Rusiyalı sülhməramlılara xəbərdarlıq edildi: cavab “bir də təkrarlanmayacaq” oldu
Azərbaycana məxsus yük maşınlarının rus sülhməramlı kontingenti ilə yanaşı Qarabağda separatçıların polis uniformasını geyinən bir şəxs tərəfindən də yoxlanılması videosu haqlı narazılıq yaratmışdı.
Rusiya Müdafiə Nazirliyinin rəsmi internet saytında yerləşdirilmiş videoda görünür ki, üzərində Azərbaycan telefon nömrələri və latın hərfləri ilə “Qarabağ” sözü yazılmış bir yük maşını saxlanaraq yoxlanılırdı.
Yoxlamada sülhməramlılara məxsus formada olan iki nəfərlə yanaşı əynində Qarabağdakı separatçılara məxsus polis geyimi olan bir kişi də iştirak edir. Yoxlanmış yük maşınının aid olduğu yerli şirkətlərdən biri baş verənləri təsdiqləyib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, video Azərbaycana məxsus 20-yə yaxın yük maşınının daxil olduğu iki kortejin Suqovuşan-Qızqala-Vəng istiqamətində və əksinə hərəkəti zamanı çəkilib. Videoda yoxlandığı görünən yük maşınının məxsus olduğu “Qarabağ” yükdaşıma şirkətinin rəhbəri Şövqi Həsənov BBC News Azərbaycancaya müsahibəsində hadisəni təsdiqləmişdi. “Maşını Suqovuşandan Kəlbəcərə və əksinə istiqamətdə özüm idarə etdim. Suqovuşanı keçdikdən sonra orda ermənilərin də postu var. Ruslar bizə yaxınlaşıb dedi ki, onları maşının kabininə baxmağa qoymayın, amma yük yerini açın baxsınlar,” – Şövqi Həsənov qeyd edib. Humanitar yüklərin daşınmasını həyata keçirdiklərini deyən Şövqi Həsənov Qarabağdakı “erməni polislərin” maşınların yük yerinə baxdığını deyib. O qeyd edib ki, ənənəvi olaraq gedib-gəldikləri Murov yolu qarla örtüldüyünə görə bu yoldan istifadə ediblər.
Daha əvvəl Şuşaya da yük apardığını bildirən Şövqi Həsənov deyir ki, Xankəndi yolu ilə gedib-gəldiyi zaman rus postları ilə yanaşı, müxtəlif erməni postlarından da keçirdilər. Şirkət rəhbəri vurğulayıb ki, Xankəndidən keçməklə Şuşaya getdikləri zaman heç vaxt “erməni polislər” maşınlara baxış keçirməyiblər. “Amma bu Kəlbəcər yolunda nə məsələdirsə, maşına baxış keçirirlər. Mən orda ruslara dedim ki, bəs niyə bunlara icazə verirsən maşına baxsın. Erməninin nə maddi marağındadır ki, biz nə aparırıq, nə gətiririk? Dedi, yuxarıdan tapşırıq belədir ki, yük yerlərinə onlar da baxmalıdır. Gedəndə də açdırıb baxdılar, gələndə də,” – Şövqi Həsənov deyib. O əlavə edib ki, onunla birlikdə Kəlbəcərə yük aparan digər sürücülər “erməni polislərin” əvvəllər bu marşrut üzrə yük maşınlarına baxış keçirmədiklərini deyiblər. “Sürücülər mənə dedilər ki, son 1-2 aydır ermənilər də Azərbaycan maşınlarına baxış keçirir,” – yükdaşıma şirkətinin nümayəndəsi bildirib. Şövqi Həsənov onu da qeyd edib ki, “erməni polislər” yüklərə baxsa da, hərəkətdə olan yük maşınlarını yalnız rus sülhməramlılarına məxsus hərbi avtomobillər müşayiət edir. Məsələ ilə bağlı Azərbaycan və Rusiya Müdafiə Nazirliklərindən reaksiya almaq mümkün olmayıb.
Azərbaycanın rəsmi qurumları olayla böağlı araşdırma aparıb.
İndiyədək dəfələrlə Azərbaycana məxsus yük maşınları Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdən keçməklə, digər bölgələrə səfər ediblər. Belə bir hadisənin baş verməsi təbii ki, yolverilməzdir
Rusiya Müdafiə Nazirliyi bildirib ki, Dağlıq Qarabağ ərazisi ilə hərəkət edən Azərbaycan yük maşınları tikinti materialları və ərzaq daşıyıblar.
Bu gün aldığımız məlumata görə, Azərbaycana məxsus yük maşınlarının yoxlanmasında erməni separatçıların da iştirrak etməsi ilə bağlı olaraq Rusiyanın ərazimizdə müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin rəhbərliyinə xəbərdarlıq olunub.
Azərbaycanın narahatlığını və etirazını anladığını bəlirləyən sülhməramlı qüvvələrin komandanlığı isə belə halların təkrarlanmayacağını bildirib./milli.az