“Bu biabırçılığın qarşısı alınmalıdır” – “Sülhməramlıların yoxlamasından imtina edilməlidir”
Suqovuşan-Kəlbəcər istiqamətində hərəkət edən Azərbaycan avtomobillərini Rusiya sülhməramlıları ilə yanaşı polis uniformasında olan erməni separatçısının yoxlaması diqqəti çəkib.
Rusiya Müdafiə Nazirliyinin yaydığı videoda sülhməramlıların Azərbaycana məxsus avtomaşın karvanını müşaiyət etdiyi görünür. Rəsmi açıqlama deyilir ki, sülhməramlılar Suqovuşan-Vəng marşrutu üzrə gedən 20 yük maşınını aparıblar.
Videokadrlarda qəribə məqam diqqəti çəkir: Avtomobilləri Rusiya sülhməramlıları ilə bərabər polis uniforması geyinmiş erməni separatçısı da yoxlayır. Müdafiə Nazirliyinin açıqlamasında “hərbi polis”in də adı keçir. Amma bu polis uniformasında olanlar kimi təmsil edir? Hansı sazişlə orada dururlar?
Hərbi ekspert Ədalət Verdiyev bildirir ki, Azərbaycan bununla bağlı tədbir görməlidir.
“Seperatçı rejimə xidmət edən terrorçuların rus alçaqların tumanı altında Azərbaycan ərazisində vətəndaşımıza məxsus maşınları yoxlaması qəbuledilməzdir. Bu biabırçılığın qarşını almaq üçün müvafiq güc strukturları ən sərt tədbirlər görməlidir”-ekspert qeyd edib.
Politoloq Fərhad Məmmədov da bildirir ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində bizə məxsus avtomobillərin sülhməramlılarla yanaşı Qarabağ ermənilərinin qanunsuz quldur dəstəsinin nümayəndəsi tərəfindən yoxlanılması yolverilməzdir.
“Bu, Rusiya sülhməramlılarının hələ də mandatının olmamasının nəticəsidir. Mandatın təsdiq edilməməsi həm Azərbaycana, həm də sülhməramlılara qarşı problemlər yaradır. Məsələ indi bizim əleyhimizədir, sabah ərazidə bir “traktorçu” və ya “santexnik” öldürüləndə ermənilər heç nə edə bilməyəcəklər və onlar sülhməramlılardan ciddi narazı qalacaqlar. İrəvan bildirir ki, Rusiya sülhməramlıların mandatı ilə bağlı sənədi Azərbaycana və Ermənistana təklif edir. Bakı İrəvanın imzasına qarşıdır və burada tamamilə haqlıdır, çünki öz ərazisində Ermənistana müstəsna hüquqlar verə bilməz. Qeyri-müəyyənlik şəraitində çox şey operativ, işlək vəziyyətdə həll olunur. Əgər belədirsə, onda sürücülərə və onları müşayiət edən Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrinə sülhməramlılar tərəfindən yoxlamadan imtina etmək tapşırılmalıdır. Mandatın olmaması Qarabağ ermənilərinin həbs edilməsi üçün istifadə edilməlidir” – deyə, Fərhad Məmmədov bildirib./azpolitika.info