Ukraynalı diplomat: “Biz Türkiyəyə və Azərbaycana göstərdikləri dəstəyə görə minnətdarıq”
“Türkiyə, Moskva ilə Kiyev arasında gərginliyi azaltmaq üçün fəal səy göstərir”.
Bu barədə dünən, fevralın 7-də NATO-nun baş katibi Yens Stoltenberqlə söhbətində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə lideri böhranın dinc yolla, Ukraynanın ərazi bütövlüyü çərçivəsində həllinə ümid etdiyini bildirib.
Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl Ukraynaya səfər etmişdi.
Ukraynalı tanınmış diplomat, Ukrayna Xarici İşlər Nazirliyi nəzdində Gennadi Udovenko adına Diplomatik Akademiyanın direktoru Gennadi Nadolenko açıqlamasında qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfərini tarixi hadisə kimi qiymətləndirmək lazımdır.
“Bu səfər təkcə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf etdiyinə görə deyil, həm də ona görə önəmlidir ki, üzərində 10 ildən artıqdır işlənilən bir sıra ikitərəfli sazişlərin, o cümlədən azad ticarət sazişinin imzalanması ilə nəticələndi. Bu bütün tərəfdaşlarımız, biznesimiz və iki ölkənin iqtisadiyyatı üçün vacib bir siqnaldır”, – deyə həmsöhbətimiz vurğulayıb.
Gennadi Nadolenko sözlərinə görə, biz Ukraynanın və regionun üzləşdiyi çağırışları yaddan çıxarmamalıyıq.
“Ukrayna sərhədlərində vəziyyətin gərginləşməsi bütün beynəlxalq münasibətlər sistemi üçün bir testdir. Bu durum Rusiyanı effektiv şəkildə cilovlamaq və Avropada yeni hərbi eskalasiyanın qarşısını almaq üçün fəal, diplomatik addımlar atmağa məcbur edir. Ona görə də bu səfərin belə bir əsaslandırması da oldu. Ukraynanın təhlükəsizliyi bizim hər bir tərəfdaşımızın təhlükəsizliyidir. Bu baxımdan, bu çətin zamanda beynəlxalq arenada Ukraynanı dəstəklədikləri üçün həm Türkiyə, həm də azərbaycanlı tərəfdaşlarımıza minnətdarıq”, – deyə G.Nadolenko fikrini tamamlayıb./oxu.az