Parkomatlar anbardadır, milyonlar havaya sovrulub: Uğursuz parkinq layihəsinə görə kim cavabdehdir?
Bu, Bakıda tıxac və qeyri-qanuni parklanma problemini həll edəcək – 2014-cü ildə Bakı Şəhər İcra Hakimiyyətinin Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə həyata keçirdiyi müvəqqəti parkinq layihəsi belə təqdim edildi. Həmin vaxt paytaxt küçələrində Fransanın “Parkeon” şirkətinin istehsalı olan parkomatlar quraşdırıldı.
Ötən gün sosial şəbəkələrdə Suraxanı rayonunun Günəşli qəsəbəsində keçirilən kənd təsərrüfatı yarmarkasından fotolar yayılıb. Bir fotoda həmin parkomatların lazımsız əşyalar kimi bir anbara yığıldığı əks olunub. Sosial şəbəkələrdə bu yerə “parkomatlar qəbiristanlığı” ləqəbi verildi.
Sosial media istifadəçilərinin reaksiyasını başa düşmək olar. Bu layihə 2014-cü ildə parkinq yerlərinin təşkili və qanunsuz parklanmaya qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirilib. Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyəti “Bakı şəhərində avtomobil dayanacaqlarının təşkili haqqında” sərəncam qəbul edib.
O vaxtkı Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) müvəqqəti dayanacaq üçün 288 yer müəyyən etdi. Fransadan 1000 parkomat alındı. 5 ay ərzində 60 yol və prospektdə ümumilikdə 500-dən çox parkomat quraşdırıldı. Qalan 500 parkomatın taleyi naməlum olaraq qaldı. Parkomatların alınıb quraşdırılmasına nə qədər vəsait xərcləndiyi barədə də məlumat yoxdur. Amma məlumdur ki, parkomatlardan ayda ümumilikdə 1,8 milyon manata yaxın gəlir əldə olunub.
Nə baş verdi?
Birincisi, onu qeyd edək ki, İcra Hakimiyyətinin müəyyən etdiyi tariflər həddindən artıq yüksək idi. Əslində, ümumilikdə 4 saatı keçməməli olan parkinqin hər saatı 1 manata başa gəlirdi.
İkincisi, parkomatlar harda gəldi quraşdırıldığından paytaxtda böyük maneələr yaradırdı və nəqliyyatın hərəkətini çətinləşdirirdi. O vaxtkı Nəqliyyat Nazirliyi şikayət edirdi ki, əvvəlcə parkomatların avtobus dayanacaqlarından 40-50 metr məsafədə quraşdırılması nəzərdə tutulsa da, əslində 5-6 metr aralıda quraşdırılmışdı.
Üçüncüsü, parkomatlar ödənişi yalnız qəpiklə qəbul edirdi, əskinasla parkinq haqqını ödəmək mümkün deyildi. Yəni sürücü 2-3 manat rüsum ödəməli idisə, yanında bu məbləğdə qəpik olmalı idi. Bu işdə kömək etməli və pul mübadiləsi aparmalı olan dayanacaq işçilərinin (“parkovşiklər”) sayı kifayət qədər deyildi və soyuq mövsümdə onları ümumiyyətlə tapmaq mümkün deyildi.
İcra Hakimiyyətinin layihəsi tez çökdü. Paytaxt küçələrində parkomatlar fəaliyyətini dayandırdı, 2018-ci ildə isə onların kütləvi şəkildə sökülməsinə başlanıldı. 2018-ci ilin aprel ayından Bakı Nəqliyyat Agentliyinə (BNA) paytaxt küçələrində dayanacaqların idarə edilməsi funksiyaları verildi. Bir müddət əvvəl BNA paytaxtda dayanacaqların təşkili üçün baş plan hazırladığını açıqladı.
Sökülən parkomatların taleyi necə oldu?
Sosial şəbəkələrdə yayılan fotolardan da göründüyü kimi, Fransadan milyonlarla manata alınan parkomatlar sadəcə olaraq hansısa anbara atılıb.
Bu parkomatların gələcək taleyinin necə olacağını, neçəyə başa gəldiyini, milyonlarla manat büdcə vəsaitinin havaya sovrulmasına kimin cavabdeh olduğunu öyrənməyə çalışdıq.
Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, bu layihə meriyanın keçmiş rəhbərliyi dövründə həyata keçirildiyi üçün parkomatların taleyi ilə bağlı onlarda məlumat yoxdur.
“2018-ci ilin aprel ayında Bakı şəhərində parkinqlərin idarə edilməsi funksiyaları BNA-ya verilib. Bu məsələlər Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətinə aid deyil.
BŞİH-in yeni rəhbərliyi 2018-ci ildə təyin edilib, bu layihə də həmin vaxta qədər həyata keçirilib. Bunun həyata keçirilməsi üçün həmin vaxt xüsusi bir şöbə yaradılsa da, sonradan ləğv edildi. Ona görə də bu barədə heç nə deyə bilmərik”, – Bakı şəhər İcra Hakimiyyətindən bildirdilər.
Paytaxtın dayanacaqlarını idarə etmək səlahiyyəti verilən Bakı Nəqliyyat Agentliyinə də müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, köhnə parkomatlar BNA-nın balansına verilməyib və onların taleyi ilə bağlı məlumatı yoxdur.
“Onlar gələcəkdə BNA tərəfindən istifadə oluna bilərmi? Sualına cavab olaraq M.Ağayev qeyd etdi ki, onlar strukturun balansına verilmədiyi üçün bu barədə heç nə deyə bilməz.
Beləliklə, alınması üçün külli miqdarda vəsait xərclənən parkomatlar heç kimə lazım deyil, anbarda qalıb. Bəs büdcə vəsaitlərinin səmərəsiz istifadəsinə görə kimlər cəzalandırılacaq? sualı isə görünür cavabsız qalacaq.
Yalnız ümid etmək olar ki, BNA paytaxtda dayanacaqların idarə edilməsinə cavabdeh olan əvvəlki qurumların səhvlərini təkrarlamayacaq və hazırlanmış baş plan Bakıda uzun müddətdir ki, parkinqlə bağlı yaranan problemi həll edəcək./1news.az
P.S. Material hazırlanarkən Azərbaycan Prezidenti İlham Əliyev publik hüquqi şəxs statusuna malik Bakı Nəqliyyat Agentliyinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilməsi haqqında Fərman imzalayıb.