Bizə AMEA lazımdırmı? – Professor Nizami Cəfərovdan İLGİNC AÇIQLAMA

 

Son zamanlar AMEA-da baş verən proseslər cəmiyyətin müxtəlif təbəqələri arasında geniş müzakirə olunur. AMEA rəhbərliyi tərəfindən akademiklərə qarşı sərgilənən qeyri-adekvat münsibət, alimlərin heç bir əsas olmadan işdən kənarlaşdırılması, ümumiyyətlə idarəçiliyin düzgün həyata keçirilməməsi Ramiz Mehdiyevin istefasını gündəmə gətirib.

Mövzu ilə bağlı açıqlama verən Atatürk Mərkəzinin direktoru, AMEA-nın həqiqi üzvü, professor Nizami Cəfərov bildirib ki, Akademiya hər cəhətdən intellektual insanlardan ibarətdir. Onlar dünyanın ən müxtəlif hadisələrini müzakirə və təhlil edirlər. Belə olan halda Akademiyanın özündə gedən proseslərin və AMEA-nın taleyinin təhlili aparılmalıdır: “Elmimizi nə gözlədiyi, hansı perspektivlərin və məhdudiyyətlərin olduğu araşdırılmalıdır. Müzakirələrin aparılması prinsip etibarilə çox yaxşı haldır. Sadəcə bu məsələlər qarşılıqlı ittiham və təhqirlərlə yox, mədəni və ağıllı şəkildə müzakirə edilib yoluna qoyulmalıdır”.

Nizami Cəfərov əlavə edib ki, Ramiz Mehdiyevin AMEA prezidenti postunu tərk etməsi haqda fikirlər var: “Amma Ramiz müəllimin fikrincə o AMEA-nı normal idarə edir. Hesab edirəm ki, bir-birinə zidd olan fikirlərin müzakirəsi aparılmalı, idarəçilikdə akademiyanın işçilərini təmin etməyən məsələlər həllini tapmalıdır. Burada söhbət AMEA-nın strukturunda çalışanlardan, xüsusən də İnstitut direktorları ilə AMEA prezidenti arasındakı məsələlərdən gedir. Çünki etirazlar daha çox həmin strukturlarda çalışan işçilərdən və onlara rəhbərlik edən şəxslərdən gəlir. Mən AMEA rəhbərinin İnstitut direktorlarına, yaxud əksinə olaraq onların Akademiya prezidentinə inzibati təzyiq göstərməsinin tərəfdarı deyiləm. Burada hər şey elmi baxımdan müzakirə olunmalıdır”.

Professorun sözlərinə görə, bir vaxtlar “AMEA lazımdır ya yox” sualı qoyulurdu: “Təhlillər və müqayisələr göstərdi ki, Akademiya lazımdır. Amma necə idarə olunan Akademiya lazımdır sualı müzakirə edilməlidir. Burada həqiqət ortaya çıxmalıdır. AMEA-nın hazırkı vəziyyəti heç kimi qane edə bilməz. Akademiyada idarəçiliyin sakit həyata keçirildiyini, elmimizin ən yüksək halda təmsil olunduğunu görsək, o zaman AMEA-nın fəaliyyəti bizi qane edər. Burada ağıllı islahatlar aparmaq lazımdır. Daha genişmiqyaslı müzakirələr aparılmalı və AMEA bundan yeni bir məğlubiyyətlə çıxmamalıdır”./konkret.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password