanuni şəkildə dövlət büdcəsinə getməsinin zamanıdır. Hesablamalarıma görə, ayda təxminən 300-350 min manat kimlərinsə cibinə gedir. Bu pulla aya iki avtobus almaq olar. Fərmanda da BNA tərəfindən əldə olunan gəlirlərin dövlət büdcəsinə yönləndirilməsi öz əksini tapıb”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password