Macarıstandan Ukraynaya maneə – MÜHÜM DETALLAR
Macarıstan Ukraynanın NATO-nun kibermərkəzində iştirakını əngəlləyib.
Bu barədə “European Pravda” nəşri öz mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, Macarıstan Ukraynanın NATO-nun Birgə Kiber Müdafiə Mükəmməllik Mərkəzinə qoşulmasına mane olub.
Bundan əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçüsü Oleksiy Danilov bildirmişdi ki, alyans ölkələrindən biri Ukraynanın bu qurumda iştirakına qarşıdır.
“European Pravda”nın məlumatına görə, Ukraynanın müraciətinə baxılması proseduru 2021-ci ilin oktyabrında başlayıb. Ölkə 2022-ci il yanvarın 1-dən Mərkəzə üzv olmalı idi, lakin Macarıstan ərizəni bloklayıb. Nəşrin mənbəsi vurğulayıb ki, NATO qaydaları Ukraynanın müraciətinə yenidən baxmağa imkan verir, bu vaxta qədər Mərkəzin digər üzvü olan ölkələr Budapeştin qərarına təsir göstərə bilər.
Mənbə onu da aydınlaşdırıb ki, bu halda Ukrayna 2022-ci ilin ikinci yarısından tez olmayaraq quruma qoşula biləcək, çünki yeni ölkələrin daxil olması ilə bağlı qərar ildə iki dəfə qəbul edilir.
Qeyd edək ki, NATO Kiber Mərkəzi Alyansın kibertəhlükəsizlik məsələləri ilə məşğul olur və 2008-ci ildə Estoniyanın təşəbbüsü ilə yaradılıb. Mərkəzin qərargahı Tallinndədir. Hazırda qurumda 20 ölkə – 17 NATO üzvü və üç tərəfdaş ölkə iştirak edir.
Macarıstan nümayəndələri daha əvvəl bəyan etmişdilər ki, ölkə Ukraynadakı etnik macarların vəziyyətindən narazıdır. Həmçinin 2017-ci ildə Ukraynada təhsil qanununun qəbulundan sonra Macarıstan Ukraynanın NATO-ya daxil olması prosedurunu əngəlləyəcəyini açıqlayıb./konkret.az